Qərb mediası – təxribat və dezinformasiya aləti - RƏYLƏR

Qərb mediası – təxribat və dezinformasiya aləti - RƏYLƏR

İkili standartların hökm sürdüyü Qərb dairələri Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir. Hələ də ABŞ və Avropanın müəyyən dairələrində anti-Azərbaycan əhval-ruhiyyəsi qalmaqda davam edir. Bu, bir tərəfdən erməni diaspor dairələrinin apardığı uzunmüddətli təbliğatla bağlıdır. Digər tərəfdən isə Qərbdə bəzi dairələr Azərbaycanın müstəqil siyasət həyata keçirməsini qəbul edə bilmir.

SİA olaraq məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikirlərini aldıq.

Deputat bildirib: “Azərbaycan hüquqi və demokratik dövlətdir. Konstitusiyanın vətəndaşlara verdiyi hüquq və azadlıqlar dövlət tərəfindən tam təmin edilir. Hər kəs qanunun qadağan etmədiyi məsələlər üzrə sərbəst şəkildə öz fikrini bildirir. Amma çox təəssüf ki, bundan sui-istifadə edən müəyyən dairələr, o cümlədən mətbuat orqanları da var. Xaricdən mənbəsi məlum olmayan mərkəzlərdən gələn çirkli pullarla Azərbaycan daxilində dövlətçiliyə, milli birliyə qarşı təbliğat aparmağa çalışan müəyyən mətbuat orqanları meydana çıxır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş vergi, gələn pul vəsaitlərinin mənbələrinin göstərilməsi məsələlərindən də qaçmağa çalışırlar.

Aydın məsələdir ki, dövlət belə hallara qarşı təmkinlilik göstərə bilməz. İstənilən fəaliyyət üçün maliyyə mənbələri şəffaf olmalı, vergi vaxtında ödənilməlidir. Buna görə də bəzi mətbuat orqanlarında çalışan vətəndaşlarımıza qarşı atılan addımları düzgün hesab edirəm. Söhbət mətbuata qarşı mübarizədən getmir. Onlardan da kəskin, radikal yazanlar, dövləti, hakimiyyəti tənqid edənlər var. Amma onlar ilk növbədə Azərbaycan qanunvericiliyini gözləyirlər. Hər kəs üçün aydın olmalıdır ki, atdığı addımlar Azərbaycan qanunvericiliyinə uyğun gəlməlidir”.

Baş redaktor Aydın Quliyev isə məsələ ilə bağlı bunları qeyd edib: "Son bir neçə ayda bir sıra media qurumlarının ofislərində yoxlamaların aparılması, müəyyən məsuliyyətə cəlb etmələrin olması konkret elan olunmuş məsələlərlə bağlıdır. Bu hadisələrin hər birinin arxasında qərbin müəyyən institutlarının dəstəkverici qüvvə kimi durduğu ilə bağlı mülahizələr var. Görünür ki, Azərbaycanın hüquq-mühafizə orqanları da irəli sürülən ittihamlarda xaricdən müəyyən dairələrə bağlılığı ehtimalını da nəzərə alırlar. Amma bütün bu məsələlər hələlik araşdırma mərhələsindədir. Bütün ölkə ictimaiyyəti də prosesi maraqla izləyir. Çünki müəyyən beynəlxalq təşkilatlar məsələyə çox həssas yanaşırlar. Hətta bəziləri nəticəni gözləmədən Azərbaycana qarşı ittihamlar yağdırırlar.

Prezident İlham Əliyev Almaniya nümayəndələrini qəbul edərkən bunların bəzilərinə toxundu. Cənab İlham Əliyev Almaniya mətbuatının heçnəyi nəzərə almadan, sonunu gözləmədən Azərbaycana qarşı ittihamlar yağdırmasını qəbul etmədiyini bildirdi. Hər şeyin sonunu gözləmək lazımdır. Yəqin ki, Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmə sistemi mümkün qədər obyektiv həqiqətin ortaya qoyulmasında maraqlı olacaqlar. Çünki bu Azərbaycanla bəzi beynəlxalq təşkilatlar arasında müəyyən qədər gərginlik yaradan həssas bir mövzudur. Amma bu işlərin hər birinin arxasında konkret ittihamlar var. Qaçaqmalçılıq, xaricdən maliyyələşmə, qanunsuz sahibkarlıq fəaliyyəti kimi ittihamlar konkret şəkildə deyilir. Bunların səriştəli dövlət orqanları tərəfindən sona qədər araşdırılmasına ehtiyac var. Bu araşdırma işləri sona yetməmiş Azərbaycanda azad medianın boğulması, jurnalistlərin təqib olunması kimi təbliğat hay-küyləri qaldırmaq düzgün deyil. Təəssüf ki, bəziləri bu taktika ilə hərəkət edir”.

Qeyd edək ki, Toplum TV-nin ofisində əməliyyat aparılıb. Bundan əvvəl də "Abzas Media"da əməliyyat keçirilmiş, bir sıra həbslər olmuşdu.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə