"Səfirliyimizə edilən hücumu adi sözlə həzm etmək olmur" - ŞƏRH EDİLDİ
İranda Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində edam qərarı çıxarılıb. İşin maraqlı tərəfi hücumun görüntülərinə baxdıqda görürük ki, həmin insan polisin gözü qarşısında səfirliyimizə hücum edir və polislər hadisəyə göz yumur. İndi isə İran məhkəməsi həmin terrorçunun ölüm hökmü barədə qərar qəbul edir. İran bu qərarda nə qədər səmimidir? Bunun arxasında nə dayanır? SİA mövzu ilə bağlı Milli Məclisin Azərbaycan-İran parlamnetlərarası işçi qrupunun üzvü Cavanşir Paşazadənin fikrini öyrənib.
Onun sözlərinə görə, İrandakı səfirliyimizə olan hücumda ölüm hadisəsinin olması xalqımızı və dövlətçiliyimizi bütün sahələrdə sarsıtdı: "Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar olması üçün çalışır. Çünki Azərbaycan və İranla müqavilələr mövcuddur, logistika yolları, dəmiryolu çəkilir. Ölkəmiz böyük məbləğdə vəsaitlərin qoyuluşunu öz üzərinə götürüb".
Millət vəkili bildirib ki, səfirliyimizə edilən hücumu adi sözlə həzm etmək olmur: "İndi də bizim vətəndaşlarımız bunu unuda bilmir. Terror hücumunu həyata keçirən adama nə cəza veriləcəyi ilə bağlı cənab Prezidentə bir neçə dəfə sual verilmişdi. Ölkə başçısı cavabında bildirmişdi ki, İranda səfirliyimizə qarşı törədilən hadisənin səbəbləri araşdırılmadan səfirliyin yenidən açılmasını həyata keçirə bilmərik. Təbii ki, İran tərəfi də buna laqeyd qalmadı. Biz gözləyirdik ki, bu hadisə ilə bağlı tədbir görülsün".
Bütün xəbərlər Facebook səhifəmizdə