Fransanın geosiyasi ambisiyaları və Ermənistanda ÇEVRİLİŞ PLANI – TƏHLİL
Çoxdandır ki, erməni cəmiyyətində konstitusiya ilə bağlı səngiməyən müzakirələr gedir. Ermənistan konstitusiyasının dəyişdirilməsi artıq bir müddətdir ki, geniş müzakirə edilməkdədir. Əlbəttə ki, müzakirəyə səbəb olan məqamlar barədə açıq şəkildə bəyan da edilir. Səbəb də odur ki, həmin ölkədə revanşist qüvvələr Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini ölkələrinin növbəti kapitulyasiyası kimi cəmiyyətə təqdim edirlər. Hətta erməni cəmiyyətinin qorxu hissi, qorxu kompleksi də müşahidə edilməkdədir. Məhz revanşistlərin iddialarına inananlar elə hesab edirlər ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi ölkələrinin olmayan müstəqilliyinin, suverenliyinin tamamilə itirilməsi deməkdir, amma həmin müzakirələrin davamlı xarakter alması ortada hansısa başqa qüvvələrin də olduğunu təsdiq edir.
Erməni ictimaiyyətində revanşistlərin iddialarına inananlar və onların ideyalarını dəstəkləyənlərlə yanaşı, buna qarşı çıxanlar da var. Daha dəqiq desək, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsinə məntiqi nöqteyi-nəzərdən yanaşanlar da az deyil. Ölkələrinin vəziyyətinin hədsiz dərəcədə çətin olduğunu dərk edənlər başa düşürlər ki, Ermənistanın marginallaşmış vəziyyətdən çıxması, regional və beynəlxalq layihələrdə iştirak etməsi, əlaqələrini qurması, qonşu ölkələrlə münasibətlərini normallaşdırması üçün ilk növbədə sülh müqaviləsi imzalanmalıdır və sülh müqaviləsinin imzalanması üçün də Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi əsas şərtdir və mütləqdir. İndi rəsmi İrəvanın da mövqeyi belə düşünənlərlə üst-üstə düşür və Paşinyan hakimiyyəti yaxşı başa düşür ki, nəinki konstitusiya, ümumiyyətlə, bütövlükdə Ermənistanın bu vaxta qədər yürütdüyü siyasət tamamilə dəyişdirilməlidir. Ona görə də başda elə məhz erməni baş nazir özü olmaqla hazırki hakimiyyət ilk növbədə Ermənistan konstitusiyasının dəyişdirilməsində israrlıdır, baxmayaraq ki, erməni cəmiyyətində buna qarşı gələnlər də çoxluq təşkil edirlər.
Məsələ burasındadır ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi ilə bağlı Nikol Paşinyanın fikrinə təkcə erməni cəmiyyətində deyil, ölkə hüdudlarından kənarda da əks mövqe sərgiləyənlər var. Ən çox diqqəti cəlb edən məqam isə konstitusiya dəyişikliyinə Fransanın da guya “narahat” olmasıdır. Hal-hazırda Fransanın məhz Ermənistanda belə bir dəyişikliyə, konstitusiyasının dəyişdirilməsi məsələsinə mane olmaq cəhdi göz önündədir. Maraqlıdır, Ermənistan konstitusiyasının dəyişdirilməsi rəsmi Parisi niyə narahat edir? Tamamilə başqa bir ölkənin konstitusiyasının dəyişdirilməsi ilə bağlı “narahatlıq” nədən qaynaqlanır? Ümumiyyətlə, rəsmi Parisin istəyi, niyyəti nə ola bilər? Şəxsən Fransa prezidenti Emmanuel Makron Ermənistan konstitusiyasının dəyişdirilməsinə görə niyə narazıdır və məsələnin kökündə nə dayanır?
Bir daha qeyd edirik ki, revanşist qüvvələrin narahatlığını başa düşmək çətin deyil. Çünki Ermənistan konstitusiyasının dəyişdirilməsinin həmin revanşistlərin özlərinə də, onların revanşist əhval-ruhiyyələrinə də, ideyalarına da zərbə olduğunu yaxşı bilirik. Bilirik ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməsi dedikdə, oradakı ərazi iddialarının yiğışdırılması nəzərdə tutulur, amma bunu təbii şəkildə də qəbul etmək gərəkir. Ona görə ki, qonşu ölkəyə qarşı ərazi iddiası ilə çıxış edən bir ölkənin həmin qonşu ölkə ilə sülh müqaviləsi bağlaması absurddur və bu barədə iddia belə qətiyyən məntiqə uyğun deyil. Buradan da belə məlum olur ki, sülh niyyətində olanlar, ilk növbədə, ərazi iddialarından əl çəkməlidirlər və məhz bütün bunlar Ermənistandakı revanşist qüvvələri narahat edir. Çünki onlar ərazi iddiasından qətiyyən əl çəkmədiklərini bəyan edirlər və məhz bu kurs üzərində də fəaliyyət göstərdiklərini bildirirlər. Belə çıxır ki, Ermənistan konstitusiyasında dəyişiklik, ərazi iddiasının yığışdırılması ilə, ardınca da sülh müqaviləsinin bağlanması ilə onların fəaliyyətinə də, mövcudluğuna da son qoyulur və bu səbəbdən revanşist haylar hay-küy qaldırıblar. Lakin başqalarının, ələlxüsus da üçüncü tərəfin, lap elə Fransanın məhz Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsi ilə bağlı revanşist haylardan da artıq guya narahat olması və bu məsələni bəhanə edərək həmin ölkə ilə bağlı hansısa formada ortaya atılması fransızların tamamilə başqa niyyətinin olduğunu göstərir və bu niyyət heç də revanşistlərin mənafelərinin müdafiəsi demək deyil. Bu, Fransanın regiona soxulmaq istəyindən, Cənubi Qafqazda özünə yer eləmək niyyətindən, bir sözlə, geosiyasi ambisiyalarından irəli gələn məqamdır və bu məsələdə rəsmi Paris, şəxsən prezident Emmanuel Makron Ermənistanda kimi, yaxud da nəyi istəsə qurban verməyə hazır görünür.
Sirr deyil ki, Rusiyanın Ukrayna ilə bağlı planlarının və hələ də davam edən müharibənin fonunda rəsmi Moskva Ermənistana bir o qədər də diqqət ayırmır, yaxud ayıra bilmir və bundan da rəsmi Paris bacaqdıqca istifadə etməyə çalışır. Regionda özünə yer eləmək üçün Fransa revanşist qüvvələrə dəstək verməyi doğru yol hesab edir. Daha dəqiq desək, Makron hakimiyyəti revanşistlərdən istifadə etməyə çalışır. Amma belə bir məqamda Parisin özünəməxsus strategiyasının olduğu da diqqətdən yayınmır. Azərbaycan və Türkiyə ilə normallaşmağın əleyhinə olan “revanşistləri” öz himayəsinə götürdüyünü göstərməyə çalışan fransızlar lazım gəldiyi təqdirdə erməni baş nazirini, onun hakimiyyət komandasını belə qurban verməyə hazırdır. Şəxsən Emmanuel Makron belə bu anda öz ambisiyalarına görə Paşinyanın özünü də hakimiyyətdən uzaqlaşdırmağı məqbul hesab edir. Makron məhz Paşinyanın özündən də artıq erməni maraqlarını müdafiə etdiyini bəyan etməsi də təsadüfi deyildi. Bu fakt onu deməyə əsas verir ki, rəsmi Paris, elə şəxsən Makron özü istənilən anda Ermənistanda hakimiyyət çevrilişi üçün əlindən gələni etməyə hazırdır. Ola bilsin ki, bu istiqamətdə hazırlıqlar da görülüb və plan da hazırdır.
Paşinyan Ermənistanın revanşist qüvvələrinə beynəlxalq miqyasda ciddi dəstəyin olmaması görüntüsünü yaratmağa çalışır. Onun buna olan marağı da göz önündədir. Şübhəsiz ki, erməni baş nazirin də öz məqsədləri var və özünə rəqib hesab etdiyi revanşistləri zərərsizləşdirmək niyyəti də təkzib edilə bilməz. Paşinyanın məhz daşnaklara, erməni diasporuna, Qarabağ ermənilərinə və kilsəyə beynəlxalq dəstəyin olmadığını nümayişkəranə şəkildə göstərməsi bu baxımdan heç də təsadüfi və səbəbsiz deyil. Amma bütün bunların fonunda, daha dəqiq desək, bir ölkə rəhbərinin revanşist qüvvələrlə mübarizəsi fonunda başqa bir ölkənin həmin o revanşistlərə dəstək göstərdiyini nümayiş etdirməsi də diqqətdən yayınan deyil. Paşinyan həmin o revanşistlərə olan beynəlxalq dəstəyin olmadığını göstərmək istədiyi halda, əgər rəsmi Paris onları dəstəklədiyini göstərirsə və bunu nümayişkəranə şəkildə edirsə, deməli, erməni baş nazirin özü barəsində də Makron hakimiyyətinin müvafiq planları var. Açıq şəkildə desək, Fransa hakimiyyətinin Ermənistanda çevriliş planının olduğu qənaəti artıq çoxdandır ki, müzakirə olunmaqdadır və Vovayeviçin narahatlığı da bu mənada anlaşılandır.
Fransanın bir müddətdir ölkəmizə qarşı olduğu da, rəsmi Parisin uzun müddətdir anti-Azərbaycan mövqeyi də hər bizimizə çoxdandır ki, bəllidir. İstənilən beynəlxalq platformada və proseslərin gedişində bunun şahidi olmaqdayıq. Paris çoxdandır ki, Azərbaycana təzyiq etmək üçün beynəlxalq təşkilatlara da təsir göstərmək üçün əldən-ayaqdan gedir və bunun üçün müxtəlif variantlara əl atıldığı da bəllidir. AŞPA tərəfindən qəbul olunan ədalətsiz qərar belə səbəbsiz deyildi və Fransanın Azərbaycan əleyhinə cılız, rüsvayçı fəaliyyətinin, çirkin niyyətinin nəticəsi idi. Hələ Laçın yolu ilə bağlı məsələ ilə əlaqədar belə Fransanın çox aqressiv bir münasibət sərgiləməsi də deyilənləri təsdiq edir və bu gün rəsmi Bakının müstəqil siyasət yürütməsi heç də Parisi qane etmir, bundan da bərk narahatdır. Ümumiyyətlə, Bakıya təzyiq göstərə bilmədiyindən və eləcə də ifşa edilən cəsus şəbəkəsi ilə bağlı məlum məsələlərdən də aydın olur ki, Azərbaycanla əlaqədar hiylələrini yeridə bilmədiyi qənaətində gəldikdən sonra Fransa, regionda öz maraqlarını, geosiyasi ambisiyalarını məhz Ermənistan üzərindən reallaşdırmağa çalışır. Bu zaman Emmanuel Makronun yolunun üstünə çıxan Nikol Paşinyan özü belə onun üçün bir maneə sayılır və çox güman ki, həmin maneənin götürülməsi planlaşdırılır.
Nikol Paşinyan revanşistlərə qarşı çıxdıqca, Emmanuel Makron da onlara dəstək vəd edir. Bu o deməkdir ki, Fransa prezindenti üçün artıq erməni baş naziri zərrə qədər də əhəmiyyət kəsb etmir və onun siyasi arenadan götürülməsi rəsmi Parisin maraqları daxilindədir. İndi daha çox da guya xristianların təzyiqə və təsirə məruz qalması təsəvvürü və fikrini formalaşdırmağa çalışan, eləcə də Ermənistanın Azərbaycanla, Türkiyə ilə normallaşa bilən münasibətlərinin qarşısını almağa cəhd edən, regiona soxulmaqdan ötrü şeytanın belə ağlına gəlməyənləri düşünən Makron üçün erməni baş nazirini “aradan götürmək” zərrə qədər də çətinlik demək deyil, çox asandır və hətta məqbul hesab olunur. Erməni lobisinin, erməni kilsəsinin, eləcə də müxalifət düşərgəsinin, revanşistlərin Nikol Paşinyana qarşı birləşməsi də təsaddüfi sayılmır və şübhəsiz ki, bu məsələdə Fransanın, rəsmi Parisin, şəxsən Emmanuel Makronun barmağı var. Sözsüz ki, bu “barmaq” Fransanın geosiyasi ambisiyaları üçün ortadadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB