"Onları ayrılmaz tellər bir-birinə sıx bağlayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Cənab İlham Əliyevin Prezident seçildikdən sonra Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfər etməsi, təbii ki, artıq ənənə halını almış bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ümumiyyətlə, dünya siyasəti belə məsələləri yazılmamış qanun halına salmışdır: "Yəni bir ölkədə yeni seçilən prezident ilk səfərini ona ən yaxın, dost, qardaş, strateji əlaqəsi yüksək olan ölkəyə edir. Bu səfərlər çox vaxt qarşılıqlı olur. Bu dəfə də bundan əvvəl Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfəri Azərbaycana oldu. Hər dəfə də belə olub. Cənab İlham Əliyev də həmişə prezident seçkilərində qalib olduqdan sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etmişdir. Bu, iki ölkə arasındakı münasibətlərin dünyada analoqu olmayan formada inkişaf etdiyinin göstəricisidir. İki ölkə başçılarının qarşılıqlı ilk rəsmi səfərlərinin hara olacağına heç kim şübhə etmir. Bunu hamı qanunauyğun hal kimi qəbul edir".
O, əlavə edərək deyib ki, cənab Prezidentin ilk rəsmi səfərini Türkiyəyə etməsi həm də "bir millət iki dövlətin" ənənə halını almış münasibətinə işarədir: "Azərbaycan və Türkiyə bir-birinə o qədər sıx tellərlə bağlı dövlətlərdir ki, bizi yalnız ortaq köklər, dil, din, mədəniyyət yox, ümumiyyətlə, bütün mənəvi köklər bağlayır. Bu artıq ruhumuzdan gələn sifarişdir. Həqiqətən də, qardaş xalqların və dövlətlərin ikitərəfli münasibətləri dünyada nümunədir. Bu nümunə formasının planetimizdə analoqu yoxdur. Qardaşlığı, dostluğu, birgəliyi göstərən siyasət həm də iki ölkə başçılarının şəxsi dostluğunu da bir daha qlobal mənada göstərmiş olur. Yəni İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri də bir-birinə qardaş deməsi, bir çox görüşlərdə əl-ələ tutaraq eyni bəyanatları vermələri bir qardaşlıq, dostluq nümunəsidir. Bunlar artıq siyasi mahiyyətini aşaraq doğmalıq mənasına gəlir. Həm də dünyaya işarədir ki, iki ölkə bütün sahələrdə bir yerdədir, onları ayrılmaz tellər bir-birinə sıx bağlayır. Düşünürük ki, bu dəfəki cənab Prezidentin ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin daha yeni müstəviyə keçməsi, daha da sıx birləşməsi üçün önəmli faktorlardan biri olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB