Ermənistan dövlətçiliyi üçün KABUS - TƏHLİL

Ermənistan dövlətçiliyi üçün KABUS - TƏHLİL

Tarix təkrarlanır və diqqət etdikdə görürük ki, Ermənistanda məhz 1918-20-ci illərin ssenarisi təkrarlanır və eyni aqibət də gözləniləndir. Ermənistan üçün kabus olacaq acınacaqlı vəziyyət, hətta çox təlatümlü şərait həmin ölkənin qapısı önündədir və rəsmi İrəvan çox çətin bir sınaq astanasındadır. Hər halda Ermənistanın öz tarixinin 100 il əvvəlki hadisələrini təsvir edən səhifələri haylar bir daha gözdən keçirsələr müvafiq nəticə çıxara bilərlər...

İndi erməni cəmiyyəti çox ciddi təhlükə vəd edən bir reallıqla üz-üzə qaldıqlarının fərqində olsalar daha yaxşı olar. Haylar fərqində olsalar ki, Ermənistan hökumətinin dağılması təhlükəsi an məsələsidir, o zaman təhlükəli addımlara, məsuliyyətsiz bəyanatlara rəvac verilməsinin nə demək olduğunu dərk edərlər. Dərk edərlər ki, sərt və ciddi bir dönüş olması, hər şeyin bir anda itirilməsi Ermənistan üçün hər an gözləniləndir. Ələlxüsus da Rusiya ilə münasibətləri durmadan pisləşdirən erməni cəmiyyəti əks təsirlə qarşılaşdığı zaman vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayarkən artıq iş işdən keçmiş sayılacaq. Bu barədə erməni politoloqları da çoxdandır ki, həyəcan təbili çalırlar və görünür həmin təbilin səsi rəsmi İrəvanı yuxudan ayılda bilməyib.

Çoxdandır ki, Kreml hayların məsliyyətsiz davranışlarına ciddi şəkildə kəskin reaksiya vermir. Amma bu o demək deyil ki, onlar nəzarətdən çıxıblar və etdiklərindən də rusların xəbəri yoxdur. Xeyr, heç də elə deyil və İrəvanın atdığı hərhansı addım da, ermənilərin ən xırda davranışları da rusların nəzərindən qətiyyən qaçmır. Moskva heç zaman İrəvan üzərində təsir rıçaqlarını əlindən verməyib və istənilən anda hayların ölkəsini sözün əsl mənasında, qarışdıra bilər. Lakin hələ də şimal qonşular səbr nümayiş etdirirlər və ermənilərin davranışlarını izləməkdə davam edirlər. “Biz Ermənistan Respublikasının rəhbərliyinin Rusiya Federasiyası ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək üçün şüurlu qərar qəbul etməsindən təəssüflənirik”, deyə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib və onun təəssüf hissi barədə qeyd etməsi heç də təsadüfi deyil. Deməli, XİN rəhbəri açıq şəkildə mesaj verib ki, hayların davranışları ruslar üçün təəssüf doğurur. Yəni, heç də normal qəbul edilmədiyi barədə tam diplomatik tərzdə bildirilib. Daha dəqiq desək, bu o deməkdir ki, Ermənistanın məhz Rusiyaya qarşı belə bir mövqe sərgiləməsi ruslar üçün qətiyyən qəbul edilən deyil. Bununla belə, Moskva hələ də gözləmə mövqeyindədir və təmkinini də pozmayıb.

“Rusiya Ermənistanın KTMT-yə üzvlüyün davam etdirilməsi ilə bağlı yekun qərarını gözləyir və artıq qərar verməlidirlər”, deyə bəyan edən Rusiya XİN rəhbəri Sergey Lavrov bununla rəsmi İrəvana daha bir mesaj ünvanlayıb. Həmin mesaj isə hayların son qərarının indi ruslar tərəfindən səbirsizliklə gözlənilməsinə işarədir. Hər halda son qərarın nədən ibarət olmasının məsələyə nə dərəcədə təsir edəcəyini əvvəlcədən də müəyyən etmək çətin deyil. Yəqin ki, ermənilər bu dəfə də ruslara qarşı hədsizlik etmiş olsalar onlara hədlərini qandırmaq üçün Moskva hərəkətə keçə bilər. Ümumiyyətlə, Ermənistanda xaos yaratmaq, ölkəni bir-birinə vurmaq Kreml üçün heç də çətin məsələ sayılmır. Üstəlik, Ukraynada davam edən müharibənin dönüş nöqtəsi ərəfəsində rusların daha bir ölkəni ələ alması istəyi də ola bilər. Cənubi Qafqazda bir əsr bundan əvvəl Ermənistan adında dövləti yaradıb haylara həvalə edən ruslar onların əllərindən geri almağın da yolunu yaxşı bilirlər. Çox güman ki, Ermənistanın KTMT-yə üzvlüyün davam etdirilməsi ilə bağlı yekun qərarını Rusiya gözləyir deyən Lavrov nəyə görə hələlik gözlənildiyini açıq mətnlə bildirib və o əmindir ki, haylar bundan düzgün nəticə çıxara bilərlər. İstənilən halda, qeyd etdiyimiz iki bəyanatın müəllifi sıradan biri yox, Rusiya XİN rəhbəri Lavrovdur və haylar etiraf etməlidirlər ki, həmin bəyanatlar özlüyündə Ermənistan üçün çox təhlükəli təsirləri ehtiva edir.

Sözsüz ki, ən böyük məsuliyyət hazırda erməni baş nazir Nikol Paşinyanın üzərinə düşür. Onun özünə belə xatırlatmaq lazımdır ki, şəxsən ifadə etdiyi həmin o “Ermənistanın KTMT-yə üzvlüyünü dondurduğu” barədə fikirləri, son bəyanatları ilə Ermənistan ətrafında çevrə get-gedə daralır. İndi ruslar elə hesab edirlər ki, Paşinyan Rusiya ilə münasibətləri pisləşdirmək üçün şüurlu şəkildə qərar verib. Belə olan halda Kremlin hədəfi də məhz Nikol Paşinyan özü hesab oluna bilər. Amma təkcə Vovayeviçin cəzalandırılacağını düşünmək də yanlışlıq olardı. Çünki onun öz başına, təkcə qərar qəbul etməsinə də Moskva sadəlövhcəsində inanan deyil. Deməli, hayların birlikdə belə bir qərara sahib çıxmaları, ruslara qarşı mövqe sərgiləmələri ilə bağlı reallıq Rusiya üçün çoxdan qəbul olunub və cəzalandırdıqları zaman təkcə Paşinyanı deyil, bütövlükdə Ermənistanı cəzalandıracaqları da təkzib edilə bilməz. Yəqin ki, Ermənistan hakimiyyətini öz içindən parçalamaq üçün Moskvanın əlində olan rıçaq qısa zaman kəsiyində öz təsirini göstərəcək və ermənilərə lazımi bir dərs veriləcəyini özləri də yaxşı bilirlər. Əks halda, bəzi erməni siyasətçilər Rusiya ilə münasibətlərin bu şəkildə körlanmasına görə narahatlıqlarını açıq şəkildə ifadə etməzdilər.

Doğrdur, Ermənistan Qərbə, Avropaya çox sığınır, çox güvənir və haylar elə hesab edirlər ki, avropalılar onların qolundan tutub işıqlı gələcəyə aparmağa bir növ borcludurlar. Amma dərk edə bilmirlər ki, bugünkü Ermənistanın qlobal və hətta regional proseslərdə rolu sıfır səviyyəsindədir. Başa düşə bilmirlər ki, heç bir dünya ölkəsi, yaxud, heç bir beynəlxalq təşkilat Ermənistana qətiyyən ehtiyac da duymur, özünü də borcl hesab etmir. Deməli, erməni baş nazir Nikol Paşinyanın Qərbə və Avropaya sığınmağı, özü də bunu nümayişkəranə şəkildə etməyi, bütün bunların fonunda da Rusiyaya qarşı məlum anti-Rusiya mövqeyi Ermənistanı gərgin geosiyasi rəqabətdə çəkişmə meydanına çevirmək bahasına mütləq haylara başa gələcək.

Qərb yenə də Paşinyanı əlində alət olaraq oynadır. Onu Rusiya əleyhinə bəyanatlar səsləndirməyə sövq edən, həvəsləndirən Qərbi onun və hakimiyyətinin taleyi ilə bağlı heç nə düşündürmür. Daha dəqiq desək, Qərb üçün, Avropa üçün beli çantalı nümayişçinin də, onun hökumətinin də taleyi qətiyyən maraqlı deyil. Ümumiyyətlə, nəticənin necə olacağı, nə ilə bitəcəyi Qərbi qətiyyən maraqlandırmır. Maraqlı olan nəticə yox, prosesin özüdür. Məhz prosesin özündə də Qərb üçün maraqlı məqam Rusiyanı zəiflətmək, meydanda sıxışdırmaqdan ibarətdir ki, rəsmi İrəvan bunun üçün özünü alət etməkdə davam edir. Rusiya tərəfi isə bütün bunları çox yaxşıca, özü də diqqətlə müşahidə edir. Hər halda, Lavrov öz bəyanatı zamanı, “Ermənistan rəhbərliyinin şüurlu qərarı” ifadəsini işlədərkən lazımi ehyam vurmuş olub. Bu o deməkdir ki, Moskva artıq Ermənistana manevr şansı vermir. Həmçinin bildirilir ki, Paşinyanın “tarixi” qərarını sürətləndirməyin vaxtıdır və bəsdir naz ilə oynanıldığı. Çox güman ki, Rusiya bilərəkdən məsuliyyəti “Ermənistan rəhbərliyinin şüurlu qərarı” üzərindən Paşinyan hakimiyyətinə yönəldir və bunun nə demək olduğunu yəqin ki, Ermənistanın hazırki hakimiyyət komandası anlamış olar. Anlamış olar ki, belə bir hal çox ciddi nəticələr vəd edir və həmin nəticələr Ermənistan dövləti üçün heç də nikbin proqnozlar vəd etmir.

Heç də təsadüfi deyil ki, Avropanın ən sayseçmə siyasətçiləri belə Ermənistanın hansı halla qarşılaşa biləcəyi barədə xəbərdarlıqlar edirlər. Bu xəbərdarlıqların ardınca da rəsmi İrəvana tövsiyyələr belə edilir. Məsələn, Avropa İttifaqı nümayəndəsi Toivo Klaar açıq şəkildə Ermənistanın təhlükəsizlik zəmanəti alması üçün Nikol Paşinyanın məhz kimin qapısını döyməli olduğu barədə öz təklifini edib. Yəqin ki, Türkiyənin söz sahibi olmasını onun təklifinin ardınca Ermənistan tərəfi layiqincə qiymətləndirsə, daha yaxşı olar. Hər halda, tarixin təkrarlanması fonunda Moskva və Ankaranın 1921-ci il müqavilələrinə yeni regional tarazlıq kontekstində yenidən baxacağı təqdirdə bunun nə demək olduğunu haylar vaxtında, zamanında dərk etsələr onlar üçün pis olmaz. Ümumiyyətlə, Rusiya tamamilə fərqli bir mövqe, hələ də bəlli olmayan bir ssenari ortaya qoyacağı təqdirdə Ermənistan dövlətçiliyinin taleyinin necə olacağı məsələsi sual altında qala bilər. Daha dəqiq desək, ruslar bir zamanlar hayların dövlət qurması üçün səy göstərdikləri kimi, indi də bunun əksi yönündə hərəkət etmiş olsalar haylar kabusla qarşılaşmalı olacaqlar. Moskva üçün Ermənistanı daxildən parçalamaq heç də çətin deyil və hələ də özünə yer eləmək istəyən Qərb və Avropa ayılana qədər ruslar İrəvanı bircə həmləyə ələ ala və ən azından öz idarəçiliyi altında saxlaya bilərlər ki, bu da indiyə qədər suverenliyindən məhrum olan hayların bu dəfə tamamilə dövlətçilikdən məhrum olmaları deməkdir. Yəqin ki, tarixin arxivinə düşəcəkləri barədə kabusun onları indidən izlədiyinin fərqində olanların həyəcan təbilinin səsini Nikol Paşinyan da, onun hakimiyyət komandası da zamanında duysa, hansısa ölkələrin, qüvvələrin marioneti, aləti olmaqdansa doğru addım atmaq üçün səy göstərərlər...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə