“Azərbaycan öz tarixinin qızıl dövrünü yaşayır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hər gün Azərbaycan mətbuatında işğaldan azad olunan ərazilərdə görülən bərpa-quruculuq işləri haqqında geniş məlumat verilir. Məlum olan odur ki, Azərbaycan dövləti vətəndaşlarının öz dədə-baba torpaqlarına qayıtması üçün maksimum işlər görür. Ermənilərin viran qoyduğu ərazilərdə yeni şəhərlər, kəndlər salınır, kommunikasiyalar bərpa edilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, əhalinin geri qayıtması üçün böyük işlər görülür: “Qısa zamanda artıq beş yaşayış bölgəsində 5000-ə qədər insan yaşayır və ilin sonuna qədər 25 yaşayış məntəqəsində 20 minə qədər insanın yaşayacağı planlaşdırılıb. Bu hər dövlətin gücündə olan məsələ deyil. Amma Azərbaycan dövləti bunu edə bildi.

Cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət Azərbaycanın milli maraqlarına, o cümlədən geri qayıdan əhalinin normal yaşayışının təmin olunması üçün bütün işlər görülür. Yaxın zamanlarda yeni kəndlərə qayıdış olacaq. İşğaldan azad edilmiş ərazilərdə təkcə evlər, sosial obyektlər deyil, məktəblər, xəstəxanalar və həyat üçün zəruri olan digər obyektlər qurulur. Birmənalı şəkildə demək olar ki, işğaldan azad edilmiş torpaqlara əhalinin geri qayıtdığı ərazilərdə həyat qaynayır. Zəngilanın Ağalı kəndinin bir neçə məzunu ötən il ali məktəblərə qəbul oldu. Bundan əlavə dövlət işğaldan azad olunan zonalarda digər vətəndaşların da öz vəsaiti hesabına mənzil tikməsinə şərait yaradır. Birmənalı şəkildə demək olar ki, Azərbaycan öz tarixinin qızıl dövrünü yaşayır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə