"Hansısa xəbəri yazıb yaymaq informasiya müharibəsi demək deyil" - RƏYLƏR

Azərbaycana qarşı dünyada informasiya müharibəsi aparılır. İnformasiya müharibəsində uğur qazanmaq üçün hansı addımlar atılmalıdır? SİA mövzu ilə bağlı Bakı Dövlət Universitetinin (BDU) "Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri Qulu Məhərrəmli və Jurnalistika fakültəsinin müəllimi Vəfa İsgəndərovanın fikrini öyrənib.

Qulu Məhərrəmli qeyd edib ki, bu gün Azərbaycana qarşı informasiya müharibəsi aparılması faktdır: “Bu cəbhədə qarşımızda təəssüf ki, Fransa kimi böyük media resursları olan dövlət dayanır. Fransa ilə müttəfiq olan dövlətlər də bu müharibədə Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edir. Əlbəttə ki, bu təəssüf doğurur. Mənə elə gəlir ki, bunun qarşısını almağın bir neçə yolu var. Birinci yol Azərbaycana qarşı informasiya müharibəsi aparan həmin media qurumlarının nümayəndələrini ölkəmizə dəvət etməkdir. İkincisi burada müxtəlif forumların keçirilməsidir. Üçüncü yol Azərbaycana çox böyük potensial yaradacaq ekologiya üzrə böyük beynəlxalq tədbirin keçirilməsi zamanı ölkəmizin o fürsətdən ciddi şəkildə bəhrələnməsidir. Burada çox incə bir məsələ var”.

Ekspert bildirib ki, informasiya müharibəsi ilə peşəkarlar məşğul olmalıdır: “Hansısa xəbəri yazıb yaymaq informasiya müharibəsi demək deyil. İnformasiya müharibəsinin özünün texnologiyası, sistemi, mövzu dairəsi, yanaşması, istifadə olunan metodikaları var. Bunların hamısını mütəxəssislər bilirlər. Həmin mütəxəssislərin gücündən istifadə etmək lazımdır. Jurnalistlərin işi ancaq həqiqəti yazmaq, faktlarla gerçəyi işıqlandırmaqdır. Bir çox saytlarımızın ingilis, rus, fransız dilində bölmələri fəaliyyət göstərir. Onların mövzu dairəsini genişləndirmək, dəqiq məlumatlarla təmin etmək və həmin məlumatları dünyaya çatdırmaq lazımdır. Bunların hamısına kompleks şəkildə yanaşdıqda informasiya müharibəsinin qarşısını almaq və müəyyən uğur əldə etmək mümkündür”.

Vəfa İsgəndərovanın sözlərinə görə, müasir dövrdə hibrid müharibələr baş verir: “Bu müharibənin əsas hissəsi informasiya müstəvisində aparılır. Bir çox aparıcı media qurumları bu informasiya müharibələrində çox böyük rol oynayırlar. Hazırda bir çox transmilli media orqanları, digər ölkələrin media subyektləri Azərbaycana qarşı bu müharibədə böyük rol oynayırlar”.

Ekspert sonda vurğulayıb ki, kifayət qədər yüksək səviyyədə hazırlanmış kadr siyasəti aparılmalıdır: “Məhz media platformalarında çalışa biləcək, yüksək biliyə malik, müxtəlif dilləri bilən jurnalistlər yetişdirilməlidir. Həmin jurnalistlərin xarici ölkələrdə çalışması üçün yüksək səviyyədə şərait yaradılmalıdır. Araşdırmalarımız onu göstərir ki, bəzi qonşu ölkələrin millətlərindən olan nümayəndələri xarici media subyektlərində, transmilli media orqanlarında demək olar ki, aktiv iştirak edirlər. Əgər belə demək mümkündürsə həmin transmilli media orqanlarına nüfuz ediblər və orada öz xeyirləri üçün çalışırlar. Buna görə də düşünürəm ki, əsas addımlardan biri həmin media subyektlərinə təsir edə biləcək, dünya siyasətini kifayət qədər yüksək səviyyədə bilən, informasiya müharibəsi apara biləcək kadrlar yetişdirilməlidir.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə