Prezident İlham Əliyev bildirib ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa və tərəfdarlarının prezident seçkiləri zamanı hansısa təxribat törətmə ehtimalı varmı? SİA mövzu ilə bağlı politoloqlar Elxan Şahinoğlu və Cümşüd Nuriyevin fikirlərini öyrənib.
Elxan Şahinoğlu bildirib ki, Fransa prinsipcə təxribatları davam etdirir: “Sərhəddə də müşahidə missiyasının sayı artırılıb. Onlar artıq Azərbaycan sərhədinə çox yaxınlaşıblar. Missiya nümayəndələrindən biri sərhədimizi qanunsuz keçib və hazırda istintaq təcridxanasındadır. İstisna deyil ki, seçki günü də sərhəddə təxribat cəhdi olsun. Ona görə də hesab edirəm ki, artıq ordumuz və Dövlət Sərhəq Xidməti təhlükəsizlik tədbirlərini artırıb. Hansısa insident yaşansa belə, bu Azərbaycanda keçirilən prezident seçkilərinə təsir etməyəcək”.
Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan Fransanın hansısa təxribat törətməsinə imkan verməyəcək: “Həm hüquq-mühafizə orqanlarının bu şansı onlara vermək ehtimalı yoxdur, ikincisi də Fransanın Azərbaycana gücü çatırmı? Onsuz da Fransa indiyə qədər Azərbaycanın əleyhinə olub. Rəsmi Paris bu proseslərin hamısında maşa rolunu oynayır, ABŞ-yə maşalıq edir. ABŞ İlham Əliyevin Qarabağda qazandığı zəfəri heç cür sindirə bilmir. Çünki ABŞ hazırda siyasi cəhətdən uğursuzluğa düçar olub. Mən özüm də Avropanın Azərbaycandakı nümayəndələrinin yaratdığı koalisiyanın müşahidəçisi kimi iştirak edəcəyəm. Əminəm ki, seçkilər çox yüksək səviyyədə keçiriləcək. Nəinki Fransa, Ermənistanı istəyən bütün qüvvələr Azərbaycanda heçnəyə nail ola bilməyəcəklər. Ölkənin böyük əksəriyyəti İlham Əliyevin tərəfdarıdır. Bu tip məsələlərdə narahat olmağa dəyməz. Həm Azərbaycan hüquq-mühafizə orqanları yüksək səviyyədə çalışırlar, həm də Azərbaycan İlham Əliyevin yanındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB