Fransanın Ermənistanı silahlandırmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Fransa və qərb ölkələri Rusiyanın Cənubi Qafqazda itirməkdə olduğu mövqeyi doldurmaq üçün Ermənistanı silahlandırmağa, müharibəyə təhrik etməyə davam edir. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik.

Şəhər sakini Həsən Behbudzadə: “Fransa ilk dəfə deyil ki, dünyada sülhə əngəl törədir. Burada Ermənistanı təhrik edən, müharibəyə başlaması üçün canfəşanlıq göstərən Fransa, ABŞ kimi qərb dövlətləridir. Onlar bizə düşmən mövqedə olduqları üçün Ermənistan vasitəsilə bizə zərbə vurmağa çalışırlar. Amma onlar bizı heçnə edə bilməyəcəklər. Necə deyərlər, “İt hürər, karvan keçər”. Bizim güclü ordumuz da, güclü Prezidentimiz də, güclü siyasətimiz də var. Onlar heç bir halda bizə nüfuz edə bilməz. Etsələr də yenə uduzan özləri olacaq. Bu səfər də geri qalan torpaqları qaytaracağıq”.

Şəhər sakini Vasif Səfərov: “Ermənistan hara getsə də, kimə sığınsa da məğlub olub. İstər Fransa, istər digər qərb ölkələri olsun addımları heçnəyi dəyişməyəcək. Azərbaycanın güclü Prezidenti, müzəffər ordusu var. Dövlət başçımızın güclü siyasəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Yenilməz ordumuz bundan sonra da hər zaman döyüşməyə və zəfər çalmağa hazırdır”.

Şəhər sakini Toğrul Rüstəmli: “Ermənistan və Fransa arasında bağlanan sazişləri bilirik. Fikrimcə, Fransanın Ermənistanı müharibəyə bu qədər təhrik etməsinin, yaxud müharibəyə itələməsinin səbəbi Fransanın itirəcəyi güclə bağlıdır. Amma Ermənistanın bizə qalib gəlməsi mümkün deyil. Fransa burada Ermənistan vasitəsilə hansısa üstünlük əldə edə bilməyəcək. Əlavə olaraq da Fransanın hansı əməllərlə buraya gəldiyi də bilinir. Fransanın Cənubi Qafqaza verdiyi önəm və Rusiya-Avropa qarşıdurması məlumdur. Hər iki tərəf Qafqazdakı üstünlüklərini göstərməyə çalışırlar. Ermənistan bu problemə yol açmaz, açsa da özü məğlub olacaq”.

Şəhər sakini Balamirzə Məmmədli: “Nəinki Fransa, dünya birliyinin hansı ölkəsinin Ermənistanı Azərbaycanla müharibəyə təhrik etməsindən asılı olmayaraq Ermənistan Azərbaycanla müharibəyə getməyəcək. Çünki Ermənistan nə iqtisadi, nə hərbi, nə də siyasi potensialına görə Azərbaycanla müqayisə olunacaq səviyyədə deyil. Hətta revanşist meyllər baş qaldırsa belə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yenidən militarist Ermənistan qüvvələrini məğlub etməyə qadirdir. Amma Ermənistanın üçüncü Qarabağ müharibəsinə getməsinə inam bəsləmirəm.

Ermənistan həm 44 günlük müharibədən, həm də 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından yetərincə dərs çıxara bilib. Həmçinin Ermənistan dövləti nəzərə almalıdır ki, Qarabağ torpaqları bütün dünyada Azərbaycanın de-yure hüquqi ərazisi kimi tanınır. Məhz bu baxımdan hesab edirəm ki, Ermənistan Qarabağ uğrunda müharibəyə başlasa onu təhrik edən qüvvələr Ermənistana dəstək durmayacaqlar. Çünki Fransa da daxil olmaqla beynəlxalq birliyin bütün dövlətləri Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Şəhər sakini Lalə Rzaquliyeva: “Ermənistanın 44 günlük müharibədən dərs çıxardığını düşünürəm. Burada əsas problemi yaradan Fransa və qərb ölkələridir. Ermənistanın bu təhrikə gedəcəyini zənn etmirəm. Getməyə cəhd etsə belə Azərbaycan qarşısında heç bir şansları olmadıqlarını çox yaxşı anlayırlar. Müharibələr cəbhədə qazanılır və masada bitir. Ermənistan müharibəni həm masada, həm də cəbhədə uduzdu”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə