Erməni təəssübkeşliyinin TƏHLÜKƏLİ YALTAQLIQ HƏDDİ - TƏHLİL

Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi dünyanın gündəmini məşğul edib. Son günlər bu qorxunc olay barədə müxtəlif fikirlər səsləndirilir. Terrorun təşkilatçıları barədə müxtəlif versiyalar irəli sürülür. Lakin, üstündən günlər keçməsinə baxmayaraq, “Krokus Siti Holl” teraktının kimlər, hansı təşkilatlar, hansı qüvvələr tərəfindən törədildiyi haqda konkret məlumat yoxdur. Bu da hadisə ətrafında sirr pərdəsini getdikcə böyüdür və bir çoxlarının bundan istifadə etməsinə geniş spektrda imkan və şans yaradır.

“Krokus Siti Holl”da dəhşətli terror aktı ilə bəlli oldu ki, Rusiyanın düşmənləri təkcə sərhədlərindən kənarda yox, öz daxilində də var. Əvvəla, ölkə daxilində belə bir terakt hadisəsinin heç bir maneə ilə üzləşmədən törədilməsi, buna maraqlı qüvvələrin olması ortaya çıxardı. Digər tərəfdən də axı Rusiya efirlərinin “ideoloqu” kimi tanınan və eyni zamanda da təqdim edilən Vladimir Solovyov öz təxribatçı fikirləri ilə göstərdi ki, daxildə də onun kimi düşmənlər var və onlar rus xalqını, Rusiyanı qonşu dövlətlərlə xoşagəlməz münasibətlərə sürükləmək istəyirlər. Hər halda, məhz rus xalqı, Rusiya hökuməti də bu barədə düşünməlidir. Çünki belə təxribatçılıq yaxşı heç nə vəd etmir.

Solovyov terror aktında şübhəli bilinən şəxslərin hansınınsa soyadında guya “oğlu” sözünün olduğuna istinad edərək, onun azərbaycanlı olması ehtimalını irəli sürür. O, məhz həmin sözün olduğuna diqqəti cəlb edərək, baş verən teraktla Azərbaycan arasında əlaqələrin olmasına ehyam vurur. Bu, baş verən terrorun “izi” ilə bağlı axtarış məsələlərinə də mənfi təsir edən məqamdır. İstənilən halda, terror aktı ilə bağlı əsil həqiqətlərin üzə çıxmasında həm Rusiya dövləti, həm də rus xalqı maraqlıdır. Belə görünür ki, Solovyov buna mane olmaqla, Rusiyanın özünə qarşı da düzgün olmayan mövqedən çıxış edir və yəqin ki, Kremlin özündə belə bütün bunlar kifayət qədər suallar ortaya çıxarır.

Sözsüz ki, Vladimir Solovyovun “Krokus Siti Holl” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəstliyindən, erməni təəssübkeşliyindən qaynaqlanır. Onu da bilirik ki, “Sputnik” agentliyinin rəhbəri Marqarita Simonyanın da Azərbaycana qarşı informasiya təxribatı apardığı və bu qrupun Rusiya mediasında kök salan erməni lobbisinin sifarişlərini yerinə yetirməsi fonunda Vladimir Solovyovun məlum təxribatçı cəhdlərini, etdiklərini başa düşmək çətin deyil. Amma hələ də başa düşülməyən məqamlar da var və ümid edirik ki, yaxın zamanlarda bunlara bir aydınlıq gətiriləcək.

Əlbəttə ki, Solovyov və Simonyan məhz erməni lobbisinin Azərbaycana qarşı sifarişini yerinə yetirirlərsə və bu cür hallar dayanmadan təkrarlanırsa, ən azından onlara bununla bağlı xəbərdarlıq da olsa edilməli idi. Dövlət səviyyəsində edilməsə də, heç olmasa onları bu vəzifələrə təyin edənlər tərəfindən xəbərdarlıq edilməli idi. Əgər edilməyibsə, deməli, müəmmalı məqamlar kifayət qədər çoxdur. Kreml Azərbaycanı strateji tərəfdaş adlandırdığı halda, Solovyovun və ya onun kimi bir başqasının belə sayıqlamalarına ən azından reaksiya olmalıydı. Reaksiya belə bildirilməyibsə, deməli, ya Kreml mediadakı ruporlarına nəzarət edə bilmir, ya da bunu etmək istəmir və bunun da səbəbinin “yuxarıdan gələn tapşırıq” olacağı istisna edilmir. Bəlkə də tapşırığa əsasən, Azərbaycanın məhz terrorla əlaqəli olduğu media tərəfindən təqdim edilməli imiş deyə, Solovyov çəkinmədən belə bir hədsizlik edərək, “Krokus Siti Holl” terrorunda Azərbaycan izləri axtarır. Amma bununla bağlı konkret fikir də səsləndirmək çətindir.

Yeri gəlmişkən, o da ola bilər ki, Solovyovun “Krokus Siti Holl”dakı terror aktında “azərbaycanlı izi” axtarması onun öz şəxsi ambisiyaları və Azərbaycana qarşı dost olmayan mövqedə olmasından irəli gəlir. Onun Azərbaycana münasibəti bizə çox yaxşı bəllidir. Hətta hər fürsətdən ölkəmiz əleyhinə istifadə etmək cəhdləri də göz önündədir. Bu vaxta qədər ölkəmiz əleyhinə mövqe sərgilədiyi heç kim üçün sirr deyil. Hər imkan düşdüyündə ermənilərə yaltaqlanmaq üçün, erməni lobbisinin, erməni şəbəkəsinin dəyirmanına su tökmək üçün min bir oyundan çıxan Solovyovi indi tanımırıq, bizə bu ermənipərəst çoxdan tanışdır. Hər dəfə efirdə gedən diskusiyalar, polemikalar zamanı haylar üçün dəridən-qabıqdan çıxdığını çox görmüşük. Hətta həmin polemikalar, diskusiyalar zamanı erməni maraqları naminə qarşı tərəflə mübahisələrə də girdiyinin dəfələrlə şahidi olmuşuq. Məsələ burasındadır ki, indi Solovyovun ermənipərəstliyi və yaltaqlığı təhlükəli nəticələr vəd edir. Çünki bu, iki ölkə arasında, iki qonşu dövlət, qonşu xalq arasında nifaq yarada biləcək bir təhlükəli yaltaqlıq həddidir ki, bunu Solovyov özünə də, təmsil etdiyi xalqa da rəva bilir. Məhz bu baxımdan da rus xalqı onun məhz yaltaqlanmaq naminə nə dərəcədə təhlükəli yollara baş vurduğunu həm yaxşıca araşdırmalı, həm də məhz onun özündən bununla bağlı hesab da sormalıdır.

Bir məqam da diqqətdən yayınan deyil ki, həmin o sözügedən terror hadisəsi zamanı terrorçuların erməni dilində söyüş söydüyü ilə bağlı məlumatlar da yayılıb. Yəni, belə çıxır ki, həmin terror hücumundan ermənilərin iştirakı haqda fikirlər də mövcuddur. Deməli, ermənilər özləri öz adlarının bu məsələdə “hallanmaması” üçün diqqəti yayındırmağa çalışırlar və bu məqamda onların məhz Solovyov kimi ermənipərəsti ortaya atıb onun dilindən Azərbaycanı hədəf seçmək ideyası haylar üçün “göydəndüşmə” bir fürsət hesab olunur. Daha dəqiq desək, çox güman ki, erməni şəbəkəsi bu informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən yayındırmaq məqsədilə Solovyovdan “azərbaycanlıların hədəf göstərilməsini” istəyib. Solovyov da bir marionet kimi əmrə müntəzir olub və Simonyandan da, istənilən ermənidən də betər ermənisifət olduğunu sübut edə bilib. Ələlxüsus da Bakı-Moskva xəttində çatların yaradılması üçün erməni şəbəkəsinin bu fürsətdən istifadə etməsi fonunda Solovyov da öz “xidmətini” göstərib və erməni şəbəkəsinə alət olaraq çıxış etməyi özünə rəva bilib. Bakıda həbsdə olan separatçı David Babayanı efirə çıxardığı üçün Azərbaycandan üzr istəyən Solovyov deyəsən Azərbaycandan növbəti dəfə üzr istəmək həvəsinə düşüb, çünki onun təxribatçı sayıqlamalarına görə üzr istəməsi belə azdır. İndi onun etdikləri yaltaqlıq həddini aşıb keçən məsələdir, çünki çox təhlükəli addımdır. Hər halda, ona lazımı cavab veriməsi, bizim Mətbuat Şurasının bəyanatı Solovyova bir ilk “şapalaq” kimi diqqəti cəlb edir. Bəyanatda onun cəmiyyəti yanlış yönləndirməkdə günahlandırılması hər halda, təkcə özü üçün yox, elə rus xalqı üçün də bir mesaj sayıla bilər. Çünki həqiqətən də cəmiyyəti yanlış istiqamətə yönləndirmək, bunun da ağır nəticələrini nəzərə almamaq, çox təhlükəli bir addımdır ki, Solovyov bu addımı da atdı.

Məsələ burasındadır ki, teraktın azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Holl”da baş verməsini də təsadüf hesab etməyənlər var. Hətta bu məqamdan istifadə edərək, Azərbaycanı hədəf etmək niyyəti də göz önündədir. Azərbaycana qarşı olan qrupların Rusiya daxilində fəallaşması da diqqətdən yayınmır. Teleaparıcı, jurnalist Vladimir Slovyov da bu məqamdan sui-istifadə edərək, Azərbaycana və azərbaycanlılara qarşı nəinki antipatiyasını, nifrətini belə gizlətmir. Beləliklə də, fürsətdən istifadə edərək, utanmadan, həya etmədən hay dəyirmanına su tökmək, terror aktında Azərbaycan izini axtarmaq kimi axmaq bir həvəsə düşüb ki, bəlkə də təhlükəsini hələ də dərk edə bilmir. Sözsüz ki, onun apardığı çirkin kampaniyada erməni barmağının olması artıq isbata ehtiyac duyulmayan bir aksiomdur. Onun şər ortaqları erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyi” hər kəsə yaxşı məlumdur. O da məlumdur ki, bu üçlük hər fürsətdə Azərbaycanı hədəf göstərir və erməni mafiyasının diqtəsi ilə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə çalışır. Bax elə ən təhlükəli məqam da bundan ibarətdir və yəqin ki, Rusiya hökuməti, eləcə də rus qalqı bununla bağlı Solovyovu cəzalandıra bilər.

Erməni lobbisinin sifarişi ilə dövriyyəyə buraxılan bu feyk informasiyaların hansı mənfi nəticələrə səbəb ola biləcəyini dərk etmək çətin deyil. İndi terror aktı ilə bağlı əsil reallığı öyrənmək istəyən Rusiya üçün, rus xalqı üçün Solovyovun yaltaqlıq etmək naminə sayıqlamaları ictimai rəyi çaşdıra bilər və diqqəti həqiqətlərdən də yayındırar. Heç də təəccüblü deyil ki, Solovyovun belə məsələlərə burnunu soxaraq, məsuliyyətsiz fikirlər səsləndirməsi, haylara yedilmək üçün yaltaqlıq etmək naminə başından böyük rəy bildirməsi terror aktı ilə bağlı aparılan istintaqa da təzyiq kimi görünə bilər və “iz azdırmaq” təşəbbüsü kimi qiymətləndirilər. Yəqin ki, bu zaman onun işi heç də yaxşı olmaz və bu dəfə üzr istəməklə canını qurtara bilməz. Çünki, əslində Rusiya dövləti belə iddiaların irəli sürülməsinə daha həssas yanaşmalıdır və Bakı-Moskva münasibətlərinin pozulması məqsədi ilə artıq “neçənci dəfədir” təxribat törədən Solovyova yerini göstərməlidir. Əgər onun yaltaqlıq etməsində təhlükəni düzgün dəyərləndirmiş olsalar, ruslar onu ciddi şəkildə cəzalandırarlar da. Solovyovun özü isə, nə qədər ki, gec deyil, iddialarını geri götürməli və Azərbaycandan bur daha üzr istəməlidir. Onsuz da o buna öyrəncəlidir və bu dəfəki üzr istəmə onun birinci dəfəsi sayılmır. Beləki, 2022-ci ildə Qarabağdakı separatçıları efirinə çıxardığına görə, eləcə də Azərbaycanın suverenliyinə qarşı addım atdığına görə iki dəfə üzr istəyən biri üçün bu dəfə də üzr istəmək bir çətinlik yaratmaz. Amma bir şeyi unutmaq lazım deyil ki, dəfələrlə öz uzr istəmələri ilə yalanlarını ifşa edən Solovyov bu dəfə də özünü ifşa etmətə məhkümdur, çünki əks halda bu yalan, bu təhlükəli yaltaqlıq ona daha baha başa gələ bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə