"Problemlərin həlli istiqamətində mühüm addımlar atılacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
“Qlobal ekoloji böhran, iqlim dəyişikliyinin ciddi fəsadlar verməsi dünyanın beyin mərkəzlərini alternativ yollar axtarmağa sövq edir. Ötən əsrin 70-ci illərindən etibarən bərpaolunan enerjidən istifadənin əhəmiyyəti dərk olunmağa başladı. Bərpa olunan enerjinin tətbiqi zamanı qalıq yanacaq materiallarına (neft, qaz, daş kömür) nisbətən atmosferə daha az tullantı atılır. Hazırda dünyada dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına zərurət yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olsa da yaşıl enerji sahələrinin yaradılmasına maraq göstərir: “Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.
Azərbaycan Paris Sazişini də 2016-cı ildə ratifikasiya edib. Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Azərbaycan dünyanın yaşıl enerji sahəsində böyük təcrübə toplamış nəhəng şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində, Naxçıvan MR-da yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tikinti-quruculuq, bərpa işləri ekoloji texnologiyalara əsaslanır. Göründüyü kimi Azərbaycan yaşıl enerjiyə keçid, bərpa olunan enerjisinin təbliği və tətbiqi siyasətində ardıcıldır, səmimidir. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıya salınması da ölkəmizin apardığı işin məntiqi nəticəsidir və bizə olan beynəlxalq etimadın əyani sübutudur.
Azərbaycan indiyə qədər bir neçə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edib. COP-29 - da yalnız ekoloji problemlər müzakirə olunmayacaq. Eyni zamanda problemlərin həlli istiqamətində mühüm addımlar atılacaq. Bu toplantının təcrübə mübadilə üçün də böyük əhəmiyyəti var. COP-29-a onlarla ölkədən minlərlə nümayəndə qatılacaq. Hesab edirəm bu, turizmin inkişafı üçün də əlverişli şərait yaradacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB