"Makron Fransanı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əslində, Fransanın müdafiə naziri Sebastyan Lekorn bəyan edib ki, Ermənistanın müdafiə ehtiyacları araşdırılır. İrəvana səfər edən Fransanın Avropa və Xarici İşlər Naziri Ketrin Kolonna Ermənistana silah və sursat yardımı edəcəklərini açıqlamışdı. Bu qərardan sonra Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqına xəbərdarlıq etdi və regionda yeni münaqişə baş verəcəyi təqdirdə Fransanın məsuliyyət daşıyacağını bildirdi. Bütün bu hadisələrdən sonra dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 5-də Qranadada keçirilən Azərbaycan-Ermənistan sülh görüşündə Türkiyənin iştirakının qəbul edilməməsindən sonra Bakının danışıqlarda iştirak etməyəcəyini açıqladı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Parisin İrəvana silah və sursat yardımı edəcəyi faktı Bakı tərəfindən “müharibənin qızışdırılmasına səbəb olan təxribat aksiyası” kimi qiymətləndirilib: "Ölkəsinin İrəvana münasibətinin düzgün və qərəzsiz olduğunu iddia edən Makron isə Azərbaycanla heç bir probleminin olmadığını, Bakının beynəlxalq hüquqla bağlı problemi olduğunu deyərək Bakını günahlandırdı. Bütün bunlar artıq bizim üçün təəccüblü deyil.

Böyük erməni diasporuna malik Fransa illərdir Ermənistana dəstəyini davam etdirir. Nümunə olaraq Fransa liderlərinin dəstəyini xatırlatmaqda fayda var. Bu kontekstdə 2001-ci ildə Fransa prezidenti Jak Şirak qondarma “erməni soyqırımı” qanununu təsdiqləyib. 2011-ci ildə Fransanın o zamankı prezidenti Nikolya Sarkozi Türkiyəni soyqırım iddiaları ilə bağlı “öz tarixi ilə üzləşməyə” çağırmışdı. 2015-ci ildə Fransa prezidenti Fransua Olland qondarma soyqırımın 100-cü ildönümündə Türkiyədən “yeni jest gözlədiyini” bildirmişdi. Fransanın ənənəvi ermənipərəst siyasətini Cənubi Qafqaz problemlərindən aydın görmək olar. Bu dəstəyin son sübutu olaraq qeyd edim ki, Fransa Ermənistanı silahlandırmaq üçün yenidən ortaya atılıb".

Politoloq sözlərinə davam edərək bildirib ki, rəsmi Paris həmsədr olduğu müddətdə Ermənistanın təcavüzünə və işğalçılıq siyasətinə qiymət verməyib: "İndi isə Fransa Ermənistanı dəstəkləməklə yanaşı, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. Vətən müharibəsindən sonra Fransa ard-arda ölkəmizlə bağlı həqiqəti əks etdirməyən, absurd və bütün bəndləri yalanlardan ibarət qətnamələr qəbul edib. Emmanuel Makronun ən çox güvəndiyi Frankofoniya Təşkilatı belə qətnamələrdən birini qərəzli adlandırıb. Nəticə etibarilə, Azərbaycana yönəlik əsassız ittihamlar qətnamədən çıxarılıb. Fransa Azərbaycan və Türkiyəyə düşmən mövqeyində olan Ermənistanı dəstəkləməklə özü də düşmənçiliyini bildirir. Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdırsa, digər səbəbi bu ölkənin əsrlərdən bəri dənizlərdə hegemon olmaq istəyi və bu marağının İngiltərə, ABŞ-la yanaşı, həm də Türkiyə ilə toqquşmasıdır. Beləliklə, Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Fransa XİN-in məlum bəyanatına da bu kontekstdə baxılmalıdır. Beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Makron hökuməti açıq-aşkar ermənipərəst mövqe sərgiləyərək, Fransanı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə