“Məşğulluğun təmin olunması Böyük Qayıdışın əsas hədəflərindən biridir” - MÜNASİBƏT BİLDİRİLDİ

“İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış Azərbaycan xalqının arzusu idi. Artıq biz təkcə Şuşa, Kəlbəcər, Laçına qayıdışla bağlı deyil, həm də Böyük Qayıdışın yeni mərhələsi kimi Xankəndi və Xocalıya qayıdışla bağlı danışırıq. Şübhəsiz ki, bütün bunlar olduqca mühüm məsələlərdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, məsələnin iki mühüm tərəfi var: “Bunlardan biri tarixi hadisə kimi Böyük Qayıdışı yaşamağımız, ikincisi isə Azərbaycan dövlətinin hesabına işğaldan azad edilmiş ərazilərdə evlərin tikilməsi, kommunikasiyaların çəkilməsi, iş yerlərinin açılması və vətəndaşların təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsidir. Düşünürəm ki, Azərbaycan bu tarixi prosesi həyata keçirməklə milli dövlətçiliyimizin yeni inkişaf mərhələsinə qədəm qoyub.
Biz artıq ərazilərimizin hər qarışında öz hüquqlarımızı bərpa etmiş dövlətin vətəndaşlarıyıq.

Ötən 30 illik işğal müddətində Azərbaycan vətəndaşlarının mülkiyyəti, ictimai binalar yerlə-yeksan edilib. Elə bir ev qalmayıb ki, vətəndaş qayıdıb, öz evində yaşaya bilsin. Buna görə də Azərbaycan dövlətinin siyasəti sayəsində büdcədən böyük həcmdə ayrılan maliyyə hesabına bərpa-quruculuq işləri görülür. Məşğulluğun təmin olunması da Böyük Qayıdışın əsas hədəflərindən biridir. Kompleks şəkildə həyata keçirilən Böyük Qayıdış vətəndaşların arzularının həyata keçirilməsidir. Digər tərəfdən bütün bunlar həm də ölkə iqtisadiyyatının inkişafı deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə