"İkinci Ukrayna ssenarisini həyata keçirmək ehtimalı həqiqəti əks etdirir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Aprelin 5-də Brüsseldə keçiriləcəyi gözlənilən ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransı və bu konfrans çərçivəsində imzalanacağı bildirilən hərbi pakt Birləşmiş Ştatları və Aİ-ni baş verə biləcək istənilən qarşıdurmada təhrikçi mövqedən iştirakçı tərəfə çevirməklə yanaşı, həm də bütün region dövlətlərinə qarşı təhdid hesab oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Deputat bildirib ki, sözügedən fakt sübuta yetirir ki, bu günə qədər Ermənistanın Fransa, Hindistan və digər ölkələr tərəfindən silahlandırılması, rəsmi İrəvanın sülh prosesini əngəlləyən çoxsaylı təxribatlara əl atması, öhdəliklərini yerinə yetirməməsinin arxasında ABŞ və Avropa İttifaqı dayanır və Vaşinqtonla Brüsselin niyyəti Cənubi Qafqazda müxtəlif bəhanələrlə hərbi iştiraklarını təmin etməkdən ibarətdir: "Bütün bunlar bir daha sübuta yetirir ki, Azərbaycanın, artıq uzun müddətdir ki, ABŞ və Avropanın Qafqazda ikinci Ukrayna ssenarisini həyata keçirmək məqsədləri barədə irəli sürdüyü ehtimallar həqiqəti əks etdirir və bütün region dövlətləri, o cümlədən Ermənistanın iştirakçısı olduğu təhlükəli oyunların fərqinə vara bilməyənlər hadisələrin gedişatı barədə ciddi şəkildə düşünməlidirlər.

Ermənistanla ABŞ və Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan hərbi pakt, ilk növbədə Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsi olsa da, uzaq perspektivdə Qərbi və Mərkəzi Asiyanın uzunmüddətli münaqişələrə sürüklənməsinə, bölgənin zəngin enerji resurslarının talanaraq Qərbə daşınmasına, kommunikasiyaların nəzarətə götürülməsinə, nəhəng bir coğrafiyada marionet rejimlərin formalaşmasına xidmət edir".

"Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını və media resurslarını müxtəlif vasitələrlə ələ almağa və nüfuz müvəkkilləri vasitəsilə xalqımızı işğalla barışmağa məcbur etmək istəyən Qərb 44 günlük müharibədən sonra ənənəvi təxribatçı səylərinin nəticə verməyəcəyini görüb və artıq açıq şəkildə ölkəmizə qarşı təxribat ssenarilərini işə salmaq niyyətindədir. 44 günlük müharibədən sonra Azərbaycan ərazilərindəki separatçılar üzərindən həyata keçirmək istədikləri planları Prezident İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində iflasa uğradılan ABŞ və Aİ indi də prosesi hərbi təzyiq müstəvisinə daşımaqla, ölkəmizi də öz iyrənc geosiyasi oyunlarının hədəfinə çevirmək niyyəti güdür. Həyata keçirilməsi planlaşdırılan bi ssenarilərdən belə anlaşılır ki, ABŞ və Avropa ötən əsrin əvvəllərindən Cənubi Qafqazda həyata keçirmək istədikləri “Vudro Vilson planı”nı – qondarma “Böyük Ermənistan” ssenarisini yenidən işə salmaq niyyəti güdürlər. Yaranmış vəziyyət bütün bölgə dövlətlərini bu mənfur plana qarşı birlikdə hərəkət etməyə və artıq açıq müstəvidə və birmənalı mövqe sərgiləməyə vadar edir" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə