"Azərbaycan dünyanın diqqət mərkəzində olan regiondur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan həm iqtisadi, siyasi, həm də coğrafi baxımdan dünyanın diqqət mərkəzində olan regiondur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Azərbaycana coğrafi baxımdan baxsaq, şərqlə qərbi birləşdirəcək dəhlizdir: "Siyasi baxımdan baxsaq, Cənubi Qafqazda aparıcı dövlət olduğuna görə istər Birləşmiş Ştatlar, istər Rusiya, Avropa Birliyi, ümumilikdə Cənubi Qafqaz nüfuzu uğrunda mübarizə aparır və bunun da aparıcı dövləti Azərbaycandır. İqtisadi baxımdan da baxsaq, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlərdən biridir. İstər nəqliyyat infrastrukturunun hərəkəti Azərbaycan üzərindən keçməsi, istər elektron kommunikasiya xətləri olsun, istər enerji daşıyıcıları olsun, bu bölgədə aparıcı dövlət olan Azərbaycandır.

Hesab edirəm ki, Azərbaycan dünyanın diqqət mərkəzində olan regiondur. Kiçik dövlət olsa da, onun siyasi nüfuzu daha böyükdür. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq təşkilatların, aparıcı dövlətlərin diqqət mərkəzinə çevrilib. Həm de-fakto, həm də de-yure öz suverenliyini bərpa etdikdən sonra tam müstəqil siyasət yürüdür. Regionda yeganə dövlətdir ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bu baxımdan Qoşulmama Hərəkatının üzvü olub. Azərbaycan uzun müddətdir ki, Qoşulmama Hərəkatına rəhbərlik edib. Bu təşkilata rəhbərlik etdiyi zaman həm prinsipial mövqe, həm konstruktiv, həm də ədalət baxımından rəhbərlik etdiyi bu təşkilat beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmışdır".

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq təşkilatların diqqət mərkəzində olmaqla yanaşı ona müxtəlif müstəvilərdə təzyiqlər olmuşdur: "Avropa Birliyinin müvafiq strukturları Azərbaycana təzyiqlər edirlər. Ümumilikdə Azərbaycanın demokratiya sahəsində atdığı addımlar bu gün dünya dövlətlərinin diqqət mərkəzinə çevrilib. Hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi və sabitlik, demokratiya baxımdan dəyərlərə cavab verəcək dövlət olduğu üçün bu tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin siyasətinə əsasən Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzində olmasına görə ona qarşı Qərbin qərəzli təzyiqləri var. Hətta Qərbin aparıcı dövləti olan Fransa Azərbaycana qarşı böhtan kompaniyaları aparmaqdadır. Hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xüsusi önəm daşıyır.

Azərbaycan uzun müddətdir ki, ekologiya sahəsində çağırışlarla, təkliflərlə çıxış edir. Bu baxımdan dünyada ekoloji tarazlığın qorunması üçün öz təşəbbüsünü dəfələrlə bildirmişdir. COP29-un məhz Azərbaycanda keçirilməsi Azərbaycanın bu sahədə siyasətini təsdiq edir. Bundan başqa Azərbaycan beynəlxalq aləmdə balanslaşdırıcı siyasət həyata keçirdiyi üçün, müəyyən dairələrin siyasi təsir dairəsində olmadığı üçün bu təşkilatın Azərbaycanda keçirilməsi də önəmlidir. Azərbaycan bütün fəaliyyətini və COP29 tədbirinin rəhbərliyini BMT-nin müvafiq strukturları ilə birlikdə əməkdaşlıq etməklə yanaşı bu tədbiri yüksək səviyyədə keçirəcək ki, Azərbaycan bir daha beynəlxalq aləmdə nüfuz qazansın. Təbiidir ki, Azərbaycana düşmən olan, onun uğruna sevinməyən dövlətlər çalışacaq ki, bu prosesi pozsun. Azərbaycanda stabilliyi pozmaq üçün ayrı-ayrı qurumlardan alət kimi istifadə etməyə çalışacaqlar. Bu proseslərdə Azərbaycan xalqı öz Prezidenti ətrafında birləşəcək. Bu tədbir də digər tədbirlər kimi uğurla nəticələnəcəkdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə