"Əməkdaşlığın yeni dövrü daha uğurlu olacaq" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Azərbaycan - Qazaxıstan dostluğu və müttəfiqliyi ildən - ilə möhkəmlənir və münasibətlər artıq strateji tərəfdaşlığa çevrilmişdir. Hər iki ölkənin Prezidenti Qasım - Jomart Tokayev və İlham Əliyev dövlətlərin milli maraqlarına, xalqların birliyinə və xoşbəxtliyinə yönəldilən əməkdaşlığın genişləndirilməsinə israrlıdılar”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin səri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, bu münasibətlər tarixi ənənələrə, birgə məqsədə, ali dəyərlərə, ölkələrin inkişafına, sülhün - əminamanlığın təmin olunmasına xidmət edir.
“Qarşılıqlı səfərlərin sayı artdıqca dövlətlər bir - birinə daha da yaxınlaşır, problemlər, vacib olan iqtisadi - siyasi məsələlər öz həllini tapır və yeni layihələrin əsası qoyulur. Cənab İlham Əliyev Prezident Qasım - Jomart Tokayevlə mətbuat bəyanatında səfərlərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son il yarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstanın Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir”.
Əlbəttə ki, bu səfərlərin hər biri böyük əhəmiyyətə malikdir. Görüşdə çox mühüm sənədlər imzalanır, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur, dövlətlərin milli maraqlarına uyğun problemlər iqtisadi - siyasi, mədəni, təhlükəsizlik, regional məsələlər gündəmə gətirilir və həlli yolları araşdırılır. Dövlətimizin rəhbəri öz çıxışında Qazaxıstan Prezidentinin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə ona minnətdarlığını bildirmişdir. Qazaxıstan bütün platformalarda, beynəlxalq tədbirlərdə hər vaxt Azərbaycanın haqlı mövqeyindən çıxış etmişdir. Qarabağ məsələsində dövlətimizin tərəfində olmuşdur. Torpaqlarımız azğın düşməndən azad edildikdən sonra da qardaş dövlət öz dəstəyini əsirgəməmiş, qələbəmizi alqışlayan və müdafiə edən ilk ölkələrdən biri olmuşdur.
İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqızı adına uşaq yaradıcılıq mərkəzinin inşasına dair təşəbbüs də Qazaxıstan Prezidentinindir. Səfər ərzində açılacaq bu mərkəz sözsüz ki, iki dost və qardaş xalqın birliyinin yeni əyani nümunəsi olacaqdır. İki ölkə qarşısında duran məsələlər nəinki səfərlər zamanı beynəlxalq strukturlarda, BMT və Türk Dövlətləri Təşkilatında geniş müzakirə olunur. Çünki Türk Dövlətləri Təşkilatı artıq formalaşmaqdadır və Türk Dövlətlərinin problemlərini qabartmağa, beynəlxalq müstəviyə çıxarmağa qadirdir. Cənab İlham Əliyev mətbuata bəyanatında bunu bir daha qeyd edərək bildirmişdir ki, “bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala malikdir”.
Azərbaycan nəqliyyat - tranzit məsələlərində də Qazaxıstanla həmrəydir. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının nümunəsində bu aydın göründü. Trans - Xəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsi də iki ölkənin inkişafına sanballı töhfəsini verəcəkdir. Azərbaycan Neft - Qaz sahəsində də əməkdaşlığa böyük önəm verir və bu sahədə yeni konkret layihələr artıq müəyyənləşdirilmişdir.
COP 29 iqlim konfransının Azərbaycanda keçirilməsini Qazaxıstan müsbət qarşılayır və bu sahədə əməkdaşlığa hazırdır. Çünki iqlim dəyişikliklərinin törətdiyi fəsadların aradan qaldırılması, Yaşıl enerjiyə keçid hər iki dövlətin xeyrinədir. Hər iki ölkə zəngin təbii ehtiyatlara malikdir. Bu ehtiyatlardan qarşılıqlı münasibətlər zəminində, səmərəli istifadə edilərsə bu sürətli inkişafın təmin edilməsi, xalqların rifah halının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Cənab İlham Əliyev bildirmişdir ki, “Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq”. Bu, əlbəttə, yeni bir tarix, yeni bir qələbədir. Qazaxıstan rəhbəri bu qələbələrdə cənab İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verir və bunu mətbuata verdiyi bəyanatda bir daha ifadə etmişdir: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirir... Həqiqətən son vaxtlar yüksək səviyyədə təmaslar artıb və bu, çox müsbət məqamdır”.
Səfər zamanı Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi, Prezidentlərin mətbuata verdikləri bəyanat və səsləndirilən xoşməramlı fikirlər bundan sonra əlaqələrin daha da genişlənəcəyinə, dövlətlərin inkişafına, xalqların xoşbəxt gələcəyinə bir zəmanətdir. Qazaxıstan Prezidentinin söylədiyi kimi, “Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur”. Qazaxıstan Azərbaycanın etibarlı dostu və müttəfiqidir. Azərbaycanda da bu dostluğa və müttəfiqliyə sadiqdir, Qazaxıstanı özünün strateji tərəfdaşı hesab etməklə, yeni dövrün uğurlarını alqışlayır”, deyə Tahir Rzayev bilirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB