Qərb dövlətləri Azərbaycanla əməkdaşlığa can atır - DEPUTAT DANIŞDI
“Münhendə qarşı tərəflərin xahişi ilə Azərbaycan Prezidenti ilə görüşlərin keçirilməsi ölkəmizin qlobal miqyasda artan rolunun və dövlət başçımızın şəxsi nüfuzunun, dünya siyasətində oynadığı böyük rolun təsdiqidir. Göründüyü kimi, görüş təşəbbüskarları üçün dünyanın süni gündəminə çevrilməsinə çalışılan saxta mövzular deyil, daha çox İlham Əliyevin əməkdaşlıq və regional təhlükəsizlik məsələlərində baxışları önəm daşıyır. İstər dövlət rəsmiləri, istərsə də qlobal iqtisadi güc subyektləri kimi tanınan özəl sektor nümayəndələri ilə görüşdə daha çox müstəqil, suveren Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə maraq ifadə olunur. Əlbəttə, bu, Azərbaycan ətrafında Fransanın təhriki və rəhbərliyi ilə formalaşan süni maneənin fiaskosu oldu”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov SİA-ya açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır: “Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Və Azərbaycanın müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaş kimi qəbul olunması günümüzün reallığıdır. Bütün bunlar ölkəmizin hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunu həyata keçirməsinin məntiqi nəticəsidir.
Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır ki, bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm, inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
K.Bayramov diqqətə çatdırıb ki, bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Hazırda Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı və keçirilən görüşlər bir daha göstərir ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Burada xüsusi diqqət çəkən məqam odur ki, Azərbaycan Prezidenti ilə keçirilən bu görüşlərin hər biri qarşı tərəflərin müraciəti, xahişi əsasında olub. Bu fakt, həm ölkəmizin qlobal miqyasda artan nüfuzunun, həm də, şəxsən dövlət başçımızın dünya siyasətində oynadığı böyük rol və şəxsi nüfuzu ilə bağlıdır. Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, qarşılıqlı hörmət, xoş münasibət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri üzərində qurulub. Xarici siyasətin konturlarını dövlət başçımız inaqurasiya mərasimində səsləndirib: “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.”
K.Bayramov xüsusi olaraq qeyd edib ki, Azərbaycanın çoxvektorlu xarici siyasəti diqqətəlayiqdir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir.
Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.
Deputat əlavə edib ki, qarşı tərəflərin xahişi ilə Münhendə keçirilən görüşlər, aparılan danışıqlar bir daha təsdiqləyir ki, Azərbaycan regional güc mərkəzi statusundan çıxaraq artıq qlobal proseslərə təsir edə bilən dövlətə çevrilib. Hazırda baş verən proseslər də onu göstərir ki, yeni dünya nizamında Azərbaycan qabaqcıl dövlətlərdən biri olacaq. Bu aspektdən Münhen platforması Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün bir şansdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB