"Xankəndidə alovlanan tonqal separatizmin kökünün tamamilə kəsilməsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Artıq Azərbaycanın bütün torpaqlarında üçrəngli bayrağımız qürurla dalğalanır. Dövlətimizin ərazi suverenliyini təmin edən Azərbaycan əsgəri dünyanın qəhrəmanıdır. Bu haqq işimizdə minlərlə şəhidlərimiz oldu. Allah hər birinə rəhmət eləsin! Qazilərimiz sona qədər mübarizə apardılar və istəklərinə çatdılar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

A.İsgəndərov xatırladıb ki, SSRİ dağılan ərəfədə Ermənistan öz havadarlarının köməyindən istifadə edərək nəinki Azərbaycan torpaqlarını işğal etdilər, hətta tarixi, dini abidələrimizi məhv etdilər və bizim tarixi şəhərlərimizdə yeni binaların bünövrəsini qoydular: "Dünən Azərbaycanın dövlət başçısı növbəti dəfə Xankəndi şəhərində olub və Novruz tonqalını alovlandırıb. Prezident İlham Əliyev öz çıxışında bir daha qeyd edib ki, vaxtilə erməni faşist cəlladları Azərbaycanın tarixi şəhəri olan Xankəndini özününküləşdirmək üçün əllərindən gələni ediblər. Amma hansı abidəyə baxsaq, görərik ki, əsası Azərbaycan memarı tərəfindən qoyulub və bizim dövlət büdcəmiz hesabına tikilib. Bu binalar vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən himayə olunub və ərsəyə çatdırılıb. Təəssüf ki, düşmən bu əraziləri işğal etməklə burada 1992-ci ilin Xocalı faciəsini törətmək üçün planların qurulduğu yeni "parlament" binası yaratmışdılar".

Deputat sözlərinə davam edərək bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi ilə düşmən darmadağın edildi: "2023-cü ilin sentyabrında isə bir günlük antiterror tədbirləri nəticəsində separatçı yuva ləğv edildi. Azərbaycan Prezidentinin dili ilə desək, bu meydan artıq "Zəfər meydanı"dır. Bugünkü gündə Xankəndidə yandırılan Novruz tonqalı separatçılığın köklərinə birdəfəlik son qoydu. Təbii ki, dövlət başçısı İlham Əliyev ona da münasibət bildirib ki, əslində XX əsrin 20-ci illərində Sovet Rusiyasının təkidi və tələbi ilə bu ərazi Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırıldı, bütün hakimiyyət ermənilərə verildi. Erməni də bu sərbəstlikdən istifadə edərək Azərbaycana qarşı separatçı qüvvələrin beşiyi kimi fəaliyyət göstərdi. Halbuki bu ərazi tarixi Azərbaycan torpağıdır və ilk növbədə Qarabağ xanı Pənahəli xan, daha sonra isə İbrahimxəlil xan tərəfindən burada yurd yerləri salınıb, təsərrüfatın inkişafı üçün işlər görülüb".

"Amma təəssüflər olsun ki, düşmən Azərbaycanın yalnız torpağını işğal etmədi, xalqımızı ağır qətliamlar törətməklə öz yurdundan didərgin saldı. 1991-1992-ci illərdən sonra Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını geri qaytardı cə düşmənə xalqımızın nəyə qadir olduğunu göstərdi. Yalnız Ermənistan yox, elə onun havadarları da məğlub oldu. Prezident İlham Əliyev onların heç birinin təzyiqinə və təhdidinə görə geri çəkilmədi. Azərbaycan dövlət başçısı öz iradəsi və cəsarəti ilə təkcə düşmənləri mat qoymadı, eyni zamanda ölkəmizə dost-qardaş olan dövlətləri də ruhlandırdı. Hər kəs dərk edəcək ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və biz bu ərazini cənnətə çevirəcəyik",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə