"Müraciətdə bir sıra önəmli məqamlar əksini tapıb" - ŞƏRH EDİLDİ

"Müraciətdə bir sıra önəmli məqamlar əksini tapıb" - ŞƏRH EDİLDİ

“Azərbaycan-Rusiya XII Regionlararası Forumun iştirakçılarına cənab Prezident İlham Əliyevin müraciəti göstərir ki, iki ölkə arasındakı münasibətlər mehriban qonşuluq siyasətinə söykənir və müraciətdə bir sıra önəmli məqamlar əksini tapıb. Azərbaycanla Rusiya arasında 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanmışdır və bu bəyannamədə siyasi, iqtisadi, nəqliyyat sahəsində mühüm prioritetlər göstərilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, regionlararası forumun məhz bu bəyannamənin imzlanmasının ikinci ildönümündə keçirilməsi əlamətdar hadisədir: “Düşünürəm ki, bundan sonra da Rusiya ilə Azərbaycan arasında olan münasibətlər inamlı, etibarlı tərəfdaşlıq münasibətlərinə çevriləcək və strateji əhəmiyyət daşıyacaq. Çünki biz regional sülhün, təhlükəsizliyin dayanıqlı olması, kommunikasiya xətlərinin açılması və gələcək perspektivlərlə bağlı planlar formalaşdırırıq. Rusiyanın sülh, Cənubi Qafqazda təhlükəsizliyin qorunması istiqamətində təşəbbüsləri təqdirəlayiqdir. Digər tərəfdən məhz iqtisadi sahədə şimal-cənub nəqliyyat dəhlizi ilə yanaşı, gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi də iqtisadi dövriyyənin həcminə əhəmiyyətli təsir edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə