Fransada azadlıq uğrunda korsikalıların mübarizəsinə Makron hakimiyyəti nə qədər mane olmağa çalışsa da, repessiyalar nə qədər davam etdirilsə də, bunun qarşısını almaq cəhdi heç də baş tutana oxşamır. Amma yeni yaradılmış Nazione partiyasının sıralarının günü-gündən artması ilə Fransa hökuməti də barışa bilmir. Bu səbəbdən də həmin partiyanın fəallarının evlərinə hücumlar edilir və insan haqlarından, söz azadlığından, demokratiyadan dəm vuran bir ölkədə, Fransada sadalanan ali dəyərlər qətiyyən hesaba alınmır.
Korsikalılara qarşı Fransa polisinin son dərəcə qəddar davranışlarının azadlıq uğrunda mübarizəyə qalxanları susdura bilmədiyi göz önündədir. Bir Avropa ölkəsində, Fransada müşahidə edilən repressiyalar heç bir fayda vermir və həmin ölkə hakimiyyətinin təzyiqlərinə məhəl qoymayan Nazione partiyasının Bastia şəhərində mətbuat konfransı keçirməsi, onlara qarşı hökumətin atdığı addımları qətiyyətlə pisləməsi təsdiq edir ki, azadlıq uğrunda mücadilə edənləri susdurmaq mümkün deyil və artıq onlar Parisə meydan oxuyurlar. Mətbuat konfransında çıxış edən partiyanın sözçüsünün və digər üzvlərinin məhz Fransa polisi tərəfindən həbs edilərək Parisə göndərilən iki Nasione partiyası fəalının dərhal azad edilməsini tələb etmələri, eləcə də daxili işlər naziri Cerald Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişi keçirməyə çağırmaları təsdiq edir ki, vəziyyət artıq Makron hakimiyyətinin düşündüyündən də gərgindir. Görünür, Paris buna görə də sözügedən partiyanın fəallarına qarşı son dərəcə amansızlıq edir.
Nazione partiyasının Baş Assambleyasının ilk iclasından cəmi iki gün keçdikdən sonra Fransa hakimiyyətinin həmin partiyanın iki fəalını, Anto Simoni və Nikolas Pinzuti həbs etməsi azadlıq uğrunda mübarizəyə qalxan korsikalıları qətiyyən qorxutmayıb. Fransa polisi tərəfindən edilən qəddarlıq, sözügedən partiyanın fəallarına və onların ailələrinə qarşı qəsdən edilən təcavüz azadlıq uğrunda mübarizəyə qalxanları daha da birləşdirib və sıralarını sıxlaşdırıb. Nazione partiyası fəallarının evlərinə basqın edilməsi, qapılarının sındırılması, öz övladlarının gözü qarşısında atalarının yerə uzadılaraq həbs edilməsi, onların evlərində əşyaların dağısılması, uşaqlarının oyuncaqlarının belə sındırılması həmin partiyanın üzvlərində hiddətə səbəb olub və bu, Fransa hakimiyyətinə qarşı onların qəzəbini daha da artırıb.
Mülki şəxslərə qarşı edilənləri Nazione partiyası ən pis avtoritar rejimlərə layiq olan acınacaqlı və qəbuledilməz hərəkət adlandırıb. Mətbuat konfransında partiya üzvləri Fransa hakimiyyətinin onlara qarşı qəddarcasına davranışlarını qətiyyətlə pisləyiblər və bu barədə yerli, eləcə də xarici mətbuata bildiriblər. Qeyd olunub ki, milli azadlıq hərəkatına qarşı Fransa hökumətinin bu təcavüzündə yeganə məqsəd Nazione partiyasının fəaliyyətini, ümumiyyətlə, böyük xalq hərəkatını dayandırmaq, eləcə də onun siyasi iradəsini qırmaqdır. Hər bir halda, həmin partiyanın qətiyyətli olduğu özünü göstərir, əks halda bu qədər amansızlıq və qəddarlıq onları öz yolundan döndərərdi. Əgər, Fransa polsinin qəddarlığı, həmin ölkə hakimiyyətinin repressiyaları fonunda Nazione partiyası yenə də öz fəaliyyətini və mübarizəsini davam etdirəcəyini bəyan edirsə, deməli, həqiqətən də çox israrlıdır.
Göründüyü kimi, Fransa hakimiyyəti də korsikalılarla razılaşmaq və öz repressiyalarından əl çəkmək niyyətində deyil. Təsadüfi deyil ki, Nazione partiyası mətbuat konfransında Fransanın siyasi liderlərinin hələ bundan sonra da güc, hakimiyyət amilinə arxalanacaqlarını bildirir. Deməli, partiya üzvləri görürlər ki, ölkə hakimiyyəti onlara qarşı hələ bundan sonra da davamlı şəkildə amansızlıq etmək niyyətindədir. Həqiqətən də görünən odur ki, artıq proseslər çox kobud bir forma alıb və Makron hakimiyyəti insan azadlığından dəm vurduğu halda öz ölkəsinin daxilində artıq bu ali dəyərə zərrə qədər də məhəl qoymur. Əksinə, rəsmi Parisin istənilən qəddar davranışa əl atacağını elə korsikalılar özləri də yaxşı bilirlər və buna əmindirlər. Çünki bilirlər ki, Fransa hökumətinin demokratiya və insan azadlığına, söz azadlığına hörmət etmək kimi bir niyyəti yoxdur. Ümumiyyətlə, Fransa tərəfindən bu vaxta qədər törədilən qanlı cinayətlər, Afrika ölkələrində qətillərə həmin ölkənin imza atması, milyondan artıq insanın tələfatına rəvac verməsi belə bir qənaətə gəlməyə əsas verir.
“Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətlə müdafiəsinə əsaslanır”, - deyə siyasi partiyanın sözçüsünün vurğulaması onu göstərir ki, Fransa hakimiyyəti bilərəkdən istiqlal hərəkatının təşəbbüsünü belə beşiyindəcə boğmaq niyyətindədir. Bu, həm də onu deməyə əsas verir ki, Fransa polisinin qəddar davranışı, hökumətin davam etdirdiyi repressiyalar Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi hərəkatın zərərsizləşdirilməsi siyasətinin tərkib hissəsidir. Həbslər də məhz həmin siyasi hərəkatın dayandırılması və bunun qarşısının alınması məqsədi daşıyır və korsikalılar bunu özləri də yaxşı başa düşürlər deyə qətiyyən geri çəkilmək niyyətində deyillər.
“Repressiyalar milli mübarizəmizi dayandırmağa və təslim olmağa heç vaxt bizi məcbur edə bilməz. Nazione partiyası bizim siyasətimizlə razılaşan bütün korsikalıları birləşdirərək siyasi layihəsini yaxın günlərdə də təbliğ etməyə davam edəcək”, - deyən partiya üzvləri yaxın günlərdə fəaliyyətlərinin daha da intensivləşəcəyini vurğulayıblar. Bu, artıq rəsmi Parisə qarşı meydan oxumaq deməkdir və bunun ardınca Fransada daha geniş miqyaslı polis qəddarlığının şahidi olacağımıza qətiyyən şübhəmiz yoxdur. “Repressiyaya son!” şuarı belə Fransa hökümətinin təzyiqlərinin davam edəcəyinə sözügedən partiyanın əminliyinin təsdiqidir.
Həqiqətən də 18 nəfərdən ibarət maskalı fransız polisinin Nazione fəallarının evlərinə basqın etməsi qəbuledilməz haldır. Özü də Makron hakimiyyətinin bu addımı Fransada əslində, demokratiya deyil, diktaturanın hökm sürdüyünü təsdiq edir. Məhz Nazione partiyasının üzvləri belə bu reallığı vurğulayırlar və qeyd edirlər ki, belə bir vəziyyət yalnız avtoritar rejim şəraitində mümkün ola bilər. Bir sözlə, azadlıq arzusunu dinc şəkildə ifadə edən korsikalılara, Nazione partiyası fəallarına qarşı Fransa hökumətinin atdığı addım elə həmin ölkə daxilindəcə repressiya və qəddarlıq kimi qiymətləndirilir. Elə həmin ölkə daxilindəcə qeyd olunur ki, belə qəddarlığa və repressiyalara rəvac verən, yol verən ölkə demokratik ola bilməz. Qəti şəkildə bildirilir ki, Fransada demokratiya yox, diktatura hökm sürür və haqlı olaraq qeyd olunur ki, bu ölkədə avtoritar rejim var.
İndi bizim üçün də maraqlıdır ki, bəs AŞPA deyilən qurumda, digər beynəlxalq təşkilatlarda demokratiyadan ağız dolusu danışan Fransa nə əcəb öz daxilində həmin ali dəyərə zərrə qədər də hörmət etmir? Ümumiyyətlə, Makron demokratiyanı belə yüksək qiymətləndirirsə, bəs niyə öz ölkəsində bunu tətbiq etmir? Dünyaya demokratiya dərsi keçən, ələlxüsus da xalqların öz müqəddəratını təyinetmə hüququnu guya müdafiə edən, dil, din azadlığından dəm vuran Fransa guya müdafiə etdiyi dəyərləri Korsika adasında niyə nəzərə almır və tapdalayır? Niyə Korsika adasında baş verən hadisələr, korsikalıların öz müqəddəratını təyin etmək istəklərini, müstəqil olmaq arzularını bəyan etmələri rəsmi Parisi narahat edir? Axı repressiyaların səviyyəsini günü-gündən artırmaqla, Korsikadakı hərəkatı boğmaq niyyəti və cəhdi Fransanın dəm vurduğu ali dəyərlərlə, ələlxüsus da xalqların öz müqəddəratını təyin etmə hüququnu guya müdafiə etməsi ilə qətiyyən üst-üstə düşmür.
Diqqətə çatdıraq ki, korsikalılar Avropanın ən qədim xalqlarındandır və onlar Korsika adasının yerli əhalisi, yəni, aborigen xalqıdır. Korsikalılar özünəməxsus mədəniyyətə, özünəməxsus dil və adət-ənənəyə sahibdirlər. Onların mədəniyyətləri də, adət-ənənələri də, dilləri də fransızlarınkından fərlidir. Ümumiyyətlə, korsikalılar fransız deyillər. Korsikalılar əsrlərdir ki, müstəqil olmaq arzusundadırlar. Bu gün Fransa hökumətinin barışmaq istəmədiyi hal, məhz korsikalıların yenidən öz müqəddəratını təyin etmək istəyinin, müstəqil olmaq, azad olmaq arzusunun yenidən bəyan edilməsidir. Bəli, korsikalılar öz müqəddəratlarını özləri təyin etmək istəyirlər, azad və müstəqil olmaq istəyirlər. Rəsmi Parisin onların dilini belə qadağan edərək, onları asimilyasiya etmək cəhdini korsikalılar qətiyyən qəbul etmirlər. Artıq əsrlər boyu Fransa hökuməti ilə kompromis də işə yaramır və görünən odur ki, Korsika adasının yerli xalqı öz istəyində, azad olmaq, müstəqil olmaq niyyətində israrlı və qətiyyətlidir. Amma Fransa hökuməti, Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərin guya öz müqəddəratını təyin etmə hüququnun təmin edilməsini tələb edən Makron hakimiyyəti bu barədə eşitmək belə istəmir. Maraqlıdır, Makron öz müqəddəratını təyin etmə deyəndə, müstəqillik, azadlıq, söz azadlığı və demokratiya deyə dünyaya səs salanda ancaq başqa ölkələrdə bunu tətbiq etməyi nəzərdə tuturmuş?
Çox maraqlı və həm də ciddi bir presedent ortaya çıxır. Bilirik ki, korsikalılar öz doğma torpaqlarında, onlara məxsus olan ərazilərdə azadlıq istəyirlər, müstəqil olmaq arzularnı, niyyətlərini bəyan edirlər, başqalarına məxsus olan ərazilərdə və torpaqlarda yox. Onlardan fərqli şəkildə isə ermənilər başqa ölkənin ərazisində, başqa bir dövlətə və xalqa məxsus torpaqlarda bu müstəqilliyi “qoparmaq”, öz müqəddəratını təyin etmək, müstəqil dövlət olmaq, hətta başqa ölkəyə məxsus ərazilərdə ikinci bir erməni dövləti yaratmaq niyyətindədirlər. Maraqlıdır, nə əcəb ermənilərin məhz Azərbaycanın Qarabağ iqtisadi rayonunda mifik müstəqillik arzularını ali məqsəd, mütləq şəkildə reallaşdırılmalı olan məram kimi müdafiə edən Makron, demək olar ki, bütün platformalarda, beynəlxalq qurumlarda bunu dəstəkləyən bir avropalı lider, bir Avropa ölkəsinin prezidenti indi öz ölkəsində, həqiqətən də sadalanan huquqları olan xalqa müstəqillik əldə etmək üçün qətiyyən imkan vermir? Azərbaycan ərazilərini öz xoşuna və könüllü şəkildə tərk edənlərə qarşı guya qeyri-qanuni davranıldığını, təzyiq edildiyini, hüquqlarının pozulduğunu utanmadan deyən Makron indi hansı üzlə öz ölkəsində insanların səsini boğur, evlərinə basqın etdirir və hüquqlarını tapdalayır?
Yeri gəlmişkən, rəsmi Parisə, Fransa hökumətinə xatırlatmaq istərdik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda sonradan məşkunlaşan və cəmi bir neçə onillər boyu yaşayan ermənilər, həmin əraziləri, həmin torpaqları ələ keçirmək və orada yeni bir dövlət qurmaq niyyətində, arzusunda olublar və hələ də bu arzu onların başlarını dumanlandırmaqdadır. Makron cənablarına bir daha xatırlatmaq istərdik ki, ermənilər öz müqəddəratları deyərkən, Azərbaycan ərazilərində, bizim torpaqlarımızda ikinci bir erməni dövləti qurmağı nəzərdə tuturlar. Dünyanın heç bir xalqı yer planetində ikinci dövlətə sahib olmadığı halda, tarix boyu bir yerdən başqa yerə köç etmək məcburiyyətində olan, öz torpaqları, vətəni olmayan haylar həyasızcasına onlara bir zamanlar Rusiya tərəfindən rəsmən “pay edilən” torpaqlarda dövlət qurmaqla kifayətlənməyərək, ikinci bir erməni dövlətini, özü də yenə Azərbaycan ərazilərində qurmağı utanmadan bəyan edirlər və Makron kimi ermənidən betər erməni də bunu dəstəkləyir.
İndi Makron ciddi bir presedentin ortada olduğunun fərqində olmalıdır. Fərqində olmalıdır ki, əgər xalqlara öz müqəddəratını həll etmək imkanı verilməlidirsə, bu imkan qətiyyən belə bir hüququ olmayan ermənilərə yox, ilk növbədə və birbaşa korsikalılara verilməlidir. Qonşu dövlətin ərazilərində və özlərinə məxsus olmayan torpaqlarda ermənilərin öz müqəddəratını təyin etmək, müstəqillik əldə etmək, ikinci bir erməni dövləti qurmaq cəfəngiyyatı yox, məhz mədəniyyəti, dili, adət-ənənələri belə fransızlardan tamamilə fərqli olan və yerli, aborigen xalq olan korsikalıların öz müqəddəratlarını həll etmək hüquqları var. Azərbaycanın Qarabağ iqtisadi rayonuna köçürülən erməni əsillilərdən fərqli olaraq, məhz Korsika adasının yerli sakinləri, korsikalılar öz müqəddəratlarını da təyin etməlidirlər və öz müstəqilliklərini də bəyan etməlidirlər, hətta müstəqil dövlət olmalıdırlar. Dəfələrlə müxtəlif platformalarda olmayan hüquqdan ağız dolusu danışışan, erməni dəyirmanına erməni baş nazirindən belə çox su tökdüyü ilə utanmadan fəxr edən Makron bilməlidir ki, məhz korsikalılarla bağlı məsələ çox ciddi bir presedent deməkdir. O, əgər ermənilərə Fransa ərazilərində ikinci bir erməni dövləti qurmağa imkan vermirsə, heç olmasa, Korsika adasının yerli əhalisinə, aborigen xalqına, korsikalılara imkan versin. Yox, əgər bunu da bacarmırsa, o zaman ermənilərin uydurmalarına alət olaraq, hansısa mifik cəfəngiyyatlarına əsaslanaraq, onlara aid olmayan ərazilər barədə sayıqlamalarına da olsa son qoysun. Əks halda, bundan sonra daha gülünc görünəcək və məhz korsikalılarla bağlı daha ciddi bir presedent onun qarşısında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB