Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Şamaxı rayonunda icra hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirib. SHXÇDX-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının əsas vəzifələrdən biri olduğunu bildirib.

Görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı polkovnik Raqif İsrayılov 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb.

Qeyd edilib ki, belə tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə