Fransa Azərbaycana qarşı açıq şəkildə düşmənçilik edir – DEPUTATIN ŞƏRHİ
“Fransa-Azərbaycan münasibətlərində müşahidə olunan gərginliyin əsasında rəsmi Parisin Ermənistanla Azərbaycan arasında düz 30 ildir davam edən qarşıdurmada tutduğu ədalətsiz, qərəzli mövqedir. Fransa uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verir və bu addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunmamasına çalışır. Bu tendensiya BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumlarında da davam etdirilir, Fransa müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı açıq şəkildə düşmənçilik edir. Bəli, bu addımlarından sonra Parisin bumeranq effekti ilə zərbələr aldığına da şahidlik edirik, həmçinin Fransanın təmsil olunduğu Avropa İttifaqının da nüfuzuna ciddi zərbələr vurulur”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Fransa Cənubi Qafqaz ölkəsi olan Ermənistan üzədindən Azərbaycan və Rusiyaya, o cümlədən Türkiyəyə qarşı proksi savaşını davam etdirir, kiçik ölkələri silahlandırmaqla onları böyük dövlətlərə qarşı müharibəyə hazırlayır: “Cənubi Qafqazda müharibə tərəfləri arasında sülh müqaviləsi müzakirə mərhələsində olsa da Paris İrəvanı yeni müharibəyə hazırlamaq iddiasını ortaya qoyub. Bu ölkəni silahlandırır, hərbi müqavilələr imzalayır, öz hərbçilərini müxtəlif adlar altında Ermənistana göndərir, üstəlik Avropanın başqa ölkələrini də öz oyununa şərik edir. Ermənistanın ərazilərinə heç bir iddiasının olmadığı barədə rəsmi Bakı dəfələrlə çıxış etsə də, Paris millitarist siyasətinə don geyindirmək üçün Azərbaycanın guya müharibəyə hazırlaşdığına dair yalanlar uydurur. Nəticədə, iki ölkə arasında başlanmış sülh danışıqlarının ümumi gedişinə xələl gətirir. İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Fransanın ermənipərəst və qərəzli mövqeyi daha da sərtləşib. Raris Ermənistana öz əyaləti, müstəmləkəsi kimi baxır. Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbə işğalçı ölkənin ağası sayılan, onu münaqişələrə təhrik edən Fransanın isterik hala gətirib. AŞPA-da Azərbaycan nümayəndə heyətimizin mandatının təsdiqlənməməsi üçün parlamentarilərə təzyiqlər edən Fransa ədalətsiz mövqeyini bu gün də davam etdirməkdədir. Avropa İttifaqı reallıqları və siyasi gündəmi izləyir və Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlıq etmək onlar üçün daha maraqlıdır. Fransa isə Avropa İttifaqı ölkələrinə özünün liderliyini təsdiq etmək üçün Azərbaycan kimi etibarlı tərfdaşlara, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə qərəzli şəkildə hücumlar edir. Fransanın və rəsmilərinin qeyri-adekvat addımları onları beynəlxalq aləmdə gülünc vəziyyətə salıb. Azərbaycanın Fransanın qərəzli addımlarına cavabı gözlənildiyi kimi çox sərt oldu. Məhz bu mövqe Parisi bütün dünyada müstəmləkəçi, soyqırımı törədən ölkə kimi ifşa etdi. Azərbaycan bunun davamını da gətirə bilər, əgər Fransa qərəzsiz mövqe sərgiləməsə, hücumlarını dayandırmasa.
A.Hüseynov qeyd edib ki, dahi Azərbaycan şairəsi Natəvanın Evian-le-Bains şəhərindəki parklardan birində ucaldılan abidəsi üzərində fransızların təhqiramiz hərəkətlərə yol verməsinə rəsmi Paris elə rəsmi şəkildə də cavab verməlidir: “Bir xalqın dahi şairəsinə ucaldılan heykəl üzərində həmin təhqiramiz hərəkətlər bir Avropa ölkəsi üçün ancaq rüsvayçılıqdır. Ötən ilin dekabrında abidənin üzərinə boya çəkildikdən sonra şəhər rəhbərliyi onu ağ parça ilə örtdüyünü bilirdik. Amma hadisələr bir daha göstərdi ki, heykəllə bağlı hekayə bununla bitən deyilmiş. Hələ də heykəl üzərində təhqiramiz hərəkətlərə yol verilirsə, buna görə Fransada cəza tədbiri haqqında belə düşünülmürsə, deməli, bu Avropa ölkəsi üçün həmin o təhqiramiz hərəkətlər qəbulediləndir. Deyəsən, anti-Azərbaycan mövqeyi ilə seçilən Fransa Azərbaycana heç bir şəkildə təsir və təzyiq edə bilmədiyindən heykəllə müharibə aparmağı qərarına gəlib. Burada isə irqçilik, türkofob və islamofobiya təzahürlər var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB