Anklavlar geri qaytarılır -Analitik+Şərh

Rəsmi Bakının bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsi İrəvanı düşünməyə və geri çəkilməyə vadar edib

Ermənistanın məlum Azərbaycan kəndlərini işğal altında saxlamaq limiti tükənmək üzrədir. Belə ki, rəsmi Bakının bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsi İrəvanı düşünməyə və geri çəkilməyə vadar edib. Daha dəqiq desək, Ermənistan rəhbərliyi yaxşı bilir ki, əgər anklavlar geri qaytarılmazsa, bu, ölkə üçün daha ağır nəticələrə səbəb ola bilər. Məhz bu baxımdan, erməni mətbuatı Azərbaycan kəndlərinin yaxın zamanlarda geri qaytarılacağı barədə yazılarla çıxış edirlər.

Növbəti bənzər məqalə ilə "Hraparak" nəşri çıxış edib.

"Kəndi tərk edin və bir daha geri qayıtmayın..."

"İki döyüşçümüzü polis bölməsinə aparanda dedilər ki, fəaliyyətiniz qanunsuzdur, sizə vaxt veririk, kəndi tərk edin və bir daha geri qayıtmayın".

Bu sözləri Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən "Döyüş qardaşlığı" qanunsuz silahlı birləşməsinin (terror qrupunun) üzvü Hrant Ter-Abrahamyan adıçəkilən qəzetə açıqlamasında deyib.

Belə ki, o Yuxarı Əskipara daxil olmaqla bir sıra kəndlərin Azərbaycana verilməsi üçün hazırlıq görüldüyünü etiraf edib və bildirib ki, Ermənistan hakimiyyəti ilə Azərbaycan arasında şərti razılaşma əldə edilib və gec-tez, həmin ərazilərə Azərbaycan hərbçiləri nəzarət edəcəklər.

Erməni silahlısı deyib: "Bizə dedilər ki, fəaliyyətiniz qanunsuzdur, o ərazilərdən çıxmaq üçün sizə vaxt veririk. Bizim orada fəaliyyət göstərmək üçün vilayət rəhbərliyi ilə müqaviləmiz var. Lakin Bakı İrəvana orada yerləşdiyimizə görə irad bildirib. Həmin vaxtdan sonra bölgədə bizi narahat etməyə başladılar".

Erməni terrorçusu: "Bizə qarşı münasibət də bunun bir parçasıdır"

Onun sözlərinə görə, artıq Ermənistanın baş naziri Nikol Paşinyan ciddi şəkildə həmin kəndləri Azərbaycana vermək üçün hazırlıq görür. "Bizə qarşı münasibət də bunun bir parçasıdır", - deyən Hrant Ter-Abrahamyan əlavə edib: "Mən əminəm ki, bu məsələ artıq Bakı və İrəvan arasında razılaşdırılıb".

"Üzvlərimiz Əskiparaya daxil olmaq istəyərkən saxlanılıblar"

Abrahamyan "Hraparak"a onu da deyib ki, polislər birlik üzvlərinə həmin ərazilərin Ermənistana məxsus olmadığını bildiriblər: "Digər üzvlərimiz Avetis Avetisyan və Henrik Mkrtçyan Voskepara (Yuxarı Əskipara – red.) daxil olmaq istəyəndə saxlanılıblar. Polis onlara deyib ki, həmin kəndlərə girməsinlər, çünki o ərazilər Ermənistanın deyil".

Erməni terror birləşməsinin üzvü reallığı qəbul etməyərək hələ də köhnə ab-havada qaldığını nümayiş etdirib: "Necə yəni Ermənistanın deyil? Hətta onlar bizimkiləri qorxutmağa çalışıblar. Bu, həmin ərazilərin Azərbaycana veriləcəyinin daha bir sübutudur".

Beləliklə, rəsmi Bakı qarşısına qoyduğu bütün məqsədlərinə nail olmaqdadır və əslində, İrəvanın irəli sürülən şərtləri qəbul etməmək şansı da sıfıra bərabərdir. Lakin bu da son deyil. Yaxınlarda növbəti uğurların şahidləri olacağıq...

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə