"Rusiya səfəri olduqca əhəmiyyətlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidentinin Rusiyaya səfəri Rusiya-Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinə daxil olduğu dövrə təsadüf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, ona görə də Rusiya səfəri olduqca əhəmiyyətli səfərdir: "Çünki bu gün 2020-ci ildə üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edirlər. Beləliklə, son 200 ildə ilk dəfədir ki, Rusiyanın Azərbaycanda hərbi iştirakı və onun son əlamətləri də ortadan götürülür. Bununla son 200 illik tariximizdə ilk dəfə olaraq Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri üçün yeni imkanlar yaranır. Əslində Azərbaycan Prezidenti Rusiyaya Rusiya-Azərbaycan münasibətlərinin yeni ağ səhifəsini açmaq üçün gedir.

Bu, Rusiya-Azərbaycan münasibətləri tarixində olduğu üçün Azərbaycanın müstəqillik dövrü tarixində də mühüm hadisədir. Rusiya çox böyük ölkədir. Azərbaycanla çox dərin iqtisadi-mədəni, humanitar əlaqələrə malikdir. Belə bir böyük potensiala malik ölkə ilə, üstəlik də qonşu olan ölkə ilə Azərbaycan da münasibətləri, əməkdaşlığı dərinləşdirməkdə olduqca maraqlıdır.

Düşünürəm ki, bu səfər həm də 2022-ci ilin fevralın 22-də strateji, birgə fəaliyyət haqqında Moskva bəyannaməsi imzalamış iki dost və yaxın ölkənin görüşü kimi xarakterizə edilə bilər. Bu kontekstdə hazırda dünyada baş verən mürəkkəb hadisələr fonunda hər iki ölkənin ortaq maraqlarının müzakirə olunacağı mühüm səfər kimi yadda qalacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə