"Azərbaycan qonşu ölkələrə təhlükə yaradacaq heç bir addım atmayacaq" - EKSPERT BİLDİRDİ

“NATO Baş katibinin Azərbaycana gəlməsi ölkəmizin strateji mövqeyindən xəbər verir. Azərbaycan müstəqil siyasət yeridən dövlətdir. Cənubi Qafqaz NATO üçün strateji istiqamət kimi qəbul olunur. Burada da Azərbaycanın rolu danılmazdır. Çünki Azərbaycan bu regionda inkişaf etmiş ölkələrdən biridir. Düşünürəm ki, səfər çərçivəsində təhlükəsizlik məsələləri də müzakirə olunub. Regionda İran, Rusiya NATO-ya dost olan ölkələr deyil”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Yens Stoltenberqin səfəri çərçivəsində İran və Rusiya faktoru, geosiyasi arenada gedən proseslər müzakirə edilib: “Regiondan orta xətt deyilən logistik xətt keçməsi nəzərdə tutulur. Orta xəttin marağında böyük dövlətlər var, o cümlədən NATO da bu xəttə maraq göstərir. Deyərdim ki, region Türkiyəni nəzərə alsaq NATO ilə həmsərhəddir. Ona görə də Cənubi Qafqaz sərhəd istiqamət kimi maraqlıdır”.

Ekspert bildirib ki, Azərbaycan NATO-nun çoxsaylı proqramlarında iştirak edir: “Azərbaycanın gələcəkdə bu proseslərdə iştirakı ilə bağlı da məsələ müzakirə mövzusudur. Azərbaycanın NATO-ya dost olmayan münasibətləri də pərdəarxası müzakirə mövzusu ola bilər. Azərbaycan prinsip etibarilə qonşu ölkələrə təhlükə yaradacaq heç bir addım atmayacaq və şərait yaratmayacaq. Stolterbenqin səfərini məhz Azərbaycandan başlaması ölkəmizin bu gün geosiyasi arenada tutduğu mövqeyin nəticəsidir. Azərbaycan strateji partnyor kimi çox etibarlı kimi qiymətləndirilir. Azərbaycanda NATO ilə tərəfdaşlıq sahəsində plan üzrə fəaliyyət göstərən tabor var. Həmin taborun standartlara cavab verməsi ilə bağlı xüsusi nümayəndələr gəlir, müəyyən təlimlər keçir, sınaqlar edir”.

Ş.Ramaldanov sonda qeyd edib ki, ab-hava Rusiya-Ukrayna müharibəsində artıq sülhün əldə olunması istiqamətində irəliləyir: “Burada da Azərbaycan rəhbərinin nüfuzundan, Rusiya dövlət başçısı ilə münasibətlərindən istifadə edərək bu məsələdə vasitəçi rolu oynaması ilə bağlı məsələ də müzakirə məsələsi ola bilər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə