Fransada “DEMOKRATİK DİKTATURA” – TƏHLİL

Fransada “DEMOKRATİK DİKTATURA” – TƏHLİL

Fransanın özünü demokratik ölkələrdən biri kimi göstərməyə çalışması və eləcə də demokratik dəyərlərin qoruyucularından biri kimi sırıması ilə bu ölkənin törətdiyi qanlı hadisələr və həmin ölkənin öz daxilində olan diktatura heç də bir araya sığmır. Milyondan artıq insanın qətlinə imza atan bir Avropa ölkəsində etirazçıların səsinin boğulması artıq heç bir ölçüyə gəlmir və Fransa dövlətinin demokratiya iddiaları ilə paradoks təşkil edir. Demokratik olduğu iddia edilən ölkədə diktaturanın olmasına başqa ad vermək mümkün də deyil, çünki paradoksallıq özünü göstərir.

Makron diktaturası təkcə Fransada deyil, ümumiyyətlə, Avropa Birliyi məkanında belə demokratiya və insan haqları anlayışını oyuncağa çevirməkdədir. Görünən odur ki, rəsmi Parisə daha demokratiya və insan haqları qətiyyən lazım deyil. Amma unutmaq da lazım deyil ki, Fransa hazırda Avropa Birliyinin iki avanqard ölkəsindən biridir və rəsmi Paris diktaturaya meyillənirsə, onsuz da formal xarakter daşıyan demokratik dəyərlərdən imtina edirsə, Avropa Birliyinə də bu, təsirsiz ötüşə bilməz. Daha dəqiq desək, rəsmi Paris öz daxilində diktaturaya meydan açırsa, deməli, bunun təsiri ümumilikdə Avropa Birliyi məkanına da olacaq və belə görünür ki, Fransa bununla həmin məkanda belə demokratik dəyərləri "dəfn etmək" niyyətindədir. Əgər təsir variantı olmasaydı, Fransa Avropa Birliyi sıralarında qala bilməzdi və bu qurumun sanksiyalarına tuş gələrdi.

Fransada inqilabi situasiyanın yarandığı bir məqamda rəsmi Paris etirazçıları dinləmək niyyətindən belə çox-çox uzaq görünür. Makron hakimiyyəti kütləvi repressiyalarla narazı təbəqələrə divan tutmaq variantını məqbul hesab edir. Demokratik ölkə imici ilə diktaturaya yol açan Fransa prezidenti Emmanuel Makrona da “gözün üstündə qaşın var” deyən yoxdur. Makron diktaturasının yeni bəşəri cinayətlərinə reaksiya verməyərək, Avropa Birliyi müşahidəçi mövqe sərgiləyir. Bir Avropa ölkəsində baş verənlərə, diktatranın hökm sürməsinə bu yekəlikdə beynəlxalq qurum göz yumur. Amma həmin qurum Avropa hüdudlarından kənarda olan ölkələri ən xırda məsələlərə görə qınamaqdan qətiyyən çəkinmir. Hər halda, Fransada baş verənləri görməməzliyə vuran, reaksiya belə verməyən, buna görə səsini belə çıxarmayan Avropa Birliyindən də bundan sonra ədalət gözləmək sadəlövhlükdən başqa bir şey hesab oluna bilməz.

Özünü ermənidən betər erməni kimi aparan, erməni xalqının təəssübkeşi sifətində əldən-ayaqdan gedən Fransa prezidenti Emmanuel Makron öz ölkəsinin vətəndaşlarının hüquq və təhlükəsizliyi barədə qətiyyən düşünmür. O, əli silahlı erməni terrorçulara verdiyi dəstək qədər fransızlara dəstək vermir, əksinə, Fransada ölkə vətəndaşlarının hüquqları kobud şəkildə pozulur. Fransa polisi ölkə əhalisinə qarşı ifrat dərəcədə zorakılıq tətbiq edir. Təsadüfi deyil ki, hətta Fransa polisinin zorakılığına görə həyatını itirənlər də olur. Bunun adını Makron demokratiya qoymaq istəyirsə, bərk yanılır. Çünki bu, diktaturadır. Yox, əgər Fransa prezidenti öz ölkəsində demokratiya ilə diktaturanı bir arada, bir müstəvidə təqdim etmək istəyirsə, heç olmasa buna “demokratik diktatura” adı versin.

Əsl savaş poliqonuna çevrilən Fransada prezident Makronun tükü də tərpənmir. Əvvəla ona görə ki, kütləvi etiraz aksiyaları keçirən silahsız insanların üstünə jandarma korpusunu və hərbi personalını çox rahatlıqla göndərir və etiraz edən fransızların səsini güc yolu ilə kəsə bilir. Daha dərindən təsvir etmək üçün qeyd edək ki, Fransada Makron diktaturası öz ölkəsinin əhalisinə qarşı hərbi əməliyyatlara başlayaraq, savaş açmış olduğunu belə bəyan etsə, buna heç kim təəccüblənməyəcək. Çünki onun bu vaxta qədər etirazçılara qarşı etdikləri elə həmin o savaşın elementləridir. Digər tərəfdən də ona görə heç kimdə təəccüb doğurmayacaq ki, Fransa prezidentinin etdiklərinə Avropa Birliyi də nə bir etiraz bildirir, nə də ümumiyyətlə, heç qarışmır. Bütün bunların fonunda da Makron diktaturası başqa ölkələrə münasibətdə tez-tez pafosla dilə gətirdiyi demokratiya, insan haqları kimi dəyərləri ümumiyyətlə, heç xatırlamır və bu dəyərlər sən demə Fransa üçün qətiyyən lazım da deyilmiş.

"İnqilab sifarişlə, kiminsə əmri ilə baş vermir, onu xalq edir", deyə 2020-ci ildə Livan əhalisinə xitab edən prezident Emmanuel Makron nədənsə öz ölkəsində baş qaldıran etirazlar zamanı sözünü dəyişməli oldu. "Bu etirazlar hüquqi və leqal deyil, heç kimin xalqın seçdiyi hökumətə qiyam qaldırmaq haqqı yoxdur" bəyanatı ilə son zamanlar yadda qalan Makron diktator olduğunu öz fikirləri ilə bir daha təsdiqləmiş oldu. Sözsüz ki, Emmmanuel Makronun öz ölkəsi ilə bağlı mövqeyi və Livan əhalisinə xitabən dedikləri arasında kəskin paradoks var. Əgər, demokratiya varsa, hər yerdə eyni məzmun daşımalıdır. Xalqın hakimiyyətə etiraz etmək, inqilabi proseslər başlatmaq hüququ mövcuddursa, bu, ölkələrə görə dəyişə bilməz. Yəni, başqa ölkələrdə demokratik etiraz hüququ sayılan kütləvi aksiyalar, Fransada dövlətə qarşı qiyam kimi izah edilməməlidir. Belə görünür ki, indi prezident Emmanuel Makron belə fərqli dəyərləndirmə ilə Fransada əsl diktatura qurduğunu çəkinmədən belə təsdiqləyir, çünki bir növ, etriaf edir.

Korsikanın yeni müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvünün və tərəfdarının yanvarın 30-da Korsikanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, özünün iki fəalının polis tərəfindən həbs edilməsinə qarşı etirazını bildirməsi barədə "Corse Matin" nəşri yazıb. Nəşr bu yazını "Nazione" hərəkatının göndərdiyi press-relizə əsasən hazırlayıb. “Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq və qapılar sındırılıb, evlər dağıdılıb, atalarını uşaqlarının gözü qarşısında yerə yıxaraq saxlayıblar”, deyə press-relizdə qeyd edildiyi bildirilir. Həmçinin, "Patriotti"nin Facebook səhifəsində polisin fəallardan birinin evinə vəhşicəsinə daxil olaraq qapıları sındırdığını nümayiş etdirən fotolar yerləşdirilib. "Corse Matin" nəşri yazır ki, "Naziona" hərəkatımızın Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. “Nazione” təxribatlara cavab verəcək!" Maraqlıdır, Emmanuel Makron buna demokratiya deyir? Onun başa düşdüyü demokratiya budurmu?

Prezident Makron bunun adını nə qoyur-qoysun, sadalananlar demokratiya deyil, diktatura nümunələridir. Çünki rəsmi Parisin kütləvi etiraz aksiyalarına qarşı repressiyaya başlaması Fransada demokratiyanın mövcud olmadığını, əksinə, diktaturanın olduğunu sübut edir. Makron diktaturası kütləvi həbslərə əl atmaq əvəzinə aksiyaçıların tələblərini dinləyib, onların problemlərini həll etməyə çalışsaydı buna diktatura yanaşması kimi baxılmazdı. Amma görürük ki, rəsmi Paris aksiyaçıların tələblərinə əhəmiyyət vermək niyyətində deyil. Başqa ölkələrə təzyiq vasitəsi kimi Makronun istifadə etdiyi demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlər Fransanın özündə mövcud deyil. Bu isə o deməkdir ki, deməli, mövcud olan diktaturadır.

Sual oluna bilər ki, Avropanın düz ortasında, eləcə də avropalıların ali dəyərlərdən daha çox dəm vurduğu bir ölkədə baş verənlərə, insanların hüquq və azadlıqlarının pozulmasına Makron hansı üzlə demokratiya deyir və görəsən bu demokratiyanı o necə təsəvvür edir? Bir tərəfdən demokratik dəyərlərdən dəm vurulur, digər tərəfdən də Fransa polisi dinc şəkildə etiraz edən insanlara qarşı güc tətbiq edərək, onları həbs edərək, haqlarını əllərindən alır. Bununla da Fransa hökuməti demokratik dəyərləri ümumiyyətlə, ayaqlar altına atır. Anqlo-saksonlara qarşı edilənlərə, ardınca da Korsikanın yeni müstəqillik hərəkatı liderlərinin həbsinə, onlara qarşı vəhşiliklərə nə ad qoyaq? Yaxud, Makronun dəm vurduğu demokratiya adını necə qoyaq? Axı buna qətiyyən demokratiya demək olmaz və əgər Emmanuel Makron çox israr etmiş olarsa, dirəşmiş olarsa, Fransadakı mövcud vəziyyətə gülünc də səslənsə belə, uzaq başı “demokratik diktatura” demək olar ki, bundan həmin ölkə hakimiyyəti də, həmin ölkənin prezidenti də lazımi nəticə çıxarmış olsun.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə