Koçaryanla Sarkisyan xalqı Paşinyana qarşı birləşdirə biləcəkmi?
Paşinyanın Münxenə səfəri, geyimi, hərəkəti və görüşlərdə etdiyi çıxışlar Ermənistanda müzakirə olunmaqdadır. Əsasən də baş nazirin əlehinə danışanlar çoxdur. Ölkə üçün vacib tədbirə ailə üzvləri ilə təşrif buyurması cəmiyyətdə birmənalı qarşılanmayıb. Paşinyanın əlehinə danışanlar, onu parçalamağa hazır olanlar təkcə siyasi oponentləri deyil, fürsətdən yararlanmaq istəyənlər arasında keçmiş hakimiyyət nümayəndələri də var. Onların məqsədi hakimiyyəti xalqın əli ilə devirib kürsünü ələ keçirməkdir.
İndi ermənilər arasında Nikolanı heç sevməyənlər az deyil. Köçəryan və Sarkisyan bütün imkanlarını ortaya qoyublar ki, əvvəlki “imperiyalar”ın bərpa etsinlər. Bunun üçün xalqın “saqqızını oğurlamaq” gərəkdir. Amma keçmiş prezidentlərə Paşinyandan on qat artıq nifrət edildiyindən onların da xəbəri var. Alçaldılmış xalq ötən illəri unutmur.

Ermənistan daxilində və onun sərhədlərində vəziyyət nə qədər gərginləşsə, Rusiyanın serj və robertkimilər arasından olan beşinci kolonunun fəallığı bir o qədər artır, onlar öz hakimiyyət hüquqlarını getdikcə daha yüksək səslə bəyan edirlər. Onlar ölkənin düşdüyü vəziyyətin mürəkkəbliyi ilə maraqlanmırlar. Onlar üçün əsas odur ki, xalqın narazılığından, hətta qorxusundan istifadə edib Ermənistana nəzarət rıçaqlarını bərpa etmək üçün rus süngülərindən istifadə etsinlər. Rus süngülərini qeyd etməyim təsadüfi deyildi.
Niyə hakim yox, müxalifət partiyası?
Belə ki, bu günlərdə Ermənistan “Respublika” Partiyasının (ERP) nümayəndə heyəti hakim “Vahid Rusiya” partiyasının təşkil etdiyi “Müstəmləkəçiliyə qarşı: millətlərin azadlığı uğrunda” adlı təsis qurultayında iştirak etmək üçün Moskvadaya səfər edib. Ermənistan nümayəndə heyətində kimlər olsa yaxşıdır? Tamamilə rusiyayönlü şəxslər - Eduard Şarmazanov, Hayk Mamicanyan, Anna Mkrtçyan. Təəccüblüdür, elə deyilmi? Rusiyada hakim partiya digər ölkələrin hakim partiyalarını qurultaya dəvət edir. Və birdən Ermənistanda hakim “Mülki Müqavilə” partiyası deyil, müxalifətdən olan ERP dəvət olunur. Yəni ruslar artıq açıq şəkildə göstərirlər ki, Ermənistanda hələ də rusiyayönlü qüvvələrə arxalanırlar. Üstəlik, bu, Paşinyana mesajdır - bax, Nikol Vovaeviç, Rusiyanın hakim gücü müxalif ERP ilə münasibətləri inkişaf etdirir, sizinlə yox.
Moskvada keçirilən qurultay “Müstəmləkəçiliyə qarşı: Millətlərin Azadlığı Uğrunda” adlanır. Amma tədbirə dəvət alan Ermənistanı və erməni xalqını azadlıqdan məhrum edən Köçəryan və Sarkisyan olub. Ermənilər bunu qəbul edə bilmirlər ki, hər iki president hakimiyyətdə olduqları müddətdə Ermənistanı az qala Rusiyanın müstəmləkəsi statusuna saldılar. Ona görə də serj-robert cütlüyünün müstəmləkəçiliyə qarşı və xalqların azadlığı uğrunda bir tədbirdə təmsil olunması gülməlidir, hətta simvolik.
Bu arada Ermənistan Respublika Partiyasının lideri Sarkisyan özünü Ermənistan daxilində fəal şəkildə təbliğ etməyə başlayıb. Belə ki, jurnalistlərlə söhbətində bəbək qatili Sarkisyan deyib ki, “biz ölkə daxilində güllələrdən istifadə etmirik”. Bu, jurnalistlərin komanda yoldaşlarının hakimiyyətdən uzaqlaşdırılması üçün “son güllənin qaldığını” söyləməsinə cavabı olub. “Gülləyə gəlincə, biz bunu heç vaxt deməmişik. Bəli, son bir cəhd qalıb, bu qədər. Mən belə düşünürəm”, - Sarkisyan bildirib.

Serjikin istəyi…
Serj Azatoviçin tezliklə 70 yaşı tamam olacaq və ermənilər onun beyninin fəaliyyətində geri dönməz dəyişikliklər, yaddaş zəifliyinin başladığını hiss edirlər. Serj isə erməni xalqında yaddaşsızlıq olduğunu düşünür. Necə olur, məgər ölkə daxilində güllələrdən istifadə etməmisiniz? Bəs 2008-ci ilin 1 mart faciəli hadisələri? Axı o zaman prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq Köçəryan hakimiyyəti sadəcə Sarkisyana ötürəndə İrəvanda on minlərlə insan küçələrə axışıb. Köçəryan və Sarkisyan etirazları vəhşicəsinə yatırdı, nəticədə 10 nəfər öldürüldü, 200-dən çox erməni etirazçı müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Məsələnin bir özəlliyi də var, etirazçılara atəş açanlar Qarabağdan çağırılan “Qarabağ klanı”nın silahlıları olub. Sarkisyan öz xalqına qarşı hansı cinayət törətdiyini çox gözəl bilir.
Yeri gəlmişkən, bugünkü mətbuatla ünsiyyətində də onun rüsvayçılığı açıq-aydın görünür: “Biz güllədən ölkə daxilində istifadə etməmişik, onlardan hüquq-mühafizə orqanı istifadə edib, düzgün, vaxtında və yerində istifadə edib. Baş verənlər o insanlara cavabdır ki, o vaxt məqsədinə çata bilməyib, amma 2018-ci ildə bacarıb”. Belə çıxır ki, Ermənistan hüquq-mühafizə orqanları özbaşına fəaliyyət göstərir, bu qədər adamı güllələyirlər və heç nə olmamış kimi davranırlar. Yoxsa rejimin əmrlərini yerinə yetirdikləri üçün onlara heç nə olmayacağını dəqiq bilirlər.
Bu cavab Sarkisyanın 2018-ci ildəki məğlubiyyətinə görə incikliyini əks etdirir. Axı Paşinyan və küçələrə çıxan erməni xalqı onu hakimiyyətdən qovdu. Sarkisyan alçaldıldı, tapdalandı. Nə polis, nə də ordu onun köməyinə çatmadı, çünki onlar üsyankar xalqın qarşısında aciz olduqlarını başa düşdülər. 2018-ci ildəki rejimin gücü olsaydı, həmin gücdən istifadə edib çəkinmədən xalqın məhvinə imza atardı.
Sarkisyanın “bircə son cəhdi qalıb” sözlərinə gəlincə, o, dərin yanılır. İndi ermənilər Nikolu heç sevmirlər. Amma Köçəryana və Sarkisyana on qat artıq nifrət edirlər. Erməni cəmiyyəti hakimiyyətin onları məruz qoyduğu 20 illik rəzaləti unutmayıblar. Erməniləri gücsüz məxluqlara, Ermənistanı isə Qafqazda Rusiyanın ayaqaltısına çevirdilər. Nikol gəldi, insanları reallığa alışdırdı və vəziyyəti dəyişdirdi. İndi isə nə Rob və Serj, nə də arxalanmaq niyyətində olduqları rus süngüləri onlara hakimiyyətə qayıtmağa kömək etməyəcək. Ermənilər düşünür ki, xalq həm serj və robertlərdən, həm də müstəmləkəçilikdən və zillətdən xilas olublar. Onlar həqiqətən azad olduqlarını düşünürlər. Sərkisyan isə illüziyaların əsiri olaraq qalmağa davam edir, tənəzzülə uğrayan illərin ab-havası ilə yaşayır.

Ermənistan-Rusiya münasibətlərində qopmalar
Münhen səfərindən sonra Ermənistanda yeni miqyasda anti-Rusiya əhval-ruhiyyəsi formalaşır, onsuz da ipdən asılı olan Ermənistan-Rusiya münasibətlərini kökündən məhv etməyə, nəhayət, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa cəhd ediləcək. Bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Hökumətyönlü mənbələr bildirirlər ki, belə bir tələb Qərb tərəfindən qoyulub, bunun müqabilində Azərbaycanın hərbi ambisiyalarını cilovlamaq vədi edilib. Məhz buna görə də Paşinyan Münhendə erməni icmasının nümayəndələri ilə görüşündə bir daha təkrar edib: “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu, bizim səmimi mövqeyimizdir”, “Hraparak” qeyd edir.
.jpg)
36 il əvvələ qayıdış, yoxsa…
Ermənilər Qarabağ hərəkatınnın başlandığı günü qeyd edirlər. Hətta bir il bundan əvvəl də ümid edirdilər ki, “yenilməz erməni ordusu” 3 il əvvəlki vəziyyəti yenidən qaytaracaq. Amma hər keçən gün ermənilərdə bu iddia öləziyib gedirdi. Çünki olara qan udduran, işğalçı əməllərinin sonunu gətirən Azərbaycan Ordusu getdikcə güclənir, ölkənin ərazi bütövlüyünü bərpa edirdi. Erməni ordusu isə bütün mənalarda itirirdi, tükənirdi və bu vəziyyət bu gün də davam etməkdədir. Erməni cəmiyyətində hələ də əvvəlki havalarla insanların başını aldadanlar var. İrəvanda jurnalistlərlə söhbətində separatçıların qondarma “parlamenti”nin keçmiş spikeri Aşot Qulyan deyib ki, “azadlıq mübarizəsinin yeni mərhələsinə başlamaq potensialına malik olduğumuza inanan hər kəsi təbrik edirəm”. Erməniləri Qarabağa qaytarmaq üçün hansı yola ehtiyac var, sualına Qulyan belə cavab verib: “Bütün yollardan istifadə etmək lazımdır”. Görünür, ermənilər hələ də ağıllanmayıb, ya da yumruq zərbəsinin fəsadları çox ağır olub.
Qeyd edək ki, 1988-ci il fevralın 20-də ermənilər Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi üçün əvvəlcə DQMV Ali Sovetində qərar qəbul etdilər, sonra isə silahlı münaqişəyə başladılar. Bundan sonra Sumqayıtda 1988-ci il fevralın 27-də etnik ermənilərdən ibarət dəstələr, qruplar təşkil edərək küçələrdə və mənzillərində ermənilərə hücum edərək qətlə yetirdilər. Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olması artıq sübuta yetirilib. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırılır. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulur. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalı isə 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməni idi.

Erməni “hay”ı və huyu
Ermənilər təkcə maksimalist deyillər, həm də özləri barədə “millətçilik”dən də üstün bir təlqinçidirlər. Vaxtilə Qarabağda separatçılıq etmiş birinin fikrini diqqətinizə çatdırmaqla erməni huyunun nədən ibarət olduğunu sizə anlatmış olacağam. Separatçıların qondarma “parlament”inin sədr müavini Baqram Balayan deyib ki, “Dağlıq Qarabağ” məsələsinin Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur. “Biz öz ərazimizdə özümüzü müəyyən etmişik. Burada qeyd etmək lazımdır ki, bizim heç bir ölkəyə və xalqların ərazilərinə qarşı heç bir iddiamız olmayıb. Sovet dövründə bizim Dağlıq Qarabağ Muxtar Vilayəti var idi və o, Sovet İttifaqının tərkibində müəyyən statusa malik idi, necə ki, Sovet Azərbaycanında da var idi”.
Özünü vitse-spiker kimi təqdim edən bu ikiayaqlının dediklərindən belə çıxır ki, Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Gürcüstanın və digər “Sovet respublikaları”nın sərhədləri olmayıb və ən əsası da SSRİ-də muxtar qurumların statusu respublikaların statusundan üstün olub. O cümlədən, Rusiyanın tərkibində olan subyektlər də respublika hakimiyyətinə tabe olmadığından onların da müstəqillik əldə etməsi tam qanunidir. Bəs niyə etməyiblər? Bəlkə SSRİ konstitusiyasında yazılanlar təkcə ermənilərin maraqlarına xidmət edirmiş?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB