Fransa ilə Almaniya arasında ZİDDİYYƏTLƏR ARTIR - TƏHLİL

Fransa ilə Almaniya arasında ZİDDİYYƏTLƏR ARTIR - TƏHLİL

Son zamanlar iki Avropa dövləti arasında münasibətlərin kəskinləşməsi heç də diqqətdən yayınmır. Almaniya və Fransa arasında münasibətlər o həddə kəskinləşib ki, Paris və Berlin arasındakı ziddiyyətlər barədə xəbərlər medianın da gündəmini zəbt etməkdədir. Tərəflərin mövqeləri bir sıra məsələlərdə o qədər fərqlidir ki, artıq siyasətçilər bir-birinin ünvanına getdikcə daha çox tənqidə yol verirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, artıq Fransa ilə Almaniya arasında münasibətlər bir növ böhran içindədir. Sözsüz ki, bu şəkildə davam edən münasibətlərin nəticələrinin necə ola biləcəyi düşündürücüdür.

Berlin və Paris arasında vəziyyətin kəskin dərəcədə dəyişməsi barədə mediada da kifayət qədər məlumatların olması məsələnin ciddiyyətindən xəbər verir. Belə görünür ki, indi ən təəccüblü və rezonans doğuran məqam Avropa İttifaqı və NATO-nun Rusiya-Ukrayna müharibəsi ilə bağlı strategiyası ətrafında ictimai mübahisələrdir. Fevralın sonunda Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı dünya ictimaiyyətini və müttəfiqlərinin əksəriyyətini heyrətə gətirdi. “Heç nəyi istisna etmək olmaz”, deyən Fransa prezidenti NATO ölkələrinin hərbi qulluqçularının Ukrayna ərazisindəki hərbi əməliyyatlarda birbaşa iştirakının perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib. O, əlavə edib ki, “məqsədimizə çatmağa kömək edən hər hansı bir tədbir variantı mümkündür”. Bu sözlər Kiyevə gələcək dəstək variantlarının müzakirə olunduğu Paris konfransının yekunlarından sonra səsləndirilib və məlum olur ki, Qərb kadrlarının göndərilməsi variantı həqiqətən də müzakirə edilib və bu, hətta Parisin özü tərəfindən irəli sürülüb. Lakin müzakirəyə qatılanların əksəriyyəti bunun ciddi şəkildə müzakirə edilməsinə qarşı çıxıblar və sözsüz ki, Fransa prezidentinə bu məsələ ilə bağlı hər hansı açıq bəyanat vermək səlahiyyətini həvalə etməyiblər. Onun istənilən variantın sınaqdan keçirilməsi ilə bağlı fikrinə kəskin mənfi reaksiya verilib. Ona görə də Makronun görüşün yekunu üzrə mətbuat konfransında dediyi sözlər iştirakçıların özləri arasında bir növ, təəccüb doğurub.

Ukrayna torpaqlarında Aİ və NATO ölkələrindən hərbçilərin olmayacağını Almaniya kansleri Olaf Şolzun sərt şəkildə vurğulaması heç də təsadüfi deyildi. Heç vitse-kansler Robert Habeckin Fransaya bu cür bəyanatlar vermək əvəzinə səylərini Ukraynaya öz silah tədarükünü artırmağa yönəltməyi tövsiyə etməsi də sıradan bir təklif sayılmır, ironik ifadədir və bu, sərt tənqidi yanaşmanın, eləcə də fərqli mövqeyin təzahürüdür. Sözsüz ki, Macronun da, öz növbəsində, Almaniyanın qətiyyətsizliyini ələ salması adekvat reaksiya və qarşı tərəfdən, rəsmi Berlindən gələn tənqidlərə cavab sayılır. “Bu gün heç vaxt, heç zaman deyən insanlar, iki il əvvəl heç vaxt tank, heç vaxt təyyarə, heç vaxt uzun mənzilli raketlər olmayacağını söyləyən insanlardır”, - deyən Makron, həmçinin Almaniya rəhbərliyinin Kiyevə yardımı “yataq çantaları və dəbilqə” ilə məhdudlaşdırmaq barədə ilkin planları haqda da xatırlatma edib. Bir sözlə, Makronda da öz adekvat reaksiyası fonunda dinc oturmayıb və bu da ziddiyyətlərin kəskinləşməsinə rəvac verib.

Ukraynanı qorumaq məsələsində Makronun avropalıları “qorxaq olmamağa” çağırmasından sonra bu mövzu daha da genişlənməyə başlayıb. Hətta yazışmaların kəskin xarakter alması belə münasibətlərdə bir qədər ziddiyyətli vəziyyət yaradıb. Xüsusən də Almaniyanın müdafiə naziri Boris Pistoriusun ona dərhal cavab verməsi ilə ziddiyyətlər bir qədər də artıb. Beləki, Boris Pistorius bildirib ki, Ukraynaya qoşun göndərmək və “az-çox cəsarətə ehtiyac” barədə danışmaq mənasızdır. “Bu, əslində Ukraynaya dəstək verməklə bağlı problemlərin həllinə heç bir şəkildə kömək etmir”, - deyən Almaniyanın müdafiə naziri Emannuel Makronun fikirlərini nəinki tənqid edib, həmin fikirlərin cəfəngiyyat olduğunu bəyan edib. Sözsüz ki, Avropa Birliyinin iki əsas paytaxtı, Berlin və Paris arasında belə anlaşılmazlığın kökü təkcə Ukrayna məsələsindən qaynaqlanmır. Başqa səbəblərin olduğu da özünü göstərir. Beləki, hazırda vahid Avropanın demək olar ki, əsas gündəliyinə çevrilən Aİ hərbi-sənaye kompleksinin inkişafı ilə bağlı Berlin və Paris müxtəlif mövqelərdən çıxış edirlər. Avropa Komissiyasının bu həftə təqdim etdiyi Avropa hərbi-sənaye kompleksinə dəstək planına Aİ-nin müdafiə istiqrazlarının buraxılması ilə bağlı əvvəlcədən elan edilmiş ideyanın daxil olmaması bu məqamda diqqəti cəlb etməyə bilməz. Yəqin ki, bəzi digər üzv dövlətlərlə birlikdə ideyanı dəstəkləyən Fransa ilə ona qarşı çıxan Almaniya arasındakı fikir ayrılıqları da nəzərdən yayınan deyil.

Avropa Birliyi daxilindəki Berlin və Paris arasında müşahidə edilən artan iddiaların Fransa və Almaniyanın hüdudlarından kənarda da mənfi nəticələrə səbəb olması ilə bağlı narahatlıqlar artmaqdadır. “Şolz və Makron Qərbi parçalayır”, deyə Avropa Xalq Partiyasının rəhbəri Manfred Veberin bildirməsi bir daha təsdiq edir ki, artan ziddiyyətlərdən narahatdırlar. Düzdür, Fransa və Almaniya arasındakı fikir ayrılıqları artıq ənənəvi xarakter alıb. Amma, bununla belə, etiraf edilir ki, Paris və Berlin arasında müşahidə olunan gərginlik unikal və ya tarixi normaya uyğun gəlməyən bir həddədir artıq. Belə bir hədd isə indi ümumavropa sarsıntılarına çevrilməkdədir.

Sözsüz ki, iki ölkə arasında, istər müsbət, istərsə də mənfi istiqamətdə münasibətlərin formalaşmasında ölkə liderlərinin öz rolu da olur. Bu gün Fransa ilə Almaniya arasında ziddiyyətlərin tamamilə fərqli səviyyəyə çatdığını və onların münasibətlərində böhranın qaçılmaz olduğu da bu fonda heç də təəccüb doğurmur. Çünki burada şəxsən rəsmi Paris qədər Makronun özündə də günah olduğu görünür. Son illərdə biz Fransanın hazırkı prezidentinin təkcə öz ölkəsinin siyasi mənzərəsini yeniləmək üçün deyil, həm də bir növ yeni “Avropa generalı” olmaq üçün çoxsaylı cəhdlər göstərdiyini görmüşük. Məsələ burasındadır ki, bunu təkcə biz yox, elə avropalılar da görüblər. Emmanuel Makron xüsusi uğurları ilə öyünə bilməsə də, bir çox saysız-hesabsız belə cəhdləri ilə hardasa, öyünə bilər. Məhz elə bu cəhdləri də onun ölkəsi ilə, Fransa ilə Almaniya arasında soyuqluğa təsirsiz ötüşməyib. Ən azından fikir ayrılıqlarının ardınca da ziddiyyətlərin yaranmasına gətirib çıxarıb.

Onsuz da Fransa prezidenti barədə, Emmanuel Makron haqda danışılarkən ilk növbədə onun hansı şəkildə bir siyasətçi olduğu göz önünə gəlir və inanmaq olmur ki, onunla, onun absurd fikirləri ilə kimsə razılaşa bilər. Makronun dəfələrlə yanlış mövqedən çıxış etdiyini, özü də bunu bilə-bilə israrlı şəkildə yanlışlığın arxasınca getdiyini müşahidə etmişik. Biz bunun, 30 il torpaqlarımız işğal altında olduğu dövrdə də, 44 günlük müharibə dönəmində də, bir sutkalıq antiterror tədbirləri ilə torpaqlarımız tamamilə işğaldan azad olunduğu zaman şahidi olmuşuq. Şahidi olmuşuq ki, Fransa prezidenti məhz Ermənistanın işğalçı tərəf olduğunu, əsrin üçdə birinə yaxın müddət ərzində ərazilərimizi işğal altında saxladığını, darmadağın etdiyini, vəhşiliklər törətdiyini bilə-bilə yenə də işğalçının tərəfində dayanıb. Hələ bu azmış kimi, indi Emmanuel Makron işğalçılara silah-sursat və hərbi dəstək vəd edərək, onları hərbi silahların bəziləri ilə təmin edərək, müharibəni, münaqişəni alovlandırmağa çalışır. Bilirik ki, Makron qətiyyən sülh barədə düşünmür və onun etdiklərinin heç biri sülhə hesablanmayıb. İndi məhz bütün bunların fonunda Almaniya kimi bir Avropa ölkəsi liderlərinin Fransa prezidentinə iradlar bildirməsi, bununla da iki ölkə arasında ziddiyyətlərin kəskinləşməsi başadüşüləndir. Çünki Almaniya tərəfi də görür və fərqindədir ki, Makronun çağırışları yalnız müharibə, döyüş çağırışlarıdır. Hər halda, müharibənin olmasını zərrə qədər də olsa istəməyən siyasətçilər, liderlər üçün belə çağırışlar qəbul edilə bilməz. Bu isə o deməkdir ki, Fransa ilə münasibətlərin kəskinləşməsi, ziddiyyətlərin daha da artması hələ budan sonra davam edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə