Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur ŞƏRH
Tarixin bütün çağlarında Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.Tarixə nəzər saldıqda Şərqdə ilk dəfə qadına səsvermə hüququnun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində verildiyinin şahidi oluruq. Bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, indiki terminlə desək, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirlər.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüşdür. Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır. Bunun əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, qadınların qurultayındakı çıxışları və Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi fikirlər, inanıram ki, heç bir qadının yaddaşından silinə bilməz. Bu gün Prezidentimiz İlham Əliyev, eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər çox dəyərli və qiymətlidir. Onların Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və onu qiymətləndirir. Bu gün qadınlarımızın səsi dünyanın hər yerində eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı qadınlarımızın çıxışı və onların qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Ümummilli liderin təməlini qoyduğu yol bu gün də davam etdirilməkdədir.
Azərbaycan qadını dedikdə, bu gün nümunə olaraq Mehriban xanım Əliyevanı göstərə bilərik. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır. O, dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan qadını xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir insandır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.
Mehriban xanım Əliyeva ata və ana məhəbbətindən uzaq olub, uşaq evlərinə verilənlərin qayğısına qalan, onları himayəyə götürən, həyat şəraitlərini yaxşılaşdırmaq üçün yerləşdikləri mərkəzləri, evləri təmir və bərpa etdirərək, onlar üçün hər cür şəraitin yaradılmasına çalışmış, həyata keçirdiyi layihələr əsasında azərbaycanlı uşaqların maarifləndirilməsi və sağlam ruhda tərbiyə olunmasına yardımçı olmuşdur. . Bu və ya digər addımlar Azərbaycan qadınının mənəvi dəyərlərini üzə çıxarır, onların böyük ürəyə malik olduğunu göstərir. Azərbaycan qadını ictimai-siyasi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik işlərindən də kənarda qalmayıb, öz üzərinə düşən yükü imkanı daxilində reallaşdırır. Humanizm və xeyriyyəçilik kimi məfhumlar Azərbaycan qadınının mənəvi dəyərlərinin göstəricisidir. Mehriban xanım Əliyevanın gördüyü işlər qadınların fəaliyyətinə bir stimuldur. O, nəinki Azərbaycanın daxilində, eləcə də, onun hüdudlarından çox-çox kənarlarda Azərbaycan qadınının nəyə qadir olduğunu göstərir.
Müasir dövrdə ordu quruculuğunda, ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən Azərbaycan qadını da yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən minlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Vətənin müdafiəsində də fədakarlıq, şücaət göstəriblər. Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan xeyli sayda Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ölkəmizdə qadınların hüquqlarının qorunmasında, gender bərabərliyi sahəsində aparılan işlər, qeyd etmək istərdim ayrıca bir müzakirə mövzusdur.Bu haqda saatlarca danışmaq olar. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq, konvensiyaları, protokolları qəbul etmiş və milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir.Ölkəmiz 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyalarını qəbul etmişdir.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi kimi Azərbaycan da Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Fərman imzalanmış və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz, bu mümkün deyil. Beynəlxalq analitiklər təsdiq edirlər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 faizdən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir. Qeyd edim ki, bu fikir böhranlı vəziyyətlərdə, hələ də davam edən pandemiya dövründə bir daha öz təsdiqini tapdı. Biz COVID-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB