"Fransa prezidenti Ermənistanı girdaba yuvarladır" - ŞƏRH EDİLDİ

"Fransa prezidenti Ermənistanı girdaba yuvarladır" - ŞƏRH EDİLDİ

"Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı qərəzli mövqeyi ilə Ermənistanı yeni bir müharibəyə sürükləyir. O, bu riyakar yanaşması ilə bir tərəfdən təcavüzkar Ermənistanın işğalçılıq niyyətlərinə haqq qazandırır, digər tərəfdən isə bu ölkədəki revanşist qüvvələrə hərəkətverici dəstək göstərir. Bütün bunlara baxmayaraq Paşinyan hakimiyyəti anlamalıdır ki, Ermənistan üçün yeganə nicat yolu regiondakı yeni geosiyasi vəziyyətlə barışmaqdır. Əks halda bu dövlətin varlığı ciddi sual altına düşə bilər. Azərbaycanın yaratdığı “sülh və inkişaf” konsepsiyası əvəzolunmaz beynəlxalq layihədir". Bu sözləri SİA-ya açıqlamasında "Qloballaşma və Milli Həmrəylik" İB-nin sədri Həsən Qarayev deyib.

Həm daxili, həm də ardıcıl digər uğursuzluqlardan yayınmaq üçün Ermənistana “dəstək” siyasətini özünə nicat yolu bilən Emmanuel Makron üçün Ermənistanın varlığı ilə yoxluğunun o qədər də əhəmiyyətli olmadığını diqqətə çatdıran Həsən Qarayaev deyib: “Rəsmi İrəvan ilə rəsmi Paris arasındakı hazırkı münasibətlər mənasız və əhəmiyyətsiz dedi-qodudan o tərəfə keçə bilmir. Tərəflər qarşılıqlı olaraq götürdükləri öhdəliklərin nədən ibarət olduğunu öz ictimaiyyətlərinə belə açıqlamaq iradəsində deyillər. Əgər Ermənistan əhalisi Paris-İrəvan münasibətlərinin əsl mənasını anlasa və yaxud bunun ölkəyə hansı risklər yaratdığını dərk etsə onda yəqin ki, üsyan baş verər”.

Hazırda əksər dünya ölkələrində ordu quruculuğunun ən öndə olan dövlət strategiyası kimi qəbul edildiyini xatırladan Həsən Qarayev deyib ki, ianə, texniki kredit və yaxud digər bu kimi üsullarla müasir dövrün tələblərinə cavab verən silahlı qüvvələr formalaşdırmaq mümkünsüzdür. Bu mənada Fransanın Ermənistan ordusunu modernləşdirmək istiqamətində verdiyi vədlər işğalçı dövlətə yalnız fəlakətlər vəd edir. Bölgədə baş verən bütün xoşagəlməz hadisələrə görə, rəsmi İrəvanla bərabər, bu ölkəni revanşa təhrik edən rəsmi Paris də məsuliyyət daşıyır. Bir sözlə, Fransa prezidenti Ermənistanı girdaba yuvarladır. Bundan yaxa qurtarmaq üçün rəsmi İrəvan Azərbaycan və Türkiyənin uzatdığı “sülh” əlini vaxtında və düzgün dəyərləndirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə