Erməni vəkili Borrelldən NÖVBƏTİ HƏYASIZLIQ – TƏHLİL

Erməni vəkili Borrelldən NÖVBƏTİ HƏYASIZLIQ – TƏHLİL

Dəfələrlə şahidi olmuşuq ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Azərbaycana qarşı nəinki ədalətsiz mövqe nümayiş etdirib, hətta hadisələri təhrif etməklə və yalana əl atmaqla, görünməmiş həyasızlıq edib. Yenə də bu dırnaqarası “ali nümayəndə” erməni vəkili kimi çıxış edərək, “öz ənənəsinə” sadiqlik nümayiş etdirməklə, ikrah doğurmaqdadır. Görünür, hələ də buna görə utanmaq kimi bir niyyəti yoxdur, əksinə, yalana əl atmağa, utanmazcasına təhrifə yol verməyə, ədalətsizlik etməyə, bununla da həyasızlığa alışqanlığını sübut etməyə çalışır.

Diqqətə çatdıraq ki, fevralın 13-də Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı yenə də Borrell açıq-aşkar yalan danışdı. Aİ-nin həmin bu “ali nümayəndəsi” ağ yalan olaraq diqqəti cəlb edən nitqinə, dediklərinə sanki özü belə inanırmış kimi özünü apardı. Halbuki, onun fikirlərinin absurd olduğunu kimsə təkzib edə bilməz. “Ermənistan tərəfinin Azərbaycan əsgərləri istiqamətində atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verdi”, - deyən Borrell lap həddini aşdı. Çünki bu fikir ədalətsizliyin, haqsızlığın son həddi olaraq qəbul edildi. Avropanın baş diplomatı postunu tutan bir şəxsin belə bir açıqlaması, ilk növbədə, onun özü üçün hədsiz dərəcədə utancverici sayılır. Onun belə bir açıqlaması qəbul olunan normalara nəinki sayqısızlıq, hörmətsizlik, hətta həyasızlığın son həddi idi.

Belə görünür ki, erməni hərbçisinin Azərbaycan hərbçisinə atəş açması, özü də sülh təşəbbüsü ortada olduğu bir dövrdə təxribata əl atılması bu “baş diplomat” olan adamın başında fərqli, qeyri-normal fikirlər formalaşdırıbmış, az qala xırda bir dələduzluq olaraq qəbul edilirmiş və sadəcə təəssüf doğururmuş, amma buna Azərbaycan tərəfindən adekvat cavab verilməsi fəlakət sayılırmış. Bu qədər utanmazlıq bəlkə də bəşər tarixində görünməmişdi ki, bunu da ondan gördük. Son eskalasiyaya, erməni hərbçisinin Azərbaycan əsgərinə atəş açaraq onu yaralamasına görə rəsmi İrəvanı qınamaq əvəzinə Azərbaycanı hədəfə almağa ad qomaq da olmur. Əgər onu “baş diplomat” edən Avropa İttifaqı özü bir ad qoya bilirsə, buyursun.

Borrell İrəvanı qınamağa cəsarət etmədi, yoxsa bunu etmək istəmədi? Ümumiyyətlə, Borrell bununla nə etdi və nəyə nail oldu? İlk növbədə, özünün ermənipərəstliyini və ədalətsizliyini bir daha ortaya qoydu. Həyasızlığa əl atdığını növbəti dəfə təsdiqlədi. Bir daha sübut etdi ki, onun yanaşması da, münasibəti də ikili yanaşmadan başqa bir şey deyil. Yəni, həqiqətən də kimin günahkar və kimin haqlı olduğunu dərk etmək, qəbul etmək bu “baş diplomatın” başına sığışmır? Həqiqətən də dərk edə bilmir ki, atəşi açan tərəf, atəşkəsi və sakitliyi pozan, təxribat törədən tərəf günahkar hesab olunur? Bilmirmi ki, ittiham edərkən məhz ilk atəşi açanı deyil, buna cavab verəni hədəfə almaq ədalətsizliyin elə bir həddidir ki, buna ancaq həyasızlıq demək olar? Əgər bunlar onun başına sığışmırsa, onda onu niyə “baş diplomat” hesab etməlidir həmin o Avropa İttifaqı? İstənilən halda bu, elə Aİ-nin öz qayğısı, öz problemidir və bu barədə həmin o təşkilatın özü düşünsə və nəticə çıxarsa daha yaxşı olar, çünki bizim üçün məsələ artıq çoxdan bəllidir və özümüzə görə çıxardığımız nəticələrimiz də var.

Təbii ki, Borrellin kimliyi, daha doğrusu, simasızlığı bizə çoxdan bəlli idi. Biz onun Azərbaycana qarşı hansı şəkildə, özü də həyasızcasına qərəzli mövqe nümayiş etdirdiyinin dəfələrlə şahidi olmuşuq. Amma bu dəfə “baş diplomat” başını elə itirdi ki, sayıqlamaları ilə hədsiz dərəcədə həyasız olduğunu təkcə bizə yox, elə hamıya göstərdi. Bütövlükdə dünya ictimaiyyəti gördü ki, bu “ali nümayəndə” ali dəyərləri, haqqı, ədaləti, beynəlxalq normaları qətiyyən hesaba almır və yeri gələndə tapdalayır da. Sual oluna bilər ki, Avropa İttifaqı baş diplomat kimi onu qəbul edəndə hansı dəyərlərə əsaslanaraq qəbul edib? Axı onun bu vaxta qədər nümayiş etdirdiklərinin heç biri ali dəyər hesab oluna bilməz. Bəlkə elə Aİ-nin özünə də belə biri, belə bir həyasız lazım imiş ki, Azərbaycan kimi müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan dövlətə qarşı utanmadan “hücumlar” etsin?

“Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin bir gün əvvəl baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb”, deyən Josep Borrell bununla nəyi nəzərdə tuturmuş? Demək istəyirmiş ki, Azərbaycan tərəfi Ermənistan Müdafiə Nazirliyinin bəyanatından sonra heç bir reaksiya verməməli və insidentin sonsuza qədər və sonu olmayacaq araşdırılmasını gözləməli idi? Bəlkə onun dediyi o imiş ki, Azərbaycan öz tərəfinə, öz əsgərinə atılan güllələrə qətiyyən cavab verməməlidir? Yaxud, həqiqətənmi Borrell Azərbaycan tərəfinin cavab verməməsi ilə erməni snayperlərinin mümkün qədər çox Azərbaycan əsgərini öldürə bilməsinə şəraitin yaradılması barədə bir təklif irəli sürür? Doğrudanmı bu “baş diplomat” hesab olunan adımın, həmin o Borrellin başı bu qədər işləyir, yoxsa özünü bilərəkdən belə axmaqlığa qoyub? Bu qədər başsız olmaq mümkün deyil axı. Həmin bu “ali nümayəndə” gah deyir ki, Azərbaycan tərəfi proporsional cavab verməyib, gah da deyir ki, Ermənistan Müdafiə Nazirliyinin bir gün əvvəl baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb. Axı bu fikirlər də bir-birini təkzib edir. Çünki bəyanata məhəl qoyulmadığı barədə irad bildirən Borrell bununla demək istəyir ki, Azərbaycan tərəfi insidentə cavab verməməli, araşdırmanın nəticəsini gözləməli idi, amma proporsional cavab verilmədiyi o deməkdir ki, cavab verərkən eyni səviyyədə, eyni həddə cavab verilməli imiş. Bunlar qətiyyən üst-üstə düşməyən fikirlərdir. Baş diplomatın olmayan başında nələr olduğunu, əminik ki, özü də bilmir, amma nə gəldi sayıqlayır və dərhal da öz ermənipərəstliyini çox həyasızlıqla ortaya qoyur.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə Ermənistana qarşı sanksiyaların tətbiqinin vacibliyini bir dəfə də olsa dilə gətirməyən Borrellə indi nə düşüb ki, belə axmaq fikirlər səsləndirir? Məhz 44 günlük müharibə zamanı dinc Azərbaycan şəhərlərini atəşə tutan Ermənistan tərəfini qınamayan bu adam niyə indi canfəşanlıq edərək, erməni vəkili kimi özünü aparır? Human Rights Watch (HRW) təşkilatının 2020-ci ilin sentyabr-noyabr ayları arasında gedən döyüşlər zamanı Ermənistan qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı raket hücumları təşkil etdiyi barədə hesabat dərc etməsinə baxmayaraq, Ermənistanı qınamayan Borrell indi niyə dilini dinc qoymur? Azərbaycanın şəhərlərinə atılan həmin o icazə verilməyən raketlər səbəbindən dinc əhalinin, şəhər sakinlərin həyatını itirməsi deyil, şərti sərhəddəki cavab reaksiyası daha ağır təsir bağışladı Borrellə? Üstəlik, erməni snayperinin açdığı atəşi, sadəcə olaraq, “təəssüf doğuran” fakt hesab etdi, ardınca da Azərbaycanın cavabının proporsional olmamasına görə ölkəmizi hədəfə aldı və bu qədər ədabsizliyi, həyasızlığı, diplomatiyaya yaraşmayan tərzi özünə də “ali nümayəndə” olduğu quruma da çəkinmədən rəva bildi.

Bu qədər Azərbaycan həqiqətlərini, ölkəmizin işğala məruz qalmasını, torpaqlarımızın zəbt edilməsini, azərbaycanlılara qarşı törədilən soyqırımları, Xocalı kimi faciəni, insanlıq dramını, erməni separatçılarının ölüm, işgəncə təhdidi fonunda öz yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün 30 ilə yaxın müddət ərzində əzab-əziyyətlə yaşamasını dilə belə gətirməyən Borrellə nədənsə ermənilərin Azərbaycan torpaqlarını könüllü şəkildə tərk etməsinin “yer elədiyini” də xatırlayırıq. Ölüm, işgəncə, əsirlik təhdidi qarşısında qalan azərbaycanlıların qarlı qış axşamında başıaçıq, ayaqyalın dağ yolu ilə canını götürüb getməsini, nəticədə də don vurduğu üçün bəzilərinin ayaqlarını itirməsini, ömürlük şikəst qalmasını, öz avtomobilləri ilə, heç bir təhdid olmadan, bəzən köməkliklər belə olunaraq, başqalarının torpaqlarını tərk edən ermənilərlə müqaisə belə etmək üçün nə qədər ədalətsiz, hətta qansız olmaq lazım imiş. Bir milyondan artıq məcburi köçkünün olduğunu bir dəfə dilə gətirməyən, onların həyatı ilə 30 il ərzində bir dəfə də maraqlanmayan Borrell, nə əcəb Ermənistan tərəfinin onsuz da dəfələrlə şişirdilmiş olan 100 min erməni köçkünün olması barədə statistik göstəricisini bir də şişirdib 150 min deyir və azərbaycanlı qaçqınlara münasibətdə onillər boyu ağzına su alıb susan biri nədən bəs cəmi bir neçə gündən sonra ermənilərin könüllü şəkildə ərazilərimizi tərk etməsindən narahatlığını ifadə edir? Yəni bu qədər həyasızlığı kiminsə edəcəyini təsəvvürə belə gətirmək olmur və zənnimizcə Borrellin həmin o “təəssüf doğuran” fakt kimi dediyi yox, elə onun özünün Aİ adlı qurumda olması, özü də “ali nümayəndə”, eləcə də “baş diplomat” olması təəssüf doğurur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə