Avropa İttifaqı üçün “DEXİT” TƏHLÜKƏSİ – TƏHLİL

Avropa İttifaqı üçün “DEXİT” TƏHLÜKƏSİ – TƏHLİL

Avropa İttifaqı ilə bağlı son zamanlar heç də nikbin proqnozlar verilmir. Ümumiyyətlə, bu qurumun ciddi problemlər qarşısında olduğu bildirilir. Xüsusən də, Aİ-nin tərkibində olan bir neçə ölkənin həmin təşkilatı tərk etmək niyyətinin olması heç də həmin qurum üçün arzuolunan hal hesab olunmur. İtkilərin əhəmiyyətli dərəcədə böyük olacağı indidən bəllidir və görünür, həmin təşkilatın da, sözügedən təşkilatı tərk etmək qərarı barədə düşünən ölkələrin də narahatlığı səbəbsiz deyil. Çünki Avropa İttifaqı da, həmin təşkilatı tərk etmək barədə düşünən ölkələrin özləri də ciddi problemlər qarşısında olduqlarının fərqindədirlər.

Almaniyanın timsalında böyük bir Avropa ölkəsi Avropa İttifaqını tərk edəcəyi təqdirdə həmin təşkilatın nə ilə qarşılaşacağı barədə ciddi məlumatlar var. Statistik məlumatlara keçmədən öncə onu diqqətə çatdırmaq istərdik ki, həmin ölkənin təşkilatı tərk etməsi bir başlanğıc və istiqamət kimi də qəbul oluna bilər. Xüsusən də, Almaniyanın həmin təşkilatı tərk etməsinin ardınca digər Avropa ölkələrinin də belə bir addıma qoşulmayacağından Aİ qətiyyən sığortalanmayıb. Çox güman ki, digər Avropa ölkələrinin arasında Almaniyanın ardınca Avropa İttifaqı ilə vidalaşmaq istəyən ölkələr də olacaq və bu da həmin təşkilatın dağılma, yaxud da böyük təhlükə astanasında olduğu anlamına gəlir.

Sözsüz ki, Avropa İttifaqının gələcəyinin təhlükə altında olmasına səbəb olan amillərdən ən əsası həmin təşkilatın ən əsas iki üzvü olan ölkədə, Fransa və Almaniyada olan etiraz aksiyalarıdır. Hər iki Avropa ölkəsində itaətsizliyin pik həddə çatması katalizator rolunu oynamaqdadır. Ələlxüsus da fermerlərin, sürücülərin, tranzit daşıma şirkətləri işçilərinin aksiyalar zamanı kütləvi itaətsizliyinin hadisələrə ciddi şəkildə təsiri danılmazdır. Məhz bu səbəb həmin ölkələrdə sağçıların yüksəlişinə elə bir təkan verib ki, bu artıq həmin ölkələrin özündə belə etiraf edilməkdədir. Kütləvi itaətsizlik, sağçıların yüksəlişi daha çox Almaniyada müşahidə edilir və Fransada da buna oxşar belə bir ənənənin, belə bir tendensiyanın davam etməyəcəyi, digər Avropa ölkələrində də müşahidə edilməyəcəyi barədə qətiyyən heç nə demək olmaz. Əksinə, gözlənilənlər heç də qənaətbəxş deyil və narahatlıq da bu baxımdan anlaşılandır.

Almaniyanın daxilində artıq Avropa İttifaqından çıxmaqla əlaqədar çağırışlar günü-gündən artmaqdadır. “Dexit” adlandırılan bu prosesin istər Almaniyaya, istərsə də Avropa İttifaqına mümkün mənfi nəticələrinin indidən ciddi müzakirələrə səbəb olması, əsas müzakirə mövzusuna çevrilməsi heç də təsadüfi və əbəs yerə deyil. Ona görə ki, Almaniya Aİ-yə daxil olan dövlətlərdən əhəmiyyətli dərəcədə fərlənir. Ümumiyyətlə, quruma daxil olan həmin o 27 dövlətin hər birinin ölçüləri də, strukturları da, iqtisadiyyatı da fərqlidir və Almaniya sadalananlar baxımından təşkilatın lider ölkəsi hesab olunur. Almaniyanın iqtisadi potensialı və gücü Avropa İttifaqının bütövlükdə ümumi daxili məhsulunun demək olar ki, dörddə birini, daha dəqiq desək 24 faizini, üzv ölkələrdən birbaşa investisiyaların isə beşdə birini, daha dəqiq desək, 21 faizini təşkil edir. Avropa İttifaqı daxilində mal və xidmətlərin belə ən böyük idxalçısı və ixracatçısı elə məhz Almaniya sayılır. Bu baxımdan da, indi ekspertlərin əksəriyyəti belə bir qənaətdədirlər ki, sözügedən ölkənin təşkilatdan çıxması, yəni “Dexit” istər Aİ üçün, istərsə də Almaniyanın özü üçün də fəlakətli nəticələrlə nəticələnə bilər. Ən azından statistik göstəricilər, eləcə də iqtisadi proqnozlar bunu deməyə əsas verir və ekpertlər də məhz həmin göstəricilərə və proqnozlara görə bu qənaətdədirlər.

Bir çox araşdırmalar artıq iqtisadi proqnozlar vermək üçün kifayət qədər əsas hesab olunur. Məsələn, Almaniyanın Bertelsmann Fondunun araşdırmasına görə, Avropa İittifaqından çıxması həmin ölkənin də, təşkilatın da ümimi daxili məhsulunda azalmaya səbəb olacaq. Daha dəqiq desək, araşdırmalara görə təşkilatı tərk edəcəyi təqdirdə Almaniyanın ümumi daxili məhsulu 2030-cu ilə qədər onun təşkilatda qalması ilə müqayisədə 0,5 faiz azalacaq. Həmin araşdırmalara görə, həmçinin Aİ-nin özünün də həmin dövrdə ümumi daxili məhsulunda 0,3 faiz azalma müşahidə edilməlidir, hansıki bu statistik rəqəmlər heç də arzuolunan hesab edilmir. Sözügedən araşdırmalara görə, Almaniya ilə yanaşı təşkilatı tərk etmək niyyətində olan Böyük Britaniyanın da Avropa İttifaqını tərk etməsi həmin təşkilatın ixracının 1,7 faiz, Almaniyanın ixracının isə 3,2 faiz azalmasına gətirib çıxara bilər. Bu həmçinin Aİ əhalisinin müvafiq olaraq 1,4% və Almaniya əhalisinin 3,9% azalması deməkdir. Qeyd olunur ki, Almaniyanın Avropa İttifaqını və vahid bazarı tərk etməsi, daha ciddi ticarət maneələri və təşkilatın özünün də daxilində işçi qüvvəsinin hərəkətliliyinin azalması ilə nəticələnə bilər. Təkcə Almaniyanın Bertelsman Fondunun araşdırması deyil, digər mənbələr də oxşar proqnozlarla çıxış edirlər. Almaniyanın təşkilatı tərk etməsi fonunda iqtisadçıların əksəriyyəti zərəri indidən hesablayıblar. Məsələn, “Al Arabiya” yazır ki, iqtisadçılar Almaniyanın Aİ-dən çıxmasının zərərini hesablayıblar və bildirilir ki, “Dexit” baş verəcəyi təqdirdə, həmin təşkilat öz büdcəsinin beşdə birini, Almaniya iqtisadiyyatı isə 227 milyard avro itirəcək. 2023-cü ilin dördüncü rübündə enerji daşıyıcılarının qiymətlərinin artması, eləcə də Avropada tələbin zəifləməsi səbəbindən Almaniyanın ümumi daxili məhsulunda müşahidə edilən 0,3 faizlik geriləmə əlbəttə ki, həmin ölkənin öz rəqabət qabiliyyətini itirməsi anlamına gəlir. Həmin ölkədə ixracın belə ötən ildə 1,2 faiz azalması, Mərkəzi Bankın faiz dərəcələrini yüksəltməsi, bu səbəbdən də məcburi vergi tənzimləmələri və kənd təsərrüfatı subsidiyalarının kəsilməsi qaçılmaz olub və alman fermerlərinin, eləcə də digər sahələrdə çalışanların kütləvi etirazları da bu baxımdan təsadüfi sayılmır. Təbii ki, bütün bunlar qeyd olunan proseslərə də təsirsiz ötüşə bilməz.

Diqqətə çatdıraq ki, Avropa İttifaqının hesabına gəlirlər əldə edənlər də var. Buna görə də indi Aİ ilə bağlı proseslərin onlar üçün də təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır və haqlı olaraq da qeyd olunur ki, bu, yəni haqqında qeyd olunan “Dexit” bir çoxları üçün, həmin təşkilata daxil olan bir çox üzv dövlətlər üçün iqtisadi tənəzzül deməkdir. Məlumat üçün diqqətə çatdıraq ki, Avropa İttifaqının hesabat ili üçün büdcəsi təxmini olaraq, 143 milyard avrodur və bunun da 137 milyardını məhz üzv ölkələrin birbaşa investisiyaları təşkil edir. Bu məqamda onu da bildirmək yerinə düşərdi ki, Almaniyanın payı 30,3 milyard avropdan çox olduğu halda, Polşa, İspaniya və İtaliya kimi ölkələrin timsalında üzv ölkələrin əksəriyyətinin büdcədən aldığı pay ümumi büdcəyə qatdığından dəfələrlə çoxdur. Diqqətə çatdıraq ki, 2022-ci ildə Avropa İttifaqının ümumi büdcəsinə qoyduğu sərmayədən 16,6 milyard avro çox vəsait əldə edən Polşa kimi bir ölkə ən böyük benefisiar sayılır. Qoyduğu sərmayədən 13 milyard avro daha çox əldə edən İspaniya ikinci yerdə, qoyduğu vəsaitdən 8,4 milyard avro çox əldə edən İtaliya üçüncü yerdədir. Hər halda, Avropanın inkişaf etmiş hər üç ölkəsi barədə məlumat onu deməyə əsas verir ki, büdcədən aldığı payı ümumi büdcəyə qatdığından dəfələrlə çox olan üzv ölkələrin sayı kifayət qədər çoxdur. Haqqında qeyd olunan prosesin, “Dexit” dediyimizin həmin ölkələr üçün nə demək olduğunun sözsüz ki, fərqində olmamamaq mümkün deyil.

Almaniyanın daxili durumu və bu ölkədə gözlənilənlər heç də həmin ölkə üçün ürəkaçan deyil. Hazırda 7,5 milyon almanın aztəminatlı işlərdə çalışdığı barədə məlumat Aİ-nin son hesabatında belə qeyd olunur. Bu çox böyük bir rəqəmdir və belə bir statistik göstərici onu deməyə əsas verir ki, Almaniyada yoxsulluq riski altında olan insanlar yetərincədir. Hətta “Paritatischer Gesamtverband” qeyri-hökumət təşkilatının məlumatına görə, belə bir risk altında olan insanların nisbəti ümumi əhalinin 16,6 faizini təşkil edir. Daha dəqiq desək, Almaniyanın ümumi əhalisinin təqribən altıda biri yoxsulluq riski altında olan insanlardır. Sözsüz ki, bu faktor həmin o Avropa ölkəsi üçün təsirsiz ötüşə bilməz və görünən də odur ki, artıq Şərqi Almaniyada yaşayanlar arasında ksenofobik hisslər güclənməyə başlayıb. Heç şübhəsiz ki, həmin ölkədə qeydə alınan bu fakt və mövcud vəziyyət ölkənin gələcəyi ilə bağlı proqnoz verməyə əsas yaradır. Həmin proqnozlarda isə ən əsas olaraq qeyd olunur ki, mövcud şəraitlə bağlı vəziyyət, Almaniya kimi bir dövlətdə, Avropa İttifaqının əsas iqtisadi gücü hesab edilən ölkədə 2025-ci ildə keçiriləcək növbəti seçkilərdə ifrat sağçı partiya və təşkilatların populyarlığının əhəmiyyətli dərəcədə artmasına təkan verməkdədir. Hər halda bu proqnozlara əhəmiyyət verilməsəydi, Almaniya hakimiyyətində narahatlıq hiss olunmazdı. Ümumiyyətlə, Aİ-ni tərk etmək və buna oxşar qərarlar barədə düşünülməsi özü də təsdiq edir ki, Avropanın düz ortasında işlər heç də qaydasında deyil. Nə Avropa İttifaqı, nə də ittifaqa daxil olan Avropa ölkələri üçün yaxşı heç nə vəd edilmir. Görünür, qərəzli siyasi ambisiyalarla başqa ölkələrə irad tutmaq üçün ciddi cəhdlər edən və bəzən də əsassız, ədalətsiz şəkildə, özü də həyasızlıqla buna nail olan Aİ də, onun daxilində olan və vəziyyəti heç də yaxşı olmayan ölkələr də taleyin ironiyası ilə qarşılaşıblar, hanıki bunun fərqində olmaları onlar üçün daha məqsədəuyğun olardı, nəinki başqa dövlətlərin işlərinə burun soxmaq və ədalətsiz, ikili yanaşma sərgiləmək...

Avropanın müxtəlif strukturlarında Azərbaycana “öyüd” vermək, “yol göstərmək”, hələ bir üstəlik, utanmadan irad belə bildirmək niyyətində olan, bəzən də buna cəsarət edən Avropa ölkələrinin də, Aİ kimi bir təşkilatın özünün də hansı dərəcədə tənəzzül içərisində olduğu göz önündədir. İstər ölkəmizə münasibətdə ədalətsiz qərarların əsas təşkilatçıları olan ölkələr olsun, istərsə də onların Azərbaycana qarşı ikili yanaşmanı təsdiq edən təşəbbüsünə “boyun əyən” Avropa İttifaqı olsun, onlar özləri hazırda ciddi təhlükə ilə qarşılaşıblar və bilməlidirlər ki, özlərinə bu gün bir öyüd verən və yol göstərən lazımdır. Azərbaycan özünün apardığı siyasəti ilə onlara onsuz da bir örnək, bir nümunədir, amma istəsələr öyüd də verə bilərik, yol da göstərərik. Başa da sala bilərik ki, Avropanın həmin ölkələrinin, Aİ-nin iqtisadi inkişafının əsas lokomotivi sayılan enerji daşıyıcılarının əsas tədarükçülərindən olan və etibarlı tərəfdaş kimi artıq çoxdan özünü sübut edən Azərbaycanla münasibətlərə qərəzli siyasi ambisiyalarla kölgə salmaq qarşılaşdıqları tənəzzülü və təhlükələri daha dərinləşdirə bilər. Bununla belə, Avropa İttifaqı da, Avropanın indi tənəzzüllə qarşılaşan ölkələri də, hətta kobud şəkildə desək, quyruğu qapı arasında qalan dövlətləri də bilməlidirlər, özləri belə fərqində olmalıdırlar ki, Azərbaycanın hüquqi addımları, haqlı tələbləri və ölkəmizin yaratdığı reallığı nəzərə almaqla, ikili yanaşmanı bir kənara ataraq ədalətli yanaşma ortaya qoymaqla, ən azından taleyin ironiyasından yaxa qurtara bilərlər. Heç olmasa, Avropa İttifaqı da, ittifaqa daxil olan marionet ölkələr də ambisiyalardan əl çəkib, ədalətsiz yanaşmadan və kimlərə isə alət olmaqdan yaxa qurtarıb daxili problemlərin həlli ilə məşğul olsalar onlar üçün daha yaxşı olar və bəlkə də bu yolla “Dexit” misalında bir təhlükədən və eləcə də digər təhlükələrdən, tənəzzüldən yaxa qurtara bilərlər...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə