Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır - VƏKİL

Azərbaycanın Beynəlxalq Məhkəməyə müraciətində əsas diqqət Ermənistanın 30 illik etnik təmizləmə və mədəniyyəti məhvetmə kampaniyasına aiddir. Buraya həm azərbaycanlıların zorla kollektiv şəkildə qovulması, daimi yaşayış yerlərindən köçürülməsi, həm də onların geri qayıtmasının qarşısını almaq üçün sonrakı tədbirlər daxildir. SİA xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın hüquq müdafiə heyətinin üzvü, hüquqşünas Von Lou (Vaughan Lowe) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Azərbaycan Ermənistanın 30 illik kampaniyanın çoxsaylı elementlərindən biri kimi əvvəllər işğal olunmuş ərazilərdə mina və mina tələləri quraşdırmasını, eləcə də ətraf mühitə ziyan vurulması, təbii ehtiyatların məhv və talan edilməsini sübut kimi təqdim edib. Bu, Azərbaycanın 8 dekabr 2020-ci il tarixli məktubunda, Azərbaycanın 2021-ci ilin sentyabrında məhkəməyə təqdimatında, Azərbaycanın 2023-cü ilin yanvarında təqdim etdiyi təqdimatda və bu həftə təqdim olunan təqdimatlarda çox aydın şəkildə öz əksini tapıb”, - o vurğulayıb.

Onun sözlərinə görə, birincisi, Azərbaycan əsas götürdüyü faktları, ikincisi bu faktlarda göstərilən hərəkətlərlə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) müddəalarının pozulduğunu açıq şəkildə bəyan edib.

Vəkil əlavə edib ki, Azərbaycan tərəfinin iddiasında Ermənistanın iddia etdiyi kimi, heç bir dəyişiklik yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə