"Əhalimiz bu sahədə xüsusi diqqətli olmalıdır" - DEPUTAT FİKİR BİLDİRDİ
“İşğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi sahəsində çalışan ANAMA heyətinə dərin təşəkkürümü bildirirəm. Bu çox gərgin, çətin və təhlükəli işdir. Bizim 44 günlük Vətən müharibəsində qələbə qazanmağımızdan sonra bu günə qədər 350 nəfərdən çox Azərbaycan vətəndaşı mina terroruna məruz qalıb. Onlardan 65 nəfəri həyatını itirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, minadan zərərçəkənlər içərisində mülki vətəndaşlarımız həddindən artıq çoxdur: “Həmçinin ANAMA əməkdaşları və hərbçilərimizdən mina problemindən zərər görüblər.
Bütün bunlar göstərir ki, ermənilər otuz ildən artıq müddət ərzində torpaqlarımızı işğal altında saxlayaraq, ərazilərimizi talamaqla, viran qoymaqla bərabər, həm də minalarla çirkləndiriblər. Sanki torpaqlarımıza milyonlarla mina “əkib” gediblər. Dəfələrlə Azərbaycanın təkidli tələblərinə baxmayaraq, bu sahədəki beynəlxalq qurumlar və Ermənistanın havadarları mina xəritələrinin bizə verilməsi istiqamətində heç bir addım atmırlar. Bir neçə dəfə müəyyən sənədlər verilsə belə, sonradan həmin sənədlərin dəqiqliyinin 25 faizi keçmədiyi məlum oldu. Yəni, ermənilər bir daha saxtakarlıqlarını göstərmiş oldular.
Hesab edirəm ki, biz ərazilərimizin tamamilə minalardan təmizlənməsinə nail olacağıq. Lakin bu çox əziyyətli və vaxt aparan prosesdir. Bu isə əhalinin tez bir zamanda ərazilərinə köçürülməsi prosesini ləngidir. Bu səbəbdən də Azərbaycan bu sahədə çalışan beynəlxalq təşkilatlara müraciət edir ki, terrorçu Ermənistan dövləti minaların xəritələrini versinlər. Həmçinin əhalimiz də bu sahədə xüsusi diqqətli olmalı, edilən xəbərdarlıqlara riayət edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB