"Yeni dövrdə yeni idarəçilik də vacibdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Yeni dövrdə yeni idarəçilik də vacibdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezident İlham Əliyevin kadr siyasəti dövlət idarəçiliyi sisteminin mühüm tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu siyasətin əsas məqsədi Azərbaycan dövlətinin möhkəmləndirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında, düzgün və keyfiyyətlə yerinə yetirilməsi, xalqa daha yaxın olmaq və xalqa daha keyfiyyətli, səmərəli, səmimi xidmət göstərməkdən ibarətdir: "Cənab Prezident həmişə öz çıxışlarında deyir ki, dövlət məmuru xalqın xidmətçisidir. Dövlət məmurunun əsas vəzifəsi tapşırılan işi ləyaqətlə yerinə yetirmək və Azərbaycan xalqının etimadını qazanmaqdan ibarətdir. Bu ilin yanvarında cənab Prezident yeni dövrün başlandığını elan etdi. Ötən il Azərbaycanın qarşıya qoyduğu ən böyük vəzifələr yerinə yetirilmiş oldu. 2020-ci ildə biz torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ildə isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik. Növbədənkənar prezident seçkilərindən sonra cənab Prezident yeni dövrün əsas istiqamətlərini müəyyən etdi. Bu barədə həm dünya ictimaiyyətinə, həm də Azərbaycan xalqına məlumat verdi.

Yeni dövrdə yeni idarəçilik də vacibdir. Təyin olunan kadrlardan daha böyük məsuliyyət tələb olunur. Dövlət başçısının kadr siyasətində peşəkarlıq yüksək bilik və savad, yüksək mədəniyyət, milli-mənəvi dəyərlərə bağlılıq, mənəvi təmizlik, şəffaflıq, dövlətinə və xalqına sədaqət kimi amillər əsas götürülməklə kadr təyinatı aparılır. Son dövrlərdə isə qoyulan rəhbər vəzifələrə irəli çəkilən bütün kadrlar vaxtilə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xaricdə oxuyan tələbələrin stimullaşdırılması məqsədilə qəbul olunan dövlət proqramı çərçivəsində dünyanın ən aparıcı universitetlərində təhsil almış, Azərbaycanda müəyyən idarəçilik təcrübəsi keçmiş təcrübəli kadrlardan ibarətdir".

"Kadrların seçimi Prezidentin öz səlahiyyətində olan məsələdir. Bu seçimdə həm Yeni Azərbaycan Partiyasında yetişən gənclərdən istifadə olunur, həm də ictimai sektorda, Heydər Əliyev Fondunda və dövlət hakimiyyətinin müəyyən strukturlarında aşağı pillələrdən başlayaraq öz keyfiyyəti, biliyi, bacarığı, qabiliyyəti, peşəkarlığı ilə seçilən kadrlar irəli çəkilir. İdarəçilikdə də o kadrların fəaliyyəti həm ictimai, həm də dövlət nəzarəti çərçivəsində yoxlanılır. Bu etimadı doğrultmayan kadrlar barəsində həmişə ciddi ölçülər götürülür. Məhz bu kadr siyasətinin düzgün qurulmasını son dövrlərdə Qarabağın və Şərqi Zəngəzurun, işğaldan azad edilmiş ərazilərimizin bərpasında yeni kadrların böyük rolunu görürük. Eyni zamanda gənclərin irəli çəkilməsi, onlara daha böyük etimad göstərilməsi də Prezidentin kadr siyasətinin mühüm tərkib hissəsidir. Daha böyük enerji, məsuliyyətlə bizim gənc kadrlara çalışmaq, etimadı doğrultmaq üçün imkan və səlahiyyət verilir. Kadrların qarşısında əsas məqsəd Azərbaycan xalqına və Azərbaycan dövlətinə ləyaqətlə xidmət etmək, qarşıya qoyulan vəzifələri düzgün və keyfiyyətlə yerinə yetirilmək, dövlətimizin qüdrətlənməsi və xalqımızın sosial rifahının təmin olunması sahəsində yorulmadan çalışmaq kimi vəzifələr qoyulur" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə