"Azadlıqdan sui-istifadə etməyə imkan verilməyəcək" - RƏYLƏR

"Azadlıqdan sui-istifadə etməyə imkan verilməyəcək" - RƏYLƏR

Tanınmış media eksperti, “Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli ötən günlərdə saxlanılıb. Bundan başqa, III Respublika Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb. Ümumiyyətlə, "Toplum Tv" və Abzas medianın fəaliyyəti artıq hər kəsə məlumdur. SİA bu mətbuat orqanlarının fəaliyyəti barədə fikirlər öyrənib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə: "Qanunlarımıza görə, media orqanları öz maliyyə mənbələrini göstərməli, eyni zamanda gəlir vergisi və sosial müavinət ödəməlidirlər. Sözügedən mətbuat orqanları bunları etməyib. Aydın məsələdir ki, ortada mənbəyi məlum olmayan çirkli pullarla göstərilən fəaliyyət var. Maraqlıdır ki, xaricdən gələn bu pullar Azərbaycana qeyri-qanuni daxil olur və ictimai fikrə təsir etmək üçün müəyyən media mərkəzləri yaradaraq onları nəzarət altında saxlamağa çalışırlar. Bəs xaricdən gələn maliyyə hesabına yaranan media orqanları işğaldan azad olunan ərazilərdə gedən quruculuq işlərindən, dövlətin şəhid ailələri və müharibə iştirakçılarına qayğısından, kommunikasiya xətlərinin dəyişilməsindən, yol çəkilməsindən, yeni aeroportların tikilməsindən, sosial evlərin inşasının geniş vüsət almasından, ipoteka şərtlərinin yumşaldılmasından yazırlar? Göründüyü kimi, bunların heç biri onları maraqlandırmır.

Həmin mətbuat orqanları bir qayda olaraq xaricdən gələn təlimatlara əsasən anti-Azərbaycan əhval-ruhiyyəsinin cəmiyyətimizə yayılmasına çalışırlar: "Onların yaydığı ideyalar xaricdəki erməni diasporu dairələrinin anti-Azərbaycan mərkəzlərinin siyasətinə tamamilə uyğun gəlir. Bu baxımdan saxlanılan şəxslər heç də fəaliyyətlərinə görə deyil, qanunları pozduqlarına görə saxlanılıblar. Bu şəxslər müəmmalı maliyyə, siyasət məsələlərində birbaşa iştirakçı olublar. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının bu sahədə atdığı addımlar qanunidir. Hər kəs bilməlidir ki, azadlıqdan sui-istifadə etməyə, özünü Azərbaycan qanunlarından üstün tutmağa imkan verilməyəcək".

Media eksperti Azər Həsrət: "Əlbəttə, biz istintaq tamamlanmamış, müvafiq dövlət qurumları hansısa qərar verməmiş fəaliyyəti barədə qərar verə bilmərik. Mən təklif edərdim ki, həm cəmiyyət, həm media camiyəsi olaraq, həm də dövlət olaraq bu məsələdə təmkinli davranaq. Xüsusilə də beynəlxalq qurumların bu məsələyə təmkinli yanaşmasını təklif edərdim. Yəni biz arzu etmirik ki, kimsə haqsız yerə həbs edilsin və ya incidilsin. Eyni zamanda, biz kimlərinsə bu və ya digər şəkildə qanunlara hörmətsizlik etməsini, sui-istifadə hallarına yol verməsini də arzu etmərik. Ona görə cəmiyyətimizi indiki şəraitdə təmkinli davranmağa çağırıram. Çalışmalıyıq ki, istintaqın işinə bu və ya digər şəkildə təsir edəcək açıqlamalar verməyək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə