"Prezident daha çox milli və gənc kadrlara etimad göstərib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident daha çox milli və gənc kadrlara etimad göstərib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev daim kadr islahatlarına böyük önəm verib". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, dövlətin idarə olunması, yeni mexanizmlərin tətbiqi, müasir çağırışlarla ayaqlaşmaq üçün Prezident İlham Əliyev daha çox milli və gənc kadrlara etimad göstərib: "Onların qarşısında qoyulan əsas vəzifələrdən biri odur ki, yeni islahatlar müasir dünyanın çağırışlarına uyğun inkişaf mərhələsinə qədəm qoymaq istiqamətində perspektiv siyasət həyata keçirsin. Biz əvvəlki illərdə də bunu müşahidə etmişik. Bir neçə il bundan əvvəl başlayaraq Prezident İlham Əliyev dövlət idarəçiliyinin bütün sahələrində çox ciddi kadr islahatları həyata keçirdi. Yeni fikirli insanlar, müasir düşüncəli və müasir biliklərə sahib olan kadrlar önə çəkildi. Bu da ölkəmizin inkişafına, gələcək perspektivlərin həlli istiqamətində qoyulmuş vəzifələrin icrasına böyük təkan verdi.

Kadr islahatları bu gün də realdır. Gözlənilir ki, qarşıdakı aylarda və illərdə də Prezident İlham Əliyev kadr islahatlarına çox böyük önəm verəcək. Xüsusilə, gənclərin önə çəkilməsi, onlara böyük etimad göstərilməsi istiqamətində addımlar atılacaqdır. Çünki kadr islahatları dövlət idarəçiliyində, iqtisadiyyatın, neft, qeyri-neft sektorunun, sahibkarlıq sahəsinin, təhsil, səhiyyə və cəmiyyətin bütün sahələrinin inkişafı üçün çox böyük önəm daşıyır. Prezident İlham Əliyev də bu sahədə ciddi addımlar atmaqdadır. Vurğulamaq lazımdır ki, yerlərdə regionların inkişafı üçün müasir idarəçilik mexanizmlərinin tətbiq edilməsi üçün artıq bir neçə ildir ki, Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı, çox böyük effektlər verməkdədir. Gözlənilən odur ki, gələcəkdə də Prezidentin nümayəndəliklərinin sayının artırılması ilə bağlı ola bilsin, yeni addımlar atılacaq. Tədricən bu mexanizmin daha da inkişaf etdirilməsinin şahidi olacağıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə