Dövlət Komitəsində ABŞ-ın Stirlinq Fondunun icraçı direktoru ilə görüş keçirilib FOTOLAR

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı ABŞ-ın İsa Məsihin Axırzaman Müqəddəsləri Kilsəsinin təmsilçisi, Stirlinq Fondunun icraçı direktoru Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Salahlı xalqımızın tolerantlıq və multikulturalizm ənənələrindən, Prezident cənab İlham Əliyevin dinlərarası harmoniya və dini konfessiyalara münasibətində bərabərlik prinsipinə verdiyi önəmdən danışıb. Qeyd edib ki, 37-i qeyri-islam təmayüllü olmaqla dövlət qeydiyyatına alınan 994 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır.

Komitə rəsmisi Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarixi-dini abidələr, məscidlərlə yanaşı, kilsə və məbədlərin bərpa edilməsini xüsusi diqqətdə saxladığını vurğulayıb. Eyni zamanda, Stirlinq Fondunun işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatlarında yaxından iştirakını və dəstəyini yüksək qiymətləndirib.

ABŞ-ın İsa Məsihin Axırzaman Müqəddəsləri Kilsəsinin nümayəndəsi, Stirlinq Fondunun icraçı direktoru Edvard Ro ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qonağa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş kitablar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə