Rusiyanın Ermənistanı cəzalandırması... - Analitik+ AKTUAL

Zaman daralır, Kremlin səbiri tükənir, bəs Qərbin maraqları nədən ibarətdir?

Ermənistan revanşist mövqeyindən əl çəkmir. Özünü sülh tərəfdarı kimi təqdim edən rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı mövcud qanunvericiliyi, konstitusiya və digər hüquqi sənədlərin dəyişdirilməsini təmin etmir. Erməni tərəfi bu istiqamətdə müzakirələr aparsa da, proses sözdən başqa bir müstəviyə keçməyib.

Ermənistan faktiki olaraq Azərbaycanın hələ də işğalda saxladığı 8 kəndini azad etmək istəmir. Zəngəzur dəhlizi ətrafında isə erməni tərəfi müxtəlif manipuliyasiyalarla məşğuldur.

Ermənistan sülhə hazır deyil

Bütün bunlar onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Rəsmi İrəvanı bu məsələdə arxayın salan tərəflər var. Qərb, xüsusən də Fransa və ABŞ Ermənistana böyük vədlər verir. Onlar anbarlarında yığılıb qalmış köhnə silahlarla Ermənistanı şirnikləndirməyə çalışır. Həmçinin, bununla erməni cəmiyyətini ələ almağa cəhd edir. Beləliklə, erməni tərəfi ümidlənir və hansısa bir situasiyanın yaranacağına inanır. Belə olan halda rəsmi İrəvan sona kimi sülh müstəvisində səmimi olmayacağı da realdır.

Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün əlaqələrini kəsib. Eyni zamanda, Paşinyan ən müxtəlif platformalarda Rusiyaya qarşı kəskin mövqe sərgiləyir. O KTMT-nin guya "Ermənistanın təhlükəsizliyini təmin etmədi" kimi iddialar səsləndirir. Bunun fonunda Paşinyan daha çox Qərbin köməyinə istinad edir. Amma hadisələrin bu məcrada inkişafı Rusiya ilə Ermənistan arasında çox ciddi qarşıdurmanın olması ehtimalını gücləndirir. Bu, həm də Qərbin planıdır. Daha dəqiq desək, Rusiyanın Ukraynadakı cəbhəsindən əlavə Ermənistanda ikinci cəbhə açması və hərbi cəhətdən çətinliyə düşməsi Qərbin əlinə oynaya bilər.

Eduard Şarmazanov: "Çoxu Ermənistanın aktiv şəkildə silahlandığını iddia edir"

Bu arada, Ermənistanın sabiq iqtidar təmsilçiləri də ölkə üçün mövcud vəziyyətin təhlükəli olduğunu bildirirlər.

"Kollektiv Qərbin məqsədi Ermənistanın təhlükəsizliyini təmin etmək deyil, Rusiya Federasiyası ilə müttəfiqliyini pozmaqdır".

Bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, "Respublika" partiyasının vitse-prezidenti Eduard Şarmazanov deyib.

"Çoxu Ermənistanın aktiv şəkildə silahlandığını iddia edir. Fransadan bir neçə zirehli texnika və durbin alınacağı, eləcə də zenit raket sistemi tədarük ediləcəyi kimi vədlərin səsləndirilməsi Ermənistanın aktiv formada silanlandığı mənasına gəlmir. Vurğulamalıyam ki, Rusiya Federasiyası Ermənistanın ən səmərəli müttəfiqidir. Təhlükəsizlik məsələlərində isə əsas şey danışıqlar deyil, səmərəlilikdir. Qərbin qeyri-müəyyən vədlərinə uyaraq Rusiya Federasiyası ilə zamanın sınağından çıxmış müttəfiqliyin dəyişdirilməsi İrəvanın təhlükəsizliyi üçün "Demokl qılıncı"dır".

"Ermənistan-Rusiya müttəfiqliyinə qarşı çıxanlar, əslində, erməni xalqının milli maraqlarına və Ermənistanın dövlət maraqlarına qarşı çıxırlar"

"KTMT-dən çıxıb Türkiyəyə gedəcəksən? Qeyd edim ki, Rusiya Federasiyası və KTMT-yə alternativ yoxdur. Ermənistan-Rusiya müttəfiqliyinə qarşı çıxanlar, əslində, erməni xalqının milli maraqlarına və Ermənistanın dövlət maraqlarına qarşı çıxırlar", - deyə Şarmazanov bildirib.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə