""Qoca qitə" haqqında söylənilən ən sərt epiteti yumşaq hesab edirəm" - MÜNASİBƏT BİLDİRİLDİ

""Qoca qitə" haqqında söylənilən ən sərt epiteti yumşaq hesab edirəm" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dünyada cərəyan edən təhlükəli və bəşəriyyəti çətin sınaq qarşısında qoyan hadisələrin fonunda bütün informasiya resursları ilə “ədalət” axtarışına çıxan Avropa və onun fundamental insan hüquq və azadlıqlarını, humanizm prinsiplərini, siyasi əxlaq, şərəf və ləyaqətin də yer aldığı bütün ümumbəşəri dəyərləri alver predmetinə çevirən parlamentariləri, guya Azərbaycanla Ermənistan arasında sülhü təşviq edən, əslində isə, beynəlxalq hüququn norma və prinsiplərini, birgəyaşayışın, siyasi münasibətlərin əsasını təşkil edən etik davranış qaydalarını pozmaqla növbəti dəfə dəfə çoxüzlü mahiyyətlərini ortaya qoydular". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, bu gün, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən, 200 illik qanlı layihəyə, zülmə, istibdada, kütləvi qətllərə, soyqırımına, vandalizmə və daha neçə-neçə dəhşətli cinayətə son verməsindən “qarın ağrısı” keçirən Qərb siyasətçilərinin heç bir ölçüyə sığmayan, sərhəd tanımayan naqisliklərini görəndə, azacıq da olsa təəccüblənirəm: “Bu qədər də olmaz” deyirəm. Amma sən demə olarmış. Səbəbini izah edəcəyəm. İzahdan öncə isə SSRİ-nin süqutundan sonra, çeşidli “institutlar”, “fondlar” və onların tör-töküntüləri vasitəsilə bizə gözümüzün önünə sərgilənən “islahatçı Qərb” anlayışında bəzi hərflərin yerinin səhv düşdüyünü diqqətə çatdırmaq istəyirəm. Qərb islahatçı deyil, ishalatçıdır. Ayaq basdığı, təsir dairəsinə saldığı, sümürdüyü hər yeri “batırmaq”dan başqa heç bir iş bacarmır. Deməli, Avropa Parlamentinin ishalatçı parlamentarilərinin qənaətinə görə, “Azərbaycan insan haqlarını və beynəlxalq hüquq normalarını kobud şəkildə pozub”. Bu sətirləri oxuduğunuz zaman, əgər təklikdəsinizsə, nələr dediyinizi, doğmalarınızın, dostlarınızın, tanışlarınızın, lap elə tanımadığınız adamların əhatəsindəsinizsə, nələr düşündüyünüzü yaxşı bilirəm. Mən də əlifbamızın dost-doğma hərfləriylə sizinlə eyni sözləri keçirirəm düşüncəmdən, amma yaza bilmirəm. Nə deyim, nə yazım ki, ürəyimdən, ürəyinizdən tikan çıxarsın. “Sizin şərəfinizə...” yazacağam, faydası olmayacaq. Çünki olmayan bir şey haqqında danışmağın, yaxud tamamilə yerlə bir olmuş bir dəyəri hədəfə almağın son nəticədə heç bir faydası olmayacaq. Bizim üçün ən ağır, hətta ölümcül təsir gücünə malik olan ifadələrin arxasında gizlənən mətləblər belə əleyhimizə səs verən avroparlamentarilərin bir xeylisi üçün “xoşbəxtliyi”, arzuladıqları, xəyal etdikləri “səhnə”ləri simvolizə edir. Bu səbəbdən, təsadüfən qarşılaşsanız, indi düşüncənizdən, dilinizin ucundan keçən sözləri “qatlayıb” cibinizə qoyun. Real istəyiniz kimi başa düşərlər, özünüzü işə salarsınız".

"30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüzminlərlə azərbaycanlının öz evindən didərgin düşməsinə, onminlərlə günahsız insanın xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin – kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısıyla dəstək verən Avropa Parlamentinin ölkəmizi suçlaması siyasi əxlaqsızlığın, simasızlığın ən son həddidir. Amma yox, son deyil. Şəxsiyyətlərinin qırmızı cizgiləri alt-üst olanların son həddi olmur – iyrənc fantaziyaları kimi.

Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron “Heyf ki, kağız qızarmır” deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür “Qoca Qitə”nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək kimsə qalmayıb.

Gözləri qatı iqrçilik, islamafobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri, nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə nəzər salmaq, münasibət bildirmək istəmirlər. Mənzərə göz qabağındadır. Mən bu qətnamədən sonra qoca qitə haqqında söylənilən ən sərt epiteti belə yumşaq hesab edirəm" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə