Fransa məkrli oyunlar oynayır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Fransa məkrli oyunlar oynayır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Bu gün Azərbaycanı, eləcə də sülhsevər ictimaiyyəti bir sual düşündürür: “Fransa Ermənistana münasibətdə nəyə əsaslanır, sülhə, ya müharibəyə?”. Əlbəttə Fransa ikinci variantı seçmişdir. Çünki bu dövlət əsrlər boyu müstəmləkəçi olub, milyonlarla insanın qətlinin səbəbkarıdır və müharibələr törətmək, münaqişələri qızışdırmaq, öz çirkin məqsədləri üçün bütün yaramaz vasitələrə əl atmaq onun dövlət siyasətidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Fransa Ermənistan dövlətinin inkişafı və erməni xalqının gələcəyi barədə fikirləşmir, əksinə, öz fitnəkar əməlləri ilə bu dövləti uçuruma sürükləyir, sülhə maneələr yaratmaqla insanların faciəsinə yollar açır.

“Paşinyanı oyuncaq kimi əlində oynadan, onun vasitəsi ilə Cənubi Qafqazda mövqe qazanmağa, Azərbaycana təsir mexanizmlərinə yiyələnməyə çalışan Makron və tərəfdaşları əslində, Ermənistanda qarşıdurmaların genişlənməsini istəyirlər. Ermənistanın baş nazirinin sabitliyə, əminamanlığa yönəldilən bəzi səyləri Fransanın əlaltıları - daşnaqsütun, din xadimləri, müxalifət qüvvələri tərəfindən heçə endirilir və revanşist qüvvələrə dəstək verilir. Çünki Fransa Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında, eləcə də Paşinyanın bu sahədəki təşəbbüslərində maraqlı deyildir.

Makron hakimiyyəti sülhə qol qoyarsa, Paşinyanı devirməyə hazırdir və bu son gedişlərdən aydın görünür. Fransa baş nazirin neytrallaşdırmaq istədiyi qüvvələrə yaxınlıq edir, onları təlimatlandırır və yolunu çaşdığı məqamda Paşinyanı devirməyə qadir olan qruplaşmaları fəallaşdırır və onlar Fransanın məkrli mövqeyindən sıxış edirlər. Bu isə Azərbaycan üçün yox, Ermənistan üçün təhlükəlidir. Çünki dövlətimiz güclü orduya malikdir, iqtisadiyyatımız davamlı və möhkəmdir, xalqımız birdir, yenilməzdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörən, mətanətli rəhbərdir. O, dünyada baş verən hadisələri düzgün qiymətləndirir və ordumuza, xalqımıza arxalanır. Dövlətimizin rəhbəri özünün andiçmə mərasimində bunu - dünya reallıqlarını bir daha dəyərləndirmiş və bildirmişdir ki, xalqımız ona yönələn hər bir təxribatın, məkrli məqsədlərin qarşısını almağa qadirdir. Belə olan halda, Ermənistan rəhbərliyi xalqın gələcəyi barədə ciddi düşünməli və Fransa kimi avantürist dövlətin yağlı vədlərinə inanmamalı, Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməlidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə