“Türkiyə dünyanın dialoq mərkəzinə çevrilir” - ŞƏRH EDİLDİ

“Türkiyədə keçirilmiş Antalya Diplomatiya Forumu, Davos İqtisadi Forumu və Münxen təhlükəsizlik forumları kimi artıq dünya siyasətində mühüm bir konfrans kimi qiymətləndirilir. Antalya Diplomatik Forumu həmin forumlardan fərqli olaraq konkret olaraq siyasi forumdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, forum sayəsində Türkiyə öz regional liderliyindən artıq beynəlxalq gündəliyə təsir edən dövlət statusu alır: “Bu konfransda, forumda da Türkiyə öz siyasi, iqtisadi və hərbi uğurlarını nümayiş etdirir. Bir növ Türkiyə dünyanın bir platforma, dialoq mərkəzinə çevrilir.

Hesab edirəm ki, bir müddətdən sonra Antalya Diplomatik Forumu həm Davos, həm də Münxen təhlükəsizlik forumunu geridə qoyacaq. Çünki artıq Antalya Diplomatiya Forumuna diqqət də artıb. Bundan əlavə olaraq Türkiyənin Yaxın Şərqdə apardığı siyasi sülhə və təhlükəsizliyə verdiyi töhfə, iqtisadi və hərbi cəhətdən güclənməsi Türkiyənin rolunu daha da qabarıq şəkildə göstərir. Həmçinin Türkiyə dünyaya mesaj verir ki, artıq Türkiyə beynəlxalq siyasi dialoq mərkəzidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə