Haylar üçün fəlakət vəd edən FRANSA-ERMƏNİSTAN OYUNLARI - TƏHLİL
Emmanuel Makronun prezidentliyi dövründə Fransanın Ermənistanı alət edərək, oynadığı oyunlar məhz Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək və rəsmi Parisin öz çirkin niyyətlərini reallaşdırmaq niyyətindən irəli gəlir. İşğalçı ölkəni silahlandırmaq, həmin ölkəyə hərbi sahədə dəsətək vermək sülh niyyəti ilə bağlı ola bilməz. Əksinə, görünən odur ki, rəsmi Paris İrəvana dəstək verməklə, xüsusisən də hərbi sahədə köməkliklər göstərməklə, həmin ölkəni yeni müharibələrə, yeni münaqişələrə doğru sürükləyir.
Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyerin Ermənistanda Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının yerləşdiyi yerə nümayişkaranə səfəri bir çox məqamlara aydınlıq gətimək üçün kifayət edir. “Uilyam De Meyer Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub”, deyə həmin missiyanın bəyanatında bildirilməsi sıradan bir mesaj kimi qəbul oluna bilməz. Belə çıxır ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı kənardan burun soxanlar var və bu açıq-aşkar şəkildə etiraf da edilir. Hər halda, heç bir vasitəçi olmadan danışıqların və sülh təşəbbüsünün gündəmdə olduğu bir vaxtda hansısa ölkənin, daha dəqiq desək, Fransanın Milli Jandarmının briqada generalının, qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə burun soxmasına qətiyyən ehtiyac duyula bilməzdi. Əgər burun soxulursa, deməli, niyyət tamamilə başqadır və Fransanın sülh deyil, münaqişə, müharibə niyyəti göz önündədir.
Uilyam De Meyerin başqa bir yerə deyil, məhz sərhəd bölgəsinə səfəri bir daha sübut edir ki, Avropa İttifaqının Ermənistandakı missiyası heç də mülki missiya deyil və dinc sayıla bilməz. Həmin o briqada generalının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olması barədə bildirilməsi də təsdiq edir ki, sözügedən missiya kəşfiyyat və hərbi missiyadır. Avropalıların bunu təkzib etməsi, yaxd inkar etməsi heç də inandırıcı deyil. Çünki Ermənistanda Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının yerləşdiyi yerə nümayişkaranə səfər edən Uilyam De Meyerin sadəcə olaraq jandarm generalı olmaması bəllidir. Bəlli olan odur ki, o, bir vaxtlar Fransa Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı Direktorluğunda və Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətində işləyib və sözsüz ki, bu strukturların Fransa kəşfiyyatı ilə sıx bağlı olduğunu qəbul etməmək sadəlövhlük olardı. “Avropa İttifaqının Ermənistandakı missiyası rəhbərinin müavini Fransanın keçmiş xarici kəşfiyyatçısıdır”, deyən Hayk Nahapetyan kimi erməni ekspertlərinin də məlum qənaətə gəlmələri özü də deyilənləri təsdiq edən məqamdır. Daha dəqiq desək, erməni ekspertləri özləri də artıq məsələ ilə bağlı etiraflar edirlərsə, deməli, şübhə edəcək heç nə qalmır.
İndi dırnaqarası “vəziyyətlə tanışlıq” kimi təqdim olunan heç də deyilən və eşidilən kimi deyil. Rəsmi Paris “tanışlıq” üçün bu boyda “oyun” qurmağa qətiyyən ehtiyac duymur və prezident Makron özü istənilən anda vəziyyətlə bağlı elə öz erməni bacılarından məlumat ala, vəziyyətlə tanış ola bilər. Artıq bəllidir ki, Fransa üçün maraqlı olan bir neçə aydır keçirilən kəşfiyyat təlimidir. Sözsüz ki, bunun da fonunda fransızların erməni ordusunu yenidən silahlandırmaq cəhdləri özünü biruzə verir. Çox güman ki, Aİ missiyasının həcminin artırılması adı altında həmin o silahlandırmaq niyyətinin reallaşdırılması düşünülür. İstənilən halda, Fransa Ermənistanı silahlandırmaq və intiqam adı ilə həmin ölkəni münaqişəyə, müharibəyə sürükləməkdədir. Təbii ki, hücum etməyə, heç olmasa bir qarış da olsa torpaq ələ keçirməyə erməniləri şirnikləndirmək fransızlar üçün çətin deyil. Çünki onsuz da hayların belə bir “iştahası” hər zaman olub və bu, fransızlara çoxdan bəllidir deyə bundan istifadə etmək heç də çətin olmaz. Yəni rəsmi Paris hayların başqalarına məxsus olanı mənimsəmək, özünə məxsus olmayanı özününküləşdirmək xislətinə bələd olduğu üçün belə bir plan barəsində düşünə bilər. Yəqin ki, Fransanın dəstəyinə ümid edən ermənilər də bu baxımdan sülh təşəbbüsü barədə düşünməyə tələsmirlər və görünür, rəsmi İrəvan da sülh müqaviləsinin imzalanmasını bu səbəbdən gecikdirir və hər cür bəhanələr uydurmaqla, bir növ açıq-aşkar nəyə isə ümid bəsləyir.
Məhz hayların belə mənasız ümidləri fransızları, ələlxüsus da ermənidən betər erməni olan Emmanuel Makronu bir qədər həvəsləndirir. Hətta onu bir çox addımlar atmağa, Ermənistan üzərindən Cənubi Qafqazda oyunlar qurmağa sövq edir. Fransa tərəfindən gah silah göndərilir, gah vədlər verilir, gah da hərbi dəstək barədə danışıqlar aparılır ki, bütün bunlar oyunun bir parçası və üzdə olan hissəsidir. Hayların aldıqları sınıq-salxaq hərbi texnikadan belə nə qədər “sevincək” olduqlarını görən fransızlar erməni bacılarını istədikləri istiqamətə yönəltməkdə çətinlik çəkməyəcəkləri qənaətinə gəliblər və hansı oyunu istəsələr qura biləcəklərinə əmindirlər. Ola bilsin ki, 44 günlük müharibədən, sonra da anti-terror tədbirlərindən lazımınca dərs almayan ermənilər də ortaya çıxa bilər və yenə də müharibə istəyində olduqlarını bildirərlər. Yəni, Fransanın oyununda alət ola bilərlər. Amma onlar dərk etsələr yaxşı olar ki, bu oyunlar ümumilikdə erməni cəmiyyətinə daha ağır fəlakətlər vəd edir və bu onlar üçün daha acınacaqlı sonluq deməkdir. Hər halda, oyunlara alət olub-olmamaq seçimi Ermənistanın öz əlindədir və bəlkə də rəsmi İrəvan özü də Parislə bərabər oyuna razılıq verib. Lakin bu Fransa-Ermənistan oyunları yekunda erməni xalqı üçün heç də yaxşı nəticələr vəd etmir.
Düşmənlərimizin nə qədər hiyləgər olduğunu artıq çox yaxşı bilirik, oynadıqları oyunlar bərəsində də məlumatlıyıq və ən azından tarixi təcrübəmiz bizə ehtiyatlı olmağın vacibliyinin fərqində olmaq üçün yetərlidir. Bu baxımdan da hadisələrin belə cərəyan etməsi, məhz Fransanın Ermənistanla oynadığı oyunlar onu deməyə əsas verir ki, Azərbaycanın işğalçı ölkə sərhədlərini daha da möhkəmləndirməsi, istənilən təxribata hazır olması günün tələbidir. “Ordumuzun qurulması prosesi davam edəcək. Ermənistan bilməlidir ki, nə qədər silah alsa da, nə qədər dəstəklənsə də, bizə qarşı hər hansı təhlükə mənbəyi dərhal məhv ediləcək. Bunu gizlətmirəm ki, sabah heç kim gözlənilməz bir şeyin baş verdiyini deməsin. Qoy hamı eşitsin ki, əgər biz bu fransız zibilləri, “Bastion” adlı bu qutuları deyil, özümüz üçün real təhlükə aşkar etsək, onların məhv edilməsi üçün dərhal qabaqlayıcı tədbirlər görəcəyik”, deyə bəyan edən Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli mətbuata açıqlamasında çox ciddi mesajlar ünvanlayıb. Bu mesajlar bizim düşmənlərimizə hər zaman hazır olduğumuzu və istənilən zaman baş qaldıracaqları təqdirdə yenə də onların öz yerində oturdulacağına əminlik ifadə edir.
Ümumiyyətlə, Fransanın Ermənistanla hansısa təhlükəli oyunlar qurması bir sıra qonşu ölkələrə də təsirsiz ötüşə bilməz. Daha doğrusu, qonşu ölkələrin narahatlıq keçirməsi üçün də əsas var. Məsələn, Ermənistan ərazisində hərbi bazası, sərhədçiləri və digər hərbi infrastrukturları olan Rusiya bununla bağlı daha çox narahat olmalıdır və heç şübhəsiz ki, narahatdır da. Kremlin prosesləri izlədiyinə və istənilən məqamda bu məsələlərə müdaxilə edəcəyinə də şübhə yoxdur, çünki Moskva regionda öz maraqlarını nəzərə almayacaq və Parisə güzəştə gedəcək görünmür. Həmçinin Fransanın bölgəyə burun soxması İran üçün də arzuolunan hal sayılmır. Çünki qeyri-regional oyunçuların ortaya atılması İran tərəfini hər zaman narahat edib. Maraqlarının əksinə olan istənilən addıma İran tərəfi biganə qalmayıb və dərhal da reaksiya verib. İndi də Parisin yuyulmamış qaşıq kimi ortaya atılmasına görə İran tərəfi də sözsüz ki, narahatdır və öz etirazını da bildirəcəyinə zərrə qədər şübhə ola bilməz. Artıq bir çox ölkələr üçün, ələlxüsus da Rusiya, eləcə də İran üçün sirr deyil ki, Qərb Ermənistandan Azərbaycana, Rusiyaya, İrana və Türkiyəyə qarşı kəşfiyyat yeri kimi istifadə edir. Yəni, missiya adı altında qorduğu oyunların pərdə arxasında başqa niyyətlərin olduğu danılmazdır. Görünən odur ki, Ermənistan bu niyyətlərə də, planlara da, oyunlara da müti şəkildə boyun əyir və oyunun bir parçası olmağa da razıdır. Amma bu o demək deyil ki, digər ölkələr də bununla razılaşıblar və ya bundan sonra razılaşacaqlar. Qətiyyən. Çünki Ermənistan-Fransa oyunlarının bütün region üçün problem demək olduğu bəllidir.
Bəli, həqiqətən də Fransa hər zaman olduğu kimi, yenə də hansısa oyunlar qurur və bu oyunlar çirkin niyyətləri reallaşdırmaq üçündür. Bu baxımdan da həmin oyunların təsirsiz ötüşməyəcəyi ölkələrin, ələlxüsus da region dövlətlərinin Fransa-Ermənistan oyunlarına görə narahatlığı da başadüşüləndir. Başa düşülməyən isə, Ermənistanın könüllü şəkildə həmin oyunlara alət olmağa razılıq verməsidir. Çünki Fransanın bu vaxta qədər törətdiklərini bilə-bilə ölkələrini nələr gözlədiyini hayların anlamadığını başa düşmək çox çətindir. Bu oyunların fonunda Ermənistanın nə ilə qarşılaşacağını, erməni cəmiyyəti üçün nələrin hazırlandığını dərk etməyənləri həqiqətən də başa düşmək olmur. Hər halda haylar Livanın acınacaqlı taleyindən xəbərdar olmaya bilməzlər və Fransanın oyunlarının ardınca Ermənistanın eyni ilə Livanın taleyini yaşamayacağı barədə rəsmi İrəvan heç də sığortalı deyil. Deməli, belə çıxır ki, haylar özləri üçün fəlakət vəd edən Fransa-Ermənistan oyunlarına nəinki göz yumurlar hətta körtəbii şəkildə alət olmağı da qəbul edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB