Prezident seçkilərinin nəticələri hüquqi qiymətini aldı – DEPUTATIN ŞƏRHİ

Prezident seçkilərinin nəticələri hüquqi qiymətini aldı – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu gün keçirilən plenum iclasında növbədənkənar prezident seçkilərinin nəticələri təsdiq olundu. Xalqımızın həyatında çox mühüm tarixi hadisə olan seçkilər hüquqi qiymətini aldı. Seçkilərin demokratik, şəffaf keçirildiyi barədə rəylər də Azərbaycanda ümumxalq səsverməsində kifayət qədər təcrübə qazanıldığını göstərdi. Xalqımız dünyaya seçib-seçilmək imkanlarını nümayiş etdirdi. Seçici fəallığı, yaradılan şərait qüsur axtarmağa vərdiş etmiş bəzi beynəlxalq təşkilatların arzusunu ürəyində qoydu. Xarici müşahidəçilərin çıxışlarında da ölkəmizdə seçkilərin demokratik keçirildiyi, İlham Əliyevin xalq tərəfindən bir daha, həm də yüksək faizlə dəstəkləndiyi məlum oldu. Bəli, bu, xalqımızın etibarlılıq, öz liderinə sadiqlik nümuməsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı həm müharibə meydanında, həm masada qalib olduğu kimi, sandıq başındakı seçimlərində də qalibdir: “Xalqımız növbəti dövr üçün öz rəhbərinin ətrafında sıx birləşmək yolunu seçdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyət sükanı arxasında görmək istəyən xalqımız bu seçimi onun siyasi varisi İlham Əliyevlə də davam etdirdi. Adına Zəfər seçkisi dediyimiz bu seçkilər xalqımızı növbəti dəfə birləşdirdi, bütövləşdirdi. Xalq-iqtidar birliyi seçkilərdə seçki aktivliyində və səslərin cənab İlham Heydər oğlu Əliyevə yönəlməsində öz təzahürünü tapdı. Əlbəttə, xalqın fikrini, rəyini, kimə səs verəcəyini seçkidən öncə keçirilmiş rəy sorğuları ifadə edirdi. Lakin insanların seçki prosesində iştirak etməklə bağlı böyük arzuları vardı. Bütün ölkə üzrə məntəqələrə insanların öz rəhbərinə dəstək olmaq üçün axışması dövlət başçına olan sevginin ifadəsi idi. İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səs verməsi dünyaya verilmiş növbəti ismarıc idi. Artıq münaqişə yoxdur. Xalq öz rəhbərini fatehi olduğu şəhərdə yenidən gördü. Azərbaycan xalqının iradəsinə, demokratik qərarlarına hörmət etməyən, seçkiyə kölgə salmağa çalışanlar isə rəzil oldular”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə