“Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz” - DEPUTAT DANIŞDI

“Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Avropa Parlamentinin sonuncu iclasında İtaliyalı Fabio Kastaldo və Almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın anti-terror əməliyyatlarını “hərbi aqresiya” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir:

“Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçiridiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir.
Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür: Azərbaycan xalqı hər zaman dövlətinin yanındadır və olacaq. İrəvan daxil olmalqa, bəzi paytaxtlarda səsləndirilən qərəzli bəyanatlardan “həvəslənib” bu birliyimizi pozmaq istəyən marjinal qrupların cəhdləri də həvəsdən başqa heç nə olmayacaq. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var.
Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə