""Böyük Qayıdış" həm də milli tarixi köklərə dönüş deməkdir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

""Böyük Qayıdış" həm də milli tarixi köklərə dönüş deməkdir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“2022-ci ilin noyabrında “Böyük Qayıdış” proqramı qəbul edilib. Proqram əsasında bütün dövlət, hakimiyyət strukturları qarşısında vəzifələr qoyulub. Hazırda ölkəmizin tarixində bu çoxəsrlik zaman ölçüsündə ilk genişmiqyaslı hadisədir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Bu bir dövlətin iradəsi, qərarı, planlı strategiyası, həyata keçirdiyi infrastruktur layihələri çərçivəsində gerçəkləşir. Yəni bu yaxın şərq və digər ərazilərdə olan hadisələrin eynisi deyil. Bu eyni zamanda son 100 illik tarixdə bir çox millətlərin həyatında görünməmiş addımdır, misilsiz hadisədir”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, təmsil etdiyi Sosial Tədqiqatlar Mərkəzi “Böyük Qayıdış”ın əhatə etdiyi insanların rəylərini soruşub: “Onların əksəriyyəti doğma torpaqlara qayıdışa hazır olduqlarını bəyan edirlər. Təbii ki, amma bu müxtəlif şəraitlər istəyi ilə özünü göstərir. Yaşlı nəsil deyir ki, qeyd-şərtsiz öz torpağına qayıdacaq. İkinci qrup ayrı, üçüncü isə tamam fərqli yanaşma nümayiş etdirir. Başa düşürəm ki, məcburi köçkünlərin də ailələri, sonra qazandıqları qohumları Bakı və digər məskunlaşdıqları ərazilər üzrədir. Onların iş yerlərini bir anda itirərək harasa qaytarmaq düzgün deyil. Çünki ümumiyyətlə “Böyük Qayıdış” könüllülük əsasında gerçəkləşir. Bu mühüm prinsip BMT-nin 6 müddəasından biridir. Qeyd etdiyimiz tədqiqatı aparan zaman bir gördük ki, dünyada buna oxşar nümunə yoxdur. Öz torpaqlarına 30-40 il sonra sistemli dövlət qərarları çərçivəsində xalq nümunəsi yoxdur. Bu baxımdan 21-ci əsrdə tək millətik”.

Deputat bildirib ki, artıq 5400 nəfər şəxs Şuşa daxil olmaqla Laçın, Füzuli, Kəlbəcər və digər ərazilərə qayıdıblar: “Amma dövlət tərəfindən qarşıya qoyulan məqsəd Prezident İlham Əliyevin də bəyan etdiyi kimi 2026-cı iliin sonuna qədər bu sayın 140 minə qədər olmasıdır. Bu isə o deməkdir ki, həmin köçkünlərin mühüm bir hissəsinin qaytarılması deməkdir. Bu da özlüyündə dövlətin strateji xəttini sübut edir. Bu da o deməkdir ki, biz Qarabağın işğalı dövründə 300 min yerini iş yerini itirmişdik. İndi isə əhalimiz 3 milyondan çox artıb. Şükürlər olsun ki, demokratik cəhətdən böyük inkişaf yolu keçmişik. Belə olan şəraitdə xüsusilə də minaların təmizlənməsi sürətlənməsi üzərindən tədbirlər gerçəkləşdirilməlidir. Bu müddət ərzində o ərazilərin təcavüzə uğraması, torpağın zəhərlənməsi bir yana verilən mina xəritələrinin də böyük hissəsinin saxta olduğu üzə çıxıb. Nə qədər insanımız da həyatını itirib yaxud da zərər çəkib. Hesab edirik ki, “Böyük Qayıdış” yalnız insanların azad edilmiş torpaqlara insanların köçürülməsi deyil. Bu Qarabağ və ətraf ərazilərin ölkənin iqtisadi-sosial həyatına qaytarılmasıdır. Oradan iqtisadiyyat, kənd təsərrüfatı üçün böyük addımlar atılacaq. Biri var məcburi köçkünlər üçün Qobu qəsəbəsində evlər verilsin, burada iqtisadi gəlir mənasında geri qayıdış yoxdur. Amma azad edilmiş torpaqlara qoyulan hər bir manat geri dönüm edəcəkdir. Bu Qarabağın inkişafı üçün də böyük yollar açacaqdır. Ona görə də Gədəbəyin ucqar kəndlərindən Naxçıvana qədər hansı ərazilərimizdə insanlarımız sosial səbəblərdən öz evlərini tərk edib Bakıya və digər ərazilərə daxili miqrasiya edirlərsə biz çalışmalıyıq ki, onların qayıdışına nail olaq. Bu qayıdış həm milli tarixi köklərə dönüş deməkdir”.

Z.Oruc sonda qeyd edib ki, Qarabağ futbol klubunun misilsiz qələbəsində o futbol meydançasında olub: “O soyuq hava şəraitində ruh yüksəkliyi yaşanırdı. Hamı bir-birini bağrına basırdı. Sanki 8 noyabr zəfərinin eynisi yaşanırdı. Tək fərq o idi ki, o qələbəni döyüş meydanında bu dəfə isə yaşıl sahədə qazandıq. Qurban Qurbanov bildirdi ki, mübarizə əzmini Ali Baş Komandandan öyrənib. Bu elə dönüş üçün də gözəl şüardır. Qarabağa qayıdış millətimizin tarixi üçün çoxəsrlik köçkünlüyə son qoyulması, məhrumiyyətlərin durdurulması deməkdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə