"Soydaşlarımızın qayıdış hüququna milli prioritet olaraq baxırıq" - DEPUTAT ŞƏRH ETDİ

"Soydaşlarımızın qayıdış hüququna milli prioritet olaraq baxırıq" - DEPUTAT ŞƏRH ETDİ

"Bu səhər daha 20 ailə - 78 nəfərin Laçın şəhərinə, 4 ailə -11 nəfərin isə Zabux kəndinə köçürülməsi bir daha göstərir ki, mövcud siyasi iradə işğaldan azad olunmuş torpaqlarda əbədi və təhlükəsiz məskunlaşmanı təmin etməkdə qətiyyətlidir. Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi, "qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır". Məhz bu qətiyyətin nəticəsidir ki, da cəmi 3 il yarım əvvəl düşmənin at oynatdığı Laçın şəhərində artıq 451 ailə - 1705 nəfərin, Zabux kəndində isə 211 ailə - 808 nəfərin daimi, təhlükəsiz və ləyaqətli formada məskunlaşması təmin edilmiş olur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda cənab İlham Əliyevin Azərbaycanın hərbi-siyasi yolla yaratdığı reallığı hələ də qəbul etmək istəməyənlərə ən tutarlı cavabıdır: "30 il bu insanların haqlarını tanımayıb, bu gün 3-5 separatçının "taleyindən" narahatlıq keçirən satılmış beynəlxalq təsisatları heç bir tribunada səslənəcək bəyanat, heç bir rəsmi sənəddə ifadə olunacaq məzmun bu qədər məyus edə bilməzdi. Təbii ki, biz soydaşlarımızın qayıdış hüququna kimisə məyus etmək üçün vasitə kimi yox, milli prioritet olaraq baxırıq. Məlumdur ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müəyyən edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim beş milli hədəfimizdən dördüncüsü kimi, digərləri ilə üzvü formada əlaqəli olmaqla müəyyən edilib. Belə ki, Böyük Qayıdışın uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya təmin olunmalıdır. Daha sadə desək, qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən abad guşələrindən birinə çevrilməlidir"

"Amma unutmamalıyıq ki, söhbət vandallar tərəfindən qəsdən yerlə-yeksan edilmiş və üstəlik dünyanın mina ilə ən çox çirklənmiş ərazisində quruculuq və bərpadan gedir. Bu proses çevik və səmərəli, amma eyni zamanda çox ehtiyatlı yanaşma tələb edir. Ötən üç il yarımlıq period göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən gözlənildiyindən çox daha yaxşı gəlir. Yalnız elə ötən 2023-cü ilə nəzər salsaq, ilin ən mühüm nailiyyətlərindən biri də, heç şübhəsiz, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq prosesidir. Mart ayında Talış kəndinə, mayda Laçına, avqustda Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlər baş tutdu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində isə ifadə etdi ki, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda 26 fevral 2024cü ildə Xocalı sakinləri ilə görüşdə möhtərəm Prezident bəyan etdi ki, "bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm il ərzində Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, gələn il isə Ağdama ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb." Məhz Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bu mənada, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətdə planlı və vahid konsepsiyaya əsaslanan hazırkı yanaşmanın alternativi yoxdur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə