"Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır" - ŞƏRH EDİLDİ

“Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Azərbaycanın müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaş kimi qəbul olunması günümüzün reallığıdır. Bütün bunlar ölkəmizin hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunu həyata keçirməsinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm, inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, Almaniya “Dağlıq Qarabağ”ı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə Almaniyanın xarici ticarət palatası fəaliyyət göstərir. Prezident İlham Əliyevin fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi ölkələr arası münasibətlərin müsbət inkişaf dinamikasının göstəricisidir.

Deputat bir daha diqqətə çatdırıb ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Ölkəmizə 40-dan artıq alman şirkətinin rəhbəri və nümayəndələrinin səfəri Azərbaycan iqtisadiyyatına olan marağın göstərcisidir. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin verilməsidir. Digər mühüm məqam ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunun qeyd edilməsidir. Bildrilidi ki, hər iki ölkənin iqtisadi əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə olunmalıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, iş adamlarının bu səfərindən sonra Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bunu şərtləndirən səbəblərdən biri də Almaniyanın qonşusu Fransadan fərqli olaraq regionda sülh prosesinə neytral yanaşmasıdır.

K.Bayramov əlavə edib ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrilib. Dövlət başçımızın qeyd etdiyi kimi, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə