Azərbaycandan islam həmrəyliyinə töhfə - TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir"

"Tolerant mühitin, multikultural dəyərlərin məkanına çevrilən Odlar diyarımız xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır. Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Bu gün tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Bütün bunlarla yanaşı, Azərbaycan müsəlman dünyasının birləşməsinə və həmrəylik nümayiş etməsinə töhfələr verir.

İSLAM DÜNYASININ AZƏRBAYCANA GÖSTƏRDİYİ BÖYÜK DƏSTƏYİN TƏZAHÜRÜ

Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbulu zamanı bildirdiyi kimi, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir. Dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirib və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılıb və təhqir olunubdur. Bu gün Şuşaya gələcək hər kəs bu mövcud vəziyyəti bir daha görəcəkdir. Qısa bir zamanda cənnəti xatırladacaq Şuşa nəinki türk, islam dünyasının bütün bəşəriyyətin mədəniyyət paytaxtına çevriləcəkdir. Şuşamızda keçiriləcək tədbirlərdə iştirakçı olacaq hər bir kəs möcüzələr diyarı ilə xoş təəssüratlarla ayrılacaqlar.

İSLAM DİNİNƏ AİD İBADƏT OCAQLARI DAĞIDILDILIB

Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrinin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğulayıb. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini qeyd edib.
30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altında idi. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı. Özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib.

COP29 ÇƏRÇİVƏSİNDƏ DƏ AZƏRBAYCAN DİNLƏRARASI DİALOQUN TƏŞVİQİNƏ DƏSTƏK VERƏCƏK

Cənab Prezident qonağı qəbulu zamanı Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə də diqqəti çəkib. Bunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Bu qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. COP28-də iqlim naminə dini pavilyon təşkil olunduğunu və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd edib ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində "Vicdan çağırışı" adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla əməkdaşlıq şəraitində belə bir tədbiri keçirmək niyyətində olduqlarını bildirib.
Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə də toxunub. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirib. Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunulub, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olunub.
Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir. Dünyanın müxtəlif yerlərində, müxtəlif zəmində toqquşmaların baş verdiyi zamanda, Azərbaycan sülh və həmrəyliyi təbliğ edir. Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini vermiş olur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə