“Multikulturalizmi bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edirik“ - ŞƏRH EDİLDİ

“Bu gün "islamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Dünyada mövcud olan islamafobiya meyilləri ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaratmışdır. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu gün Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər: “Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də, internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır. Kütləvi İnformasiya vasitələri ilə yanaşı bir sıra təəssübkeş və tolerantlıqdan kənar siyasət adamlarının, politoloqların və ictimai xadimlərin İslamın və müsəlmanların əleyhinə edilən çıxışları da gözardı edilməməlidir. Bütün bu baş verən neqativ halların fonunda müsəlmanların cəmiyyətdən xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrət hissinə nəyin səbəb olması gün işığı kimi aşkara çıxmaqdadır.

İslamofobiyanın davam etməsinin bir digər səbəbi isə Qərb ölkələrinin başçılarının baş verənlər qarşısında susqunluqlarını davam etdirmələri və ya müəyyən vaxtlarda bu kimi şeylərə dəstək göstərmələridir.
Dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün bir örnəkdir. Azərbaycan multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir. Çünki, hazırkı qloballaşma, məlumat mübadiləsi və ümumi inteqrasiya proseslərinin özünü təcrid etmədə aktiv rol oynaması dəhşətli bir haldır. Müasir dünyada ən önəmli məsələlərdən biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir. Azərbaycanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. BMT-nin tribunasından istifadə edərək, Azərbaycan bir daha öz multikulturalizm ənənələrini göstərib, dünya ölkələrini mədəniyyətlərarası tolerantlıq və sivilizasiyalararası dialoqa hörmət etməyə çağırıb.

Bu gün bütün islam dünyası qarşısında dayanan ən vacib məsələ Qərbdə mövcud olan islamafobiyanın gələcək nəsillərə ötürülməməsi üçün birgə mübarizə aparmaqdan ibarət olmalıdır. Bu ideologiya ilə mübarizə üsullarından biri cəmiyyət içində tolerantlıq ideyasının yayılması və dövlətlərin bu siyasətə yönəlmələri göstərilə bilər. Nəticədə də bütün etnik-mədəni müxtəlifliklər, İslamofobiya, antisemitizm və digər dözümsüzlüklərlə bağlı neqativ hallar aradan qalxacaqdır.

Amma islamafobiya ilə mübarizə aparmaq üçün ilk şərt İslam həmrəyliyinin olmasıdır. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasından keçir. Bununla yanaşı islam həmrəyliyi dedikdə, həmçinin İslam ilə digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında əhangdar, bir-birinə inamlı münasibətlərin daha möhkəmlənməsinə, İslam ölkələri və digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək, real addımlar atmaq lazımdır. Amma yenə deyirəm ilk və ən vacib iş İslam həmrəyliyinin olmasından keçir”.

Bütün xəbərlər Facebook səhifəmizdə